waplog

Koreyalı professor AMEA İTİ-də elmi məruzə ilə çıxış etdi


AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) elmi seminar keçirildi. Seminarda Koreyanın MarkAny şirkətinin direktoru, Sanq Myunq Universitetinin professoru Çoi Yonq “Şəbəkə mühitində təhlükələrlə mübarizə üçün effektiv informasiya təhlükəsizliyi texnologiyaları” adlı məruzə ilə çıxış etdi. Tədbirdə Koreyanın KOICA təşkilatının məsləhətçisi, prof. Oh Tae-donq da iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Azərbaycanla Cənubi Koreya arasında müxtəlif sferalarda, eləcə də elmi-texniki sahədə ənənəvi əməkdaşlıq əlaqələrindən söz açdı. Qeyd etdi ki, AMEA İTİ müvafiq sahədə Koreya ilə birgə həyata keçirilən layihələrdə yaxından iştirak edir və İKT sahəsində yüksək inkişaf səviyyəsinə nail olmuş Cənubi Koreyanın əldə etdiyi təcrübədən bəhrələnir.
Seminarın əhəmiyyətini vurğulayan direktor institutda informasiya texnologiyalarının təhlükəsizliyinin təmini problemlərinin elmi-nəzəri əsaslarının araşdırıldığını, dünyada bu sahədə görülən işlər və əldə edilən təcrübənin öyrənildiyini bildirərək, aidiyyatı dövlət qurumları ilə birgə aparılan işlərdən söhbət açdı.
Professor Çoi Yonq elektron dövlət mühitində e-sənəd dövriyyəsinin təhlükəsizliyinin təmin edilməsi, informasiya təhlükəsizliyində insan faktorunun nəzərə alınması, e-sənədin istifadəsinə müasir nəzarət və təhlükəsizlik mexanizmləri, yeni rəqəmsal müəllif hüquqları texnologiyaları, mobil texnologiyalarda informasiya təhlükəsizliyinin tətbiqi məsələlərinə toxundu. Koreyada hazırda istifadə edilən, gələcəkdə tətbiqi planlaşdırılan və Koreyanın MarkAny şirkətinin təqdim etdiyi təhlükəsizlik texnologiyaları, onların tətbiqi haqqında ətraflı məlumat verdi.
Tədbirdə kompyuter sistemləri və şəbəkələrində informasiyasının etibarlı mühafizəsi, aparat və proqram vasitələri istehsalçılarının və istifadəçilərinin diqqətinin təhlükəsizlik problemlərinə yönəldilməsi, bu sahədə təhlükəsizlik tədbirlərinin artırılması və s . məsələlər müzakirə olundu.
Müxtəlif şirkət, elmi mərkəz və laboratoriyalar tərəfindən qlobal şəbəkədə informasiyanın qorunması, onun təhlükəsizliyinin təmini, veb-saytların və kompyuterlərin hakerlərin hücumlarından, zərərli proqramlardan mühafizəsi, bədniyyətlilər tərəfindən şəbəkələrə hücumların təşkilinin, müxtəlif növ virusların fəaliyyətinin qarşısının alınması istiqamətində aparılan məqsədyönlü işlər haqda məlumat verildi.
Dövlət qurumları, təşkilat, müəssisə və şirkətlərin şəbəkəsində müxtəlif növ nasazlıqların baş verməməsi və iş fəaliyyətində fasilələrin yaranmaması üçün müxtəlif proqram məhsullarının, şəbəkə texnologiyalarının tətbiqinin zəruriliyi qeyd olundu.
Seminar alim və mütəxəssislər tərəfindən böyük maraqla qarşılandı. Suallar cavablandırıldı, müzakirələr aparıldı, rəy və təkliflər bildirildi.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL