BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti: “Azərbaycan enerji və informasiya texnologiyaları sahəsində ciddi uğurlara imza atıb”
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 67-ci sessiyasının prezidenti Vuk Yeremiçin Azərbaycan Respublikasına səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Vuk Yeremiç nazir Əli Abbasovla görüşüb.
Görüşdə 2013-cü ilin Azərbaycanda “İKT ili” elan edildiyini diqqətə çatdıran nazir ölkədə bu sahədə qazanılan uğurlar, əldə olunan nailiyyətlərdən söz açaraq, İKT sahəsində həyata keçirilən milli və regional layihələrdən danışıb.
Ölkəmizin bu gün iki böyük transmilli layihə - BMT-nin Baş Assambleyasının qətnaməsi ilə 2012-ci ildə növbəti dəfə siyasi dəstək alan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) üzrə koordinator, artıq istismarına başlanılan “Europe Persia Express Gateway (EPEG)” layihəsində isə əsas təşəbbüskar və iştirakçılardan olduğunu da vurğulayan nazir Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace”in artıq ixrac xidmətlərinə başladığını, ölkədə İKT sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı”, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF), İnformasiya Texnologiyaları Universitetinin yaradılması üzərində işlərin aparıldığını deyib.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 67-ci sessiyasının prezidenti Vuk Yeremiç Azərbaycanın BMT ilə əməkdaşlığının daha da genişlənməkdə olduğunu xüsusi qeyd edib.
BMT-də davamlı inkişafa dair müzakirələrdə enerji və informasiya texnologiyaları istiqamətlərinin əsas müzakirə mövzusu olduğuna da diqqət edən Vuk Yeremiç respublikamızın əldə etdiyi nailiyyətləri ilə tanış olduğunu xatırladaraq, Azərbaycanın hər iki sektorda ciddi uğurlara imza atdığını bildirib.
Görüşdə eyni zamanda, İKT sahəsində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ilə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə edilib, xüsusilə TASİM layihəsinin önəmi vurğulanaraq, BMT tərəfindən layihəyə göstərilən dəstək yüksək qiymətləndirilib, həmçinin bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL