waplog

MND - Telefon nömrəsini dəyişmədən mobil rabitə təchizatçısını dəyişmək imkanı


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mobil rabitə bazarında rəqabətyönümlü siyasəti nəticəsində Mobil Nömrə Daşınması (MND) prosesi Azərbaycanda tezliklə reallaşacaq. MND-nin tətbiqindən sonra abunəçilər artıq öz köhnə nömrələrini saxlamaq üçün hər hansı bir operatorun xidmətlərindən istifadə etmək məcburiyyətində qalmayacaqlar və öz nömrələrini (operatorun kodu ilə birgə istənilən operatorun şəbəkəsinə daşıyıb bazarda ən sərfəli tariflər və təklifləri seçmək imkanı əldə edəcəklər.

Ekspertlərin fikrincə, MND ölkənin telekommunikasiya bazarında yeni inkişaf mərhələsinə qədəm qoyulmasına xidmət edəcək. MND telefon nömrəsini dəyişmədən mobil rabitə operatorunu dəyişmək imkanı deməkdir; bu yolla müştərilər öz mobil nömrələrini saxlamaqla bir mobil operatordan digərinə keçmək imkanı qazanacaqlar.

MND müştərilərə keyfiyyətli və əlverişli xidmətlərin göstərilməsi sahəsində operatorlar arasında yeni rəqabət dalğasının yaranmasına təkan verəcək. Abunəçilərin öz operatorlarını dəyişmələrinin əsas səbəbi daha yaxşı təklif axtarışıdır. Onların öz abunə nömrələrini dəyişdirmək istəməmələrinin isə müxtəlif səbəbləri var. Abunəçilərin böyük bir qrupu müəyyən operatorun xidmətlərindən yalnız ona görə istifadə edirlər ki, hər kəs onları uzun müddət ərzində bu nömrənin sahibi kimi tanıyıb və nömrənin dəyişməsi onların bəziləri ilə əlaqələrinin itməsinə səbəb ola bilər. MND-nin tətbiqi ilə bu problem tamamilə aradan qalxacaq.

Nömrə daşınması abunəçinin nömrəsinin operatorun prefiksi ilə (050,051, 055, 070 və 077) birgə tam miqrasiya oluna bilməsi deməkdir. MND xidmətinin təqdim edilməsi müştərilərə operatoru dəyişdirdikdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək ki, bu da onları öz yaxınlarına və iş ortaqlarına nömrə dəyişikliyi barədə xəbər vermək zərurətindən azad edəcək. MND xidməti seçim sərbəstliyini təmin edir və əsasən istehlakçıların ehtiyaclarına yönəldilib. Bunun əsas aspektlərindən biri də odur ki, xidmət hər üç operator tərəfindən eyni vaxtda göstərilməyə başlanılacaq.

Mobil rabitə xidmətləri bazarının iştirakçıları razılaşırlar ki, MND-nin tətbiqi müştərilərin maraqlarına xidmət etməlidir. Dünya təcrübəsi göstərir ki, bir qayda olaraq, MND-yə start verildikdən sonra abunəçilərin kütləvi gedişi baş vermir və xidmət abunəçilərin təxminən 20 faizi tərəfindən istifadə olunur. “Bu xidmətin tətbiqi, şübhəsiz, o operatorların ürəyincə deyil ki, onlar öz abunəçi bazasının müəyyən bir hissəsini itirməkdən qorxurlar. Lakin biz əminik ki, bu xidmət müştərilərin maraqlarına xidmət edəcək və şirkət olaraq bizim üçün də kifayət qədər faydalı olacaq”,- deyə “Bakcell”in baş texniki direktoru Yigit Berktaş bildirir.

Azərbaycanın mobil rabitə şəbəkələrində MND-nin tətbiqinə dair müzakirələr 2008-ci ildən başlayaraq aparılır. “Bakcell” 2012-ci ilin əvvəlində şəbəkədaxili zənglər üçün nömrənin əvvəlinə 055 prefiksini qoymaqla və yeni 10 rəqəmli yığım formatına keçməklə MND-nin tətbiqinə hazırlıq işlərini həyata keçirməyə başlayan ilk şirkət oldu.

“Bakcell” əmindir ki, MND-yə start verilməsi Azərbaycanın mobil rabitə bazarında rəqabətliliyi artıracaq. “Bakcell”in baş icraçı direktoru Riçard Şirerin sözlərinə görə, “Bakcell” şəbəkəsi texniki nöqteyi-nəzərdən MND-ni həyata keçirməyə hazırdır və bütün daxili sınaqlar uğurla həyata keçirilib: “Digər bazarların təcrübəsi aydın şəkildə göstərir ki, abunəçilərin daha geniş seçim imkanları ilə təmin edilməsi daha böyük rəqabətə və müştəri bazasının artmasına səbəb olur. MND-nin tətbiqindən sonra biz, köhnə nömrələrinin “əsir”inə çevrilmiş çoxlu sayda abunəçinin “Bakcell”in xidmətlərindən istifadə edəcəyini düşünürük.

Müştərilər arasında keçirilən sorğularda bizim “2G” şəbəkəmiz, xüsusilə də yüksəksürətli “Sür@ 3G” şəbəkəmiz daim ən üst sıralarda yer alıb. “Bakcell” MND-nin tətbiqindən qazanan bir şirkət olacaq və bununla da öz bazar mövqeyini daha da gücləndirəcək”.

Dünyada ilk dəfə MND xidmətinin göstərilməsinə 1997-ci ildə Cənub-Şərqi Asiyanın telekommunikasiya bazarında başlanıb, sonra isə bu təcrübə Niderland, Böyük Britaniya və digər ölkələr tərəfindən mənimsənilib. 2003-cü ildən başlayaraq Avropa İttifaqının hər bir üzv dövləti öz qanunvericiliyində MND-yə tərəfdar çıxmalıdır. MND xidməti göstərilən ölkələrin təcrübəsi göstərir ki, bu xidmət tədricən, mərhələlərlə həyata keçirilir və tələbatdan asılı olaraq bu proses 2-3 il çəkə bilər.

“Mobil nömrə daşınması mobil rabitə operatorları arasında rəqabəti əhəmiyyətli dərəcədə artırır. Belə ki, abunəçilər indi müxtəlif operatorlar arasında onların dəyişən ehtiyaclarına ən çox cavab verən xidməti sərbəst şəkildə seçmək imkanına malikdirlər. MND, abunəçilərə öz mobil rabitə xidməti operatorunu dəyişdirmək imkanı verir ki, bu da onların mənafeyinə xidmət edir”- deyə, dünyada ən uğurlu rabitə xidmətlərindən biri kimi qəbul edilən Avstraliya MND xidmətinin işlənib hazırlanmasında və həyata keçirilməsində bilavasitə iştirak etmiş “Whitesmiths” (Sidney, Avstraliya) proqram təminatı şirkətinin icraçı direktoru Con O'Brien bildirir.

Onun sözlərinə görə, nömrə daşınmasının təqdim edilməsindən sonra abunəçilər yığılıb qalmış ehtiyaclarını ödəməkdən ötrü kütləvi şəkildə operatorları dəyişməyə başlayıblar. Con O'Brien deyib ki, nömrə daşınması xidmətinin həyata keçirilməsinə başlanandan sonrakı altı ay ərzində müştərilərin daşıyıcılar arasındakı miqrasiyası sabitləşib. On ildən çoxdur ki, Avstraliyada abunəçilər əvvəllər hansı mobil operatorun müştərisi olmalarından asılı olmayaraq, onlara edilən ən yaxşı təklifi seçməkdə sərbəstdirlər.

MND, Avstraliyada həm mövcud, həm də yeni abunəçilərə yeni məhsul təkliflərinin işlənib hazırlanmasında bütün mobil rabitə operatorları üçün katalizator rolu oynayıb. Azərbaycanda mobil nömrə daşınması xidmətlərinin göstərilməsinə yaxın günlərdə başlanılacağı gözlənilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL