EİF yaxın zamanlarda xarici tədqiqat fondları ilə əlaqələrini genişləndirməyi planlaşdırır
Prezident yanında Elmin İnkişafı Fondu (EİF) ilə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında imzalanmış əməkdaşlıq haqqında beynəlxalq sazişə əsasən, EİF tərəflər arasında razılaşdırılmış elmi prioritetlərə uyğun olaraq, 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini elan edərək keçirib.
Artıq müsabiqənin nəticələri açıqlanıb, müsabiqə üzrə 7 fundamental-tətbiqi xarakterli layihə qalib elan edilib. Fonddan bildirilib ki, Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmə həcmi 490000 manat olub. Qalib elan edilmiş layihələr fizika-riyaziyyat və texnika elmləri, həmçinin humanitar və ictimai elmlər sahələrini əhatə etməklə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda, Milli Aviasiya Akademiyasında, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda, Azərbaycan Texniki Universitetində və Bakı Slavyan Universitetində yerinə yetiriləcək.
Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yermolayeviç Paskeviç və səfirliyin əməkdaşlarının da iştirak etdiyi tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev Azərbaycan və Belarus arasında əlaqələrin davamlı əsaslarla inkişaf etdiyini, digər sahələrdə olduğu kimi, elmi əməkdaşlığın da yeni dövrün tələblərinə uyğun olaraq qurulduğunu, elmi prioritetlər nəzərə alınmaqla və tətbiqi sahələrə üstünlük verilməklə qısa müddət ərzində reallaşdırıldığını qeyd edib, EİF-in dəstəyi ilə Belarus alimlərinin elmi nailiyyətlər sərgisinin və Fondun maliyyələşdirdiyi qrant layihələri üzrə birgə Azərbaycan-Belarus elmi konfransının Azərbaycanda təşkil olunaraq keçirilməsi ideyalarını irəli sürüb. Səfir Nikolay Paskeviç Azərbaycan və Belarus alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdiriləcəyinə hər cür dəstəyin göstəriləcəyini vurğulayıb.
Tədbirdə birgə qrant müsabiqələri yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri müzakirə olunub. 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə davamlı inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərinin daha da gücləndirilməsi baxımından uğurlu olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, EİF yaxın zamanda Koreya Milli Tədqiqatlar Fondu, Rusiya Fundamental Tədqiqatlar Fondu, ABŞ-da yerləşən “Qarabağ” fondu, Almaniyanın Berlin Humboldt Universiteti, Ukrayna Milli Texniki Universiteti, Türkiyənin Erciyes Universiteti və digər qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirməyi planlaşdırır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL