Sentyabrdan Azərbaycanda “Emerald” elektron bazasına giriş mümkün olacaq
AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edən "Emerald Group" nəşriyyatının nümayəndələri - Türkiyə və Mərkəzi Asiya üzrə biznes-menecer Mine Tonta və Yaxın Şərq, Cənubi Afrika və Mərkəzi Asiya üzrə regional menecer Cordi Karalt ilə aparılan danışıqlar nəticəsində əldə olunmuş əməkdaşlıq razılaşmasına görə, bu ilin sentyabr ayından etibarən MEK haqqında məlumat verilən jurnalların tam mətninə internet vasitəsilə giriş hüququ əldə ediləcək.
AMEA elmi-tədqiqat institutlarının informasiya təminatının həyata keçirilməsi baxımından ciddi əhəmiyyət kəsb edən "Emerald" elektron bazasına girişin əldə olunması Mərkəzi Elmi Kitabxanada və digər kitabxanalarda çalışan kitabxanaçı kadrların da ixtisaslaşdırılmış məlumatlara əlyetərliyini təmin edəcək. Belə ki, "Emerald" elektron bazasında kitabxanaşünaslıq və biblioqrafiyaşünaslığın müasir problemlərinə həsr olunmuş, yüksək təsir əmsalına malik nüfuzlu jurnallar da yer alır.
"Emerald Group" nəşriyyatının nümayəndələri ilə əldə olunmuş digər bir razılaşmaya əsasən, bu ilin oktyabr ayında Mərkəzi Elmi Kitabxana ilə birlikdə kitabxanaların gələcək inkişaf tendensiyalarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə AMEA MEK-in direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli "Azərbaycan" qəzetində dərs olunan məqaləsində bildirib. MEK direktorunun sözlərinə görə, prezidentin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nda kitabxanaların beynəlxalq əlaqələrinin inkişafı və beynəlxalq tədbirlərin təşkili prioritet istiqamət kimi müəyyənləşdirilib:
"Bu mənada, milli və beynəlxalq informasiya mühitinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan kitabxanalarının üzərinə bir sıra vəzifələr düşür. Mərkəzi Elmi Kitabxana respublikanın baş elmi kitabxanası kimi bu vəzifələrin yerinə yetirilməsi sahəsində qabaqcıl müəssisələrdən biri kimi əlaqələrini daim genişləndirir və yeni əməkdaşlıq imkanları qazanır. 1959-cu ildən müstəqil şəkildə beynəlxalq ədəbiyyat mübadiləsi aparmaq hüququ qazanmış Mərkəzi Elmi Kitabxana hazırda 70 ölkənin 1000-ə yaxın elm və təhsil müəssisəsi ilə ədəbiyyat və təcrübə mübadiləsini həyata keçirir.
Elmi tədqiqatların daha dolğun və effektli informasiya təminatını həyata keçirmək məqsədilə kitabxana xarici elmi indeksləşdirmə və məlumat bazaları, nəşriyyat və informasiya mərkəzləri ilə sıx əməkdaşlıq edir. Mərkəzi Elmi Kitabxananın əməkdaşlıq etdiyi təşkilatların sırasına Böyük Britaniyanın nüfuzlu "Emerald Group" nəşriyyatı da əlavə olunub". "Emerald Group" nəşriyyatı 1967-ci ildə Bredford Universitetinin (Böyük Britaniya) şöbəsi kimi yaradılıb. İlk vaxtlarda idarəetmə, marketinq və informatika sahəsində elmi və ixtisaslaşdırılmış ədəbiyyatın nəşrini həyata keçirən şöbə sonradan dünyada elmi jurnalların nəşri üzrə tanınmış böyük holdinqə çevrilib.
Hazırda "Emerald Group" nəşriyyatının eyniadlı elektron məlumat bazasında 300 elmi jurnalın tam mətni "PDF" və "HTML" formasında oxuculara təqdim olunur. Bu jurnallar kitabxanaşünaslıq, idarəetmə, marketinq, təhsil, mühəndislik, maliyyə və iqtisadiyyat, tibb, ekologiya, informatika, kibernetika və s. elm sahələrini əhatə edir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL