Emin Məmmədzadə: “Azərbaycan yaxın 7 ildə regionumuzu qabaqcıl innovasiya mərkəzinə çevirə bilər”
İnnovasiyalar, texnologiyalar qlobal iqtisadiyyatın inkişafında əsas təkanverici amil kimi mövqelərini möhkəmləndirməkdədirlər. Təsadüfi deyil ki, artıq bu gün ölkələr elm, təhsil və texnologiyaların vəhdətinə yönləndirilmiş uzunmüddətli strategiyaların icrasında maraqlıdırlar. AMEA-nın İqtisadiyyat İnstitutunun İnnovasiya menecmenti və inkişafı şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Emin Məmmədzadə ilə müsahibəmizi də elə bu mövzu üzərində davam etdirdik:
Azərbaycana gətirilən yeni texnologiya və avadanlıqlar hesabına əldə olunan nailiyyətlər
- Mütəxəssislər yaxın gələcəkdə dünya iqtisadiyyatında artımın məhz innovasiyalar hesabına baş verəcəyini proqnozlaşdırıblar. Qarşıdakı illərdə Azərbaycanda gözlənilən iqtisadi vəziyyəti necə qiymətləndirmək, proqnozlaşdırmaq olar?
- Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı dünyada maliyyə-iqtisadi böhranın hökm sürməsinə baxmayaraq ümumən, müsbət dinamikanı göstərir. Xüsusən də bu dinamikanı qeyri-neft sahəsinə aid etmək olar. Və bu nailiyyətlər, heç şübhəsiz, Azərbaycana gətirilən yeni texnologiyaların və avadanlıqların sayəsində əldə olunub. Bu da son illər ərzində sənayeləşmə siyasətinin düzgün istiqamətdə aparılmasının təzahürüdür.
Belə ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qeyd edilib ki, 2012-ci ildə qeyri-neft sənayemiz təxminən 8 faiz, kənd təsərrüfatımız isə təxminən 6 faiz artıb. Makroiqtisadi vəziyyət çox müsbətdir.
İnflyasiya cəmi 1,1 faiz səviyyəsindədir ki, bu, son illərdə ən aşağı səviyyədir. Əhalinin pul gəlirləri isə 13,8 faiz artıb. Yəni inflyasiya ilə pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu da əlbəttə, hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.
Eyni zamanda vurğulanıb ki, keçən il çox böyük sosial proqramlar icra edilib. Onların içində sovet dövründən qalmış əmanətlərə görə vətəndaşlara kompensasiyanın verilməsi təşəbbüsü var idi. Artıq dövlət tərəfindən vətəndaşlara 100 milyonlarla manat kompensasiya şəklində verilib. Bu, istər-istəməz makroiqtisadi vəziyyətə əlavə yük olub. Bununla bərabər, keçən il investisiya xərcləri rekord səviyyəyə çatıb. Rəsmi statistik məlumatlara görə, keçən il investisiyalar 22 milyard dollardan çox olub. Bunun 13 milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanın bu müsbət dinamikası qorunub saxlanacaq və hökumətimiz daha da yüksək makroiqtisadi göstəricilərə nail olacaq.
Amma qeyd etməliyəm ki, müsbət iqtisadi mənzərədə bəzi çalarlar da dəyişilsə, milli iqtisadiyyatımız daha səmərəli fəaliyyət göstərə bilər. Məsələn, Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətini qeyri-neft büdcə kəsirinin səviyyəsini, dövlət xərclərini tədricən azaltmağa çağırıb. BVF-ın Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi bu il ölkəmizdə olanda təkliflə çıxış edib: "...biz hökumətə Azərbaycanda biznes mühiti yaxşılaşdırmağı tövsiyə edirik. Özəl investisiyaların həcminin artımı hesabına hökumət dövlət xərclərinin azalmasını kompensasiya edə biləcək. Nəticədə Azərbaycan iqtisadiyyatı daha sabit və diversifikasiya olunmuş olacaq, qeyri-neft məhsullarının ixrac həcmi artacaq". Zənnimcə, bu təklif ağlabatandır və onu yaxın müddətdə gerçəkləşdirmək zəruridir.
"Sualın cavabını həmkarlarımla tapmağa cəhd etmişdik"
- Ötən il təsdiqlənən "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında əsas hədəf innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulmasıdır. Konsepsiyada yer alan məqsədlərə nail olmaq nə dərəcədə asan, eyni zamanda nə dərəcədə çətin ola bilər?
- Bu suala görə çox sağ olun. Konsepsiyanın işlənməsində bizim institutumuz da yaxından iştirak edib, həmçinin mən də bu işin fəal iştirakçılarından idim. Bu baxımdan, verdiyiniz sualın cavabını mən və həmkarlarım yaradıcılıq zamanı tapmağa cəhd etmişdik və fikrimcə, buna nail olduq. Konsepsiyada 7-ci bənd -"İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması" və 4.3 maddəsi - "Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi" innovasiya və elmi tərəqqi məsələlərinə nə qədər böyük əhəmiyyət verildiyini əyani göstərir.
Konsepsiyada, xüsusən, qeyd etdiyim 4.3. maddəsində qoyulan vəzifələrə nail olmaq məsələsinə gəlincə, hesab edirəm ki, vətənimizin yaxın 7 ildə regionumuzu qabaqcıl innovasiya mərkəzinə çevirməsinə böyük ehtimal var. Bu istiqamətdə artıq konkret addımlar atılıb və atılmaqdadır. Konsepsiyada qoyulmuş vəzifələrin bir hissəsi uğurla həyata keçirilir: Sumqayıtda innovativ texnoparkın yaradılması, innovativ elmi işləmələrin aparılmasına maliyyə dəstəyini verən Prezident yanında Elmin İnkişafı Fondunun təsis edilməsi, Dövlət Neft Şirkətinin və AMEA-nın misalında elm və istehsal arasında əlaqələrin gücləndirilməsi və s. tədbirlər konsepsiyanın planlı şəkildə həyata keçirilməsindən xəbər verir.
Ona görə də bu konsepsiyanın gerçəkləşməsində böyük problemlər görmürəm, yalnız milli innovasiya sisteminin hüquqi bazanın təkmilləşdirilməsi məsələsi hələ də təəssüf ki, aktual olaraq qalır. Məsələn, respublika qanunvericiliyi hələ də "Elm haqqında" və "Vençur şirkətləri haqqında" qanunları özündə təcəssüm edə bilməyib.
Texnoparkda "biznes" inkubatorları və elmi tədqiqat mərkəzlərinin formalaşması böyük əhəmiyyət kəsb edəcək
-Yeri gəlmişkən, hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı"nın qurulması üzərində də işlər aparılır. Elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrinin genişləndirilməsi baxımından, parkın strategiyasında hansı fəaliyyət istiqamətlərinin əks olunmasını əhəmiyyətli hesab edirsiniz?
-"Yüksək Texnologiyalar Parkı"nın mühüm vəzifəsi İKT sahəsi üzrə istehsal və elm arasında körpünün yaradılmasıdır. Bundan irəli gələn strategiyanın istiqamətləri də müəyyən olunmalıdır. Həmçinin, YTP biliklər iqtisadiyyatının təşkilinə, milli innovativ sistemin inkişafına, milli istehsal və xidmət sahələri və xüsusilə İKT müəssisələrinin rəqabətqabiliyyətliyinin artırılması, intellektual və vençur biznesin dəstəklənməsi, yerli istehsalı olan məhsulların beynəlxalq bazarlarında layiqli təqdim olunması, idxal olunan məhsulların milli məhsulların hesabına təmin olunması, xarici investorların cəlb edilməsinə, sahibkar subyektləri, xüsusən də kiçik biznesin nümayəndələri üçün menecment və konsaltinq xidmətinin yaradılmasına və insan kapitalının inkişafına yönəlməlidir. Eyni zamanda texnoparkda "biznes" inkubatorları və elmi tədqiqat mərkəzlərinin formalaşması böyük əhəmiyyət kəsb edir. Ən azı ona görə ki, bu mərkəzlər vasitəsilə yüksək texnologiyaların, həmçinin nanotexnologiyaların yaradılması gerçəkləşə bilər.
Robotlar insanları əvəz etməklə sosial gərginlik yarada bilər
- Məlumdur ki, texnologiyaların yayılması müsbət tərəfi ilə yanaşı, mənfi yüklü iqtisadi prosesləri də qaçılmaz edir. Bu mənfi təzahürləri hansı qabaqlayıcı tədbirlərlə aradan qaldırmaq mümkündür?
- Qabaqlayıcı tədbirlərdən danışmazdan əvvəl elmi texniki və yüksək texnologiyaların gerçək və ehtimal olunan nəticələri barədə demək istəyərdim. Zənnimcə, müasir zamanda elmi texniki inkişafın əsas mənfi nəticələri iqtisadiyyata yox (hərçənd robotlar insanları əvəz etməklə sosial gərginliyi yarada bilər), daha qlobal şəkildə ekoloji vəziyyətə və ekoloji təhlükəsizliyə təsir edir.
Bu inkişafın mənfi nəticələri kimi texnogen faciələr (Çernobıl qəzası, Meksika körfəzində tankerin batması nəticəsində fauna və floraya ölümcül təsir edən neft ləkəsinin yaradılması və s.); şirin suyun çirklənməsi; ozon qatının dağılması; qlobal isinmə və nəticə kimi "Parnik" effekti; atmosferin çirklənməsi; turşu yağışların əmələ gəlməsi və meşələrin, biçim torpaqlarının məhvi; səhraların artması; demoqrafik və genetik problemlər çıxış edir. Bu siyahını davam etmək olar.
Texnologiyaların mənfi təzahürlərinə qarşı Ekologiya kodeksi təklifi
- Amma bunların və ümumiyyətlə, insan fəaliyyətinin ətraf mühitə və bəşəriyyətə mənfi təsirini neytrallaşdırmaq üçün kompleks tədbirlər görülməlidir. Bildiyiniz kimi, prezident tərəfindən 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan olunmuşdu. Bu il isə "İKT ili"dir. Bu, onun göstəricisidir ki, Azərbaycanda həm aparıcı texnologiyalara, həm ekoloji məsələlərə mühüm yer ayrılır. Hər ikisi, xalqın və ümumiyyətlə, bəşəriyyətin inkişafı üçün təməlqoyucu şərt kimi çıxış edir.
Amma, zənnimcə, elmi texniki inkişafın və yeni texnologiyaların tətbiqinin mənfi təsiri daima olacaq. Məqsəd isə bu təsirin gücünü minimuma endirməkdir. Hesab edirəm ki, məsələnin həllini tək inzibati-idarəetmə və hüquqi tədbirlərində yox, insanların düşüncə tərzində də axtarmaq lazımdır. Yəni hər kəs elmin verdiyi məhsulları sosial təhlükəsizlik baxımından istehlak etməlidir.
Ümumiyyətlə, yeni texnologiyaların mənfi tərəflərinin tənzimlənməsi üçün hökumətimiz tərəfindən xüsusi normativ baza yaradılsaydı, ümumi işin xeyrinə olardı. Məsələn, Ekologiya kodeksini tərtib etmək olardı.
Elektron xidmətlərin bütün iqtisadi sahələrə yayılması daha da intensivləşəcək
- Sizin fikrinizcə, ölkəmizdə "İKT ili"nin elan edilməsi ümumilikdə İKT sektorunun inkişafına hansı təsiri göstərəcək? Bu il çərçivəsində hansı tədbirlərin həyata keçirilməsini daha məqsədəuyğun sayırsınız?
- Təbii ki, "İKT ili"nin elan edilməsi İKT sektorunun inkişafına böyük təkan verəcək. İlk növbədə, internet xidmətlərin keyfiyyətinə və mobil operatorların fəaliyyətində bunun təsiri, zənnimcə, daha aydın hiss olunacaq. Bundan başqa, "Elektron hökumət" layihəsi, elektron xidmətlərin bütün iqtisadi sahələrə yayılması daha da intensivləşəcək.
Hesab edirəm ki, internet xidmətlərinin tarifləri bir qədər də aşağı salınsa, məqsədəuyğun olardı. Təbii ki, bu sırada mobil operatorların tarifləri və "bir nömrə" prinsipinin gerçəkləşməsi daha da sürətlənməlidir.
Sosial məsələləri həll edən strukturlarda onlayn xidmətlərin artırılmasına tələbat var
- Azərbaycanın növbəti illər üçün məqsəd və hədəflərinə ölkənin regionda İKT xidmətləri mərkəzinə çevrilməsi də daxildir. Bu məqsədə aparan yolu necə "qısaltmaq" olar?
- Məqsədə çatmaq üçün bir neçə istiqamətdə iş aparmaq zəruridir. İlk növbədə, kompüterləşmə və kompüter biliklərinin tədrisi daha geniş ərazilərimizi əhatə etməlidir. Xüsusən yüksək keyfiyyətli internet, "3G" texnologiyalarını respublikamızın hər bölgəsinə, ucqar kəndinə qədər çatdırmaq lazımdır.
Digər tərəfdən, dövlət qurumları, xüsusi olaraq, sosial məsələləri həll edən strukturlarda onlayn xidmətlərin artırılmasına tələbat var. Bu istiqamətdə də tədbirlər sürətlənməlidir. Son zamanlarda ölkəmizdə İKT sahəsi əhəmiyyətli dərəcədə inkişaf etsə də, etiraf etməliyik ki, internet ticarət, ümumiyyətlə, internet biznesi zəif inkişaf edib. Hətta qonşu Rusiyada bu göstərici dəfələrlə çoxdur. Odur ki, regionumuzda İKT lideri olmaq istəyiriksə, bu və digər məsələlərin həllinə xüsusi diqqət yetirməliyik.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL