waplog

Kənd poçt şöbələrində yeni informasiya köşklərinin quraşdırılmasının rentabelliyi öyrənilir


Azərbaycan kəndlərinin poçt şöbələrində yeni informasiya köşklərinin quraşdırılması və mövcud köşklərin fəaliyyətinin bundan sonra da davam etdirilməsi məqsədi ilə təkliflərə baxılır.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib. Sektor müdiri xatırladıb ki, ölkənin 30 rayonunda və hər rayonun da bir kəndində "İREX" tərəfindən 30 internet köşk quraşdırılıb. “Köşklərin sonrakı istifadəsi də, internetlə təmin olunması da "Azərpoçt"a həvalə olunur.

Qeyd edim ki, hələlik informasiya köşklərində interneti "İREX" təmin etdiyi üçün ondan istifadə pulsuzdur. Amma gələcəkdə ödənişli ola bilər. Çünki köşklərə ötürülən internet hansısa provayderdən alınıb verilməlidir. Bundan başqa digər təşkilati məsələlər, avadanlıqların elektrik enerjisi ilə təchizatı və s. Bu kimi məsələlər nəzərə alınaraq növbəti dövr üçün prosedur müəyyən ediləcək və həmin avadanlıqların əhali tərəfindən istifadəsi də davam etdiriləcək".

N.Məmmədov əlavə edib ki, hazırda "Kür" MMC ilə bu istiqamətdə danışıqlar aparılır.

“Bu qurğuların nə dərəcədə effektli ola biləcəyi öyrənilir. Düşünürəm ki, yaxın vaxtlarda bununla bağlı konkret qərar qəbul olunacaq. Hazırda əhalinin sıx toplaşdığı yerlərdə "paypoint" köşkləri quraşdırılır. Əgər söhbət bunun poçt şöbəsinə quraşdırılmasından gedirsə, şöbədə onsuz da kompüter, əməliyyatçı və xidmətləri həyata keçirənlər var. Sadəcə olaraq bu köşklərin üstünlüyü ondan ibarətdir ki, istifadəçilər heç kəsə müraciət etmədən özü-özlərinə xidmət edə bilərlər. Yəni orada insan faktoru rol oynamır. Əgər əməliyyatçı digər abonentlərlə məşğuldursa və yaxud da şöbədə böyük növbəlik varsa, o zaman vətəndaşlar əməliyyatçılara müraciət etmədən bu köşklər vasitəsilə istədikləri əməliyyatları sərbəst formada həyata keçirə bilərlər. Amma bunlar bir təklifdir və baxılır. Çünki onun iqtisadi cəhətdən nə qədər rentabelli olduğu müəyyənləşməlidir".

Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL