waplog

Mobil telefon vasitəsilə reanimasiyada olan ürək-damar sistemi xəstələri müalicə olunacaq


AMEA-nın Kibernetika İnstitutunun elmi-tədqiqat layihələrindən biri olan mobil telefon vasitəsilə insanın ürək-damar sistemi xəstəliklərinin gizli dövrünün və onun dinamikasının monitorinqinin aparılması üzrə işlər davam etdirilir.

AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev "ICTnews" elektron xəbər xidmətinə bildirib ki, bununla bağlı Berlində ingilis dilində monoqrafiya çap edilib və artıq satışa buraxılıb: "Hazırda kitab dünyada satılır və oxunulur. Eyni zamanda əldə etdiyimiz nəticələri telefon şirkətlərinə də göndərmişik. Maraq göstərirlər. Ötən ay "Nokia" şirkətinin nümayəndəsi bununla bağlı gəlmişdi. Həmin şəxs şirkətin distribüteri idi və görüşdə şirkət rəhbərliyi ilə görüşəcəyini dedi".

Şirkət rəhbərliyi tərəfindən keçirilən müzakirələrin nəticəsi müsbət olarsa, o zaman institut tədqiqat işlərini "Nokia" şirkəti ilə birgə davam etdirəcək:

"Fikirləşirəm ki, hazırda telefon şirkətləri bizim tədqiqat nəticələrini analiz edirlər. Yəni bu, qısa zaman ərzində dərk ediləcək proses deyil və ətraflı analizlərin, təhlillərin aparılmasına ehtiyac var. Bu, sadə texnologiya deyil. Bu texnologiyanı onlar başa düşməlidirlər, sınaqdan keçirməlidirlər". Hələlik isə Kibernetika İnstitutu artıq layihənin növbəti mərhələsinin icrası üzərində işləyir: "Ümumiyyətlə, belə qərara gəlmişik ki, bunu ilk dəfə reanimasiya xəstələri üçün tətbiq edək. Bu test tətbiqinin nə qədər uğurlu nəticələr verəcəyi araşdırılacaq. Amma biz bunu ilk dəfə noutbukda həyata keçirəcəyik. Yəni noutbuk bizim üçün mobil telefon deməkdir. Sonra prosesi noutbukdan telefona keçirəcəyik. Artıq bu işlərə başlamışıq. Düşünürəm ki, müəyyən zaman keçdikdən sonra bu texnologiya bütün mobil telefonlarda olacaq".

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL