waplog

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “İnternet və insan hüquqları” mövzusunda tədbir keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) “İnternet və insan hüquqları” mövzusunda tədbir keçirilib. “Aztelekom” İB, “Azərpoçt” MMC, “Azərkosmos” ASC, BTRİB, “Teleradio” İB, DRİ, BƏHM, MHM-in nümayəndələrinin iştirak etdiyi tədbirdə nazirliyin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov görüşün məqsədindən söz açaraq, prezidentin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında ölkədə “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən silsilə tədbirlərdən biri olduğunu vurğulayıb. İnsan hüquqlarının qorunmasının müasir dünyada aktual məsələlər sırasında yer aldığını diqqətə çatdıran şöbə müdiri bu istiqamətdə ölkə qanunvericiliyində nəzərdə tutulan və qanunla tənzimlənən proseslərdən, eyni zamanda beynəlxalq təcrübədən danışıb.

İnternetin gündəmə gəlməsi ilə insan hüquqlarının qorunmasında yeni yanaşma zərurətinə də toxunan B.Məmmədov oflayn rejimdə olduğu kimi onlayn rejimdə də hüquqların müdafiəsinin vacibliyini önə çəkib: “Bəzən insanlarda elə hiss yaranır ki, internet mütləq, azad məkandır.

Amma internetin meydana gəlməsi ilə yeni davranış qaydaları müəyyən edilib. Ümumiyyətlə, internetdə söz, fikir azadlığı əsas müzakirə mövzusu kimi beynəlxalq forumların, beynəlxalq təşkilatların diqqətindədir. Beynəlxalq qanunvericiliyə nəzər salsaq, müxtəlif ölkələrdə internetdə təhqir cinayət əməli kimi tövsiyə olunur”.

Ölkəmizdə internet, ümumilikdə informasiya resurslarından istifadəyə əlçatanlıqla bağlı çox işlərin görüldüyünü də xatırladan RİTN rəsmisi bu istiqamətdə aparılan tədbirlərin davam etdirildiyini, eyni zamanda İKT-nin digər sahələrin inkişafında lokomotiv rol oynadığını söyləyib. Daha sonra tədbirdə hüquqların tənzimlənməsi sahəsində iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, “İnsan hüquqları günü” ölkə başçısının 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i qeyd olunur. Bununla bağlı, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikada “İnsan Hüquqları Aylığı” keçirilir.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL