waplog

“İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi” 2014-cü ildə Los-Ancelesdə keçiriləcək


Azərbaycan məktəblilərinin də hər il qatıldığı "İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi" 2014-cü ildə 11-16 may tarixlərində ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən "İntel İSEF"-dən qeyd edilib ki, 13-18 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində yuxarı sinif şagirdləri üçün 64-cü "Intel International Science and Engineering Fair (İntel İSEF) - Beynəlxalq Elm və Mühəndislik Sərgisi" keçirilib. Sərgidə ölkəmizi "Sabahın alimləri" II Respublika müsabiqəsinin qalibləri sırasından seçilmiş 5 şagird, o cümlədən Bakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Elnur Əliyev və Suad Baxşıyev, Bakı Dövlət Universitetinin nəzdindəki Gənc İstedadlar liseyinin şagirdləri Nuru Nurdil, Mustafa Hacıyev və Vəfa Tağıyeva təmsil ediblər:

"Finalda şagirdlərin layihələri beynəlxalq jüri tərəfindən qiymətləndirilib. Həmin şagirdlərin beynəlxalq sərgidə nümayiş etdirdikləri 3 tədqiqat layihəsi və çıxışları beynəlxalq jürinin və həmyaşıdlarının marağına səbəb olub və onların rəğbətini qazanıb. Jürinin tərkibinə hər il olduğu kimi, "Nobel" mükafatı laureatları, müxtəlif elm sahələrini və ölkələri təmsil edən alimlər daxil edilib. Bizim ölkəmiz beynəlxalq jüridə ilk dəfə olaraq təmsil olunub. Azərbaycanlı alim, ASAIF və CES-in həmtəsisçisi Rüfət Əzizov "İntel İSEF"-in jüri heyətinə dəvət alıb və final mərhələdə layihələrin qiymətləndirilməsində iştirak edib".

"İntel İSEF"-in final mərhələsinə dünyanın 72 ölkəsində keçirilmiş 433 müsabiqə tərəfindən seçilən 1600-ə yaxın şagird qatılıb. MDB dövlətlərini Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Rusiya və Ukraynada keçirilmiş 12 regional müsabiqələr tərəfindən seçilən 49 şagird təmsil edib.

Qeyd edək ki, "Intel ISEF" müsabiqəsi 1950-ci ildən başlayaraq ABŞ-ın "Society for Science and the Public" (Elm və Xalq naminə Cəmiyyət) qeyri-kommersiya təşkilatının himayəsi altında keçirilir. 1997-ci ildən etibarən "Intel" korporasiyası "ISEF"-in baş sponsoru kimi bu müsabiqəni özünün "Intel "Təhsildə novatorluq" korporativ proqramı çərçivəsində, habelə "Intel Foundation" xeyriyyə fondunun dəstəyi ilə təşkil edir.

"Intel ISEF" və digər təhsil proqramlarının köməyi ilə "Intel" korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır. Azərbaycan "İntel İSEF"-ə 2011-ci ildə qoşulub. 2013-cü ildə Azərbaycan komandası ikinci dəfə "İntel İSEF"-də iştirak edib. Beynəlxalq sərgiyə seçim "Sabahın alimləri" Respublika müsabiqəsi tərəfindən həyata keçirilir.

Müsabiqənin təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Mədəd" təşkilatıdır. "Sabahın alimləri" Respublika müsabiqəsi "İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi" çərçivəsində və onun dəstəyi ilə 2013-cü il 8-9 fevral tarixlərində təşkil olunub.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL