waplog

Azərbaycanın vahid elektron kitabxana sistemi üzərində işlər yaxın zamanda başa çatacaq



Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yaxın zamanda vahid elektron kitabxana sistemi üzərində işləri yaxın zamanda başa çatdırmaq niyyətindədir.


"ICTnews" xəbər xidmətinin  məlumatına əsasən, layihənin əsas məqsədi Azərbaycan kitabxanalarının birgə Milli Kataloqlaşdırma Sistemini yaratmaqdan ibarətdir.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan ölkə əhəmiyyətli böyük kitabxanalar, habelə şəhər (rayon) MKS-nin elektron resurslarının vahid mərkəzdən idarə olunması, təhlükəsizliyinin təmin edilməsi, elektron resurslarının istifadəçilərə fasiləsiz və operativ olaraq təqdim edilməsi, kataloqlaşdırma zamanı əlavə vaxt, zaman, vəsait itkisinin, habelə biblioqrafik yazıların tərtibində nöqsan və təkrarçılığın aradan qaldırılmasına nail olmaq bu layihənin əsas məqsədidir.


Hazırda Azərbaycanda 12 mindən çox müxtəlif tipli kitabxananın daxil olduğu geniş kitabxana-informasiya şəbəkəsi mövcuddur. Bu şəbəkəyə yalnız kütləvi kitabxanalar deyil, həm də elmi-texniki, uşaq, gənclər, musiqi məktəblərinin, muzey və digər mədəniyyət və tədris müəssisələrinin, eləcə də müxtəlif təşkilatların tabeliyində olan kitabxanalar daxildir. Onların çoxunda artıq elektron kataloq sistemi yaradılmışdır. Elektron kataloqlara xeyli sayda kitab, jurnal, qəzet haqqında biblioqrafik yazılar daxil edilmişdir. Bir sıra kitabxanalar daha irəli gedərək kitabxanaya daxil olan yeni latın qrafikalı kitablara dair biblioqrafik təsvirlərlə yanaşı, keçmiş dövrləri əhatə edən və oxucular tərəfindən tez-tez soruşulan kiril qrafikalı kitablar haqqında biblioqrafik yazıları bu bazalara daxil edirlər.  

Görülən bu işlərdə nöqsanlara, pərakəndəliyə yol verilməməsi, işlərin sistemli şəkildə həyata keçirilməsi və müasir kitabxana standartlarına cavab verməsi qarşıda duran prioritet məsələlərdəndir. Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektoru tərəfindən aparılmış monitorinqlər nəticəsində məlum olub ki, bir sıra kitabxanalar biblioqrafik təsvirlərin tərtibində nöqsanlara yol verib, bu sahədə mövcud olan standartlar və qaydalar nəzərə alınmayıb, kitabların təsviri həyata keçirilərkən kitab elm sahələri üzrə düzgün sistemləşdirilmir, elektron kataloqda nəzərdə tutulmuş kitab sahələri aidiyyəti üzrə tərtib edilmir.


Bu problemlərin həlli  kitabxanaçılar tərəfindən sərf olunan əməyə və vaxta qənaət etmək, yaradılan resursların keyfiyyətini yüksəltmək və dünya standartları səviyyəsinə çatdırmaq, ölkə əhalisinin fasiləsiz informasiya tələbatını ödəməkdə böyük əhəmiyyət kəsb edir.

Toplu kataloqdan AZLİBNET Mərkəzinin "www.azlibnet.az" və ya C.Cabbarlı adına Gənclər Kitabxanasının "www.ryl.az" ünvanlı veb-saytları vasitəsilə istifadə etmək olar.


Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL