waplog

Əfqanıstan hökuməti elektron idarəçilik sahəsində Azərbaycanın təcrübəsini böyük inkişaf modeli kimi görür


Azərbaycanın e-idarəçilik sahəsindəki nailiyyəti bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu, Azərbaycanın inkişaf naminə e-idarəçilik sahəsindəki potensialın istifadəsində və BMTİP ilə birgə həyata keçirilən digər layihələrdəki uğurlu təcrübəsilə bilavasitə bağlıdır.

Belə ki, bir çox inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələr Azərbaycanın uğurlu inkişaf modelini nəzərdən keçirir və onun təcrübəsindən yararlanmağı qarşılarına əsas məqsəd kimi qoyurlar. Hər zaman beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan Əfqanıstan İslam Respublikası da onlardan biridir. Əfqanıstanın inkişafına Azərbaycanın dəstəyi ən çox e-idarəçilik sahəsində özünü büruzə verir. Əfqanıstana dəstək olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən bəyanatlardan sonra Azərbaycan Əfqanıstan hökumətinin müvafiq qurumları ilə əməkdaşlığını daha da genişləndirmişdir. Əfqanıstan hökuməti informasiya və kommunikasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini dəfələrlə qeyd etmiş və Azərbaycanın e-idarəçilik sahəsində nailiyyətlərini nəzərə alaraq, BMTİP-nin Azərbaycanda və Əfqanıstanda Ölkə üzrə nümayəndəlikləri e-idarəçilik sahəsində Azərbaycanın Əfqanıstana yardım göstərməsinə dəstək olmağa dair razılığa gəlmişlər.

BMTİP tərəfindən təşkil edilmiş Əfqanıstanın dövlət rəsmilərindən ibarət yüksəksəviyyəli nümayəndə heyətinin səfəri bu istiqamətdə atılan mühüm addımlardan biridir. Əfqanıstan İslam Respublikası hökumətinin kommunikasiya və informasiya texnologiyaları naziri, cənab Əmirzai Sanginin başçılıq etdiyi 26 dövlət rəsmisindən ibarət nümayəndə heyətinin 09 – 15 iyun tarixlərində Bakıda Azərbaycanın dövlət qurumlarında, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) görüşlər keçirəcəyi nəzərdə tutulur.

Belə ki, iyunun 10-da saat 12:00-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində görüş, iyunun 11-də saat 10:00-da “Park Hyatt” otel kompleksinin “Əmirov” konfrans zalında “elektron hökumət” sahəsində Azərbaycan təcrübəsinə həsr olunmuş tədbir keçiriləcək. Baş tutacaq bu səfərin məqsədi inkişaf naminə e-idarəçilik potensialından istifadə olunmasında Azərbaycanın təcrübəsini öyrənmək və onların Əfqanıstanda tətbiqi perspektivlərini müzakirə etməkdir.

Bu tədbir BMTİP-nin Azərbaycanda və Əfqanıstanda Ölkə nümayəndəlikləri, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi / AİDA, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Əfqanıstan İslam Respublikasının Kommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunur.

Ümid olunur ki, e-idarəçilikdən səmərəli istifadəyə dair təfsilatlı müzakirələr və real nəticələrin nümayiş etdirilməsi Əfqanıstanda bir sıra oxşar, o cümlədən əfqan və azərbaycanlı mütəxəssislərin birgə işləyə biləcəyi layihələr üçün yol açacaqdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL