waplog

ABŞ-ın “Rəqəmsal Enerji və Əməliyyatlar Texnologiyaları” şirkətinin nümayəndələri Bakıda mütəxəssis hazırlayır


Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) “Enerji sistemlərinin dizayn proqramı” mövzusunda treninq-seminar keçirilib. "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, tədbirin əsas məqsədi ABŞ-ın “Rəqəmsal Enerji və Əməliyyatlar Texnologiyaları” (“General Electric”) və “Əməliyyat Texnologiyası” şirkətlərinin (ETAP), bu qurumların Azərbaycan üzrə regional nümayəndəsi olan “Araz Energy” şirkətinin təşəbbüsü ilə AzTU-da yaradılan enerji sistemlərinin analizi laboratoriyasını işlədə biləcək mütəxəssislərin hazırlanmasıdır.

“Araz Energy” şirkətinin prezidenti Səid Şuarinejat treninq-seminarda energetika sahəsində müasir proseslərdən bəhs edib, enerji sistemlərinin təhlilində, optimallaşdırılmasında yeni yanaşmaları diqqətə çatdırmış, sualları cavablandırıb.

Sonra AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mustafa Babanlı universitetdə yaradılan laboratoriya haqqında danışaraq bildirib ki, sözügedən analiz mərkəzi respublikamız üçün böyük əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, bu laboratoriya avtomatika, müdafiə, idarəetmə, SCADA və idarəetmə sistemlərinin qurulması sahələri üzrə görülən işlərə, kommunal xidmətlərdə, sənaye müəssisələrində, yüksək sıxlıqlı yaşayış sahələrində texniki problemlər baş verdikdə, onların tez bir zamanda aradan qaldırılmasına kömək edəcəkdir.

Qabaqcıl mühafizə sistemlərini optimallaşdırmağa şərait yaradan bu sistem, ən müasir laboratoriya avadanlığı və xüsusi proqramlar formasında “General Electric” və “ETAP” şirkətləri tərəfindən cari ilin əvvəlində AzTU-ya hədiyyə edilmişdir.

Burada əlavə laboratoriyada alqoritmlər, konfiqurasiyalar və ən müasir yarımstansiya avtomatlaşdırma sistemləri yerləşdirilmişdir. Bu laboratoriya ölkəmizlə yanaşı, hətta regionun da enerji sistemlərini analiz etməyə imkan verir.

Treninqlə bağlı AzTU-nun professor-müəllim heyətindən ibarət 6 nəfərlik qrup yaradıldığını və “General Electric” və “ETAP” şirkətlərinin mütəxəssisləri tərəfindən onlara seminarların keçirildiyini vurğulayan M.Babanlının sözlərinə görə, məqsədləri sözügedən heyətin sertifikatla təmin edildikdən sonra özlərinin laboratoriyada mütəxəssis yetişdirə bilmələrinə nail olmaqdır:

"Treninq-seminarlara cari il aprelin 1-dən başlanılmışdır və zənnimcə, sentyabr-oktyabr aylarında öz mütəxəssislərimiz dərs deməyə hazır olacaqlar. Universitetimizdə quraşdırılan laboratoriyadan hərtərəfli istifadə edə biləcək mütəxəssislər hazırlananadək treninq-seminarlar mütəmadi davam edəcəkdir. Tələbələrimiz, magistrlərimiz, mühəndislərimiz treninq-seminarlarda energetika sahəsinin diaqnostikası, nəzarət metodlarının yaxşılaşdırılması, elektrik paylayıcı sistemlərə nəzarət kimi funksiyaları ən müasir səviyyədə öyrənərək, sertifikatla təmin ediləcəklər".

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL