waplog

“Azərkosmos” yayım şirkətləri ilə milli peykin imkanlarının reallaşdırılmasıyla bağlı danışıqlar aparır



“Azərkosmos” yayım şirkətləri ilə Azərbaycanın birinci milli peyki “Azserspace1” imkanlarının reallaşdırılması ilə bağlı danışıqlar aparır.


“Azərkosmos”un rəhbəri Rəşad Nəbiyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda artıq Azərbaycanın bütün dövlət televiziya kanalları milli peykin üzərindən yayımlanır.


“Bununla yanaşı, biz artıq ATV və bir neçə digər özəl kanalların yayımını milli peyk üzərindən təşkil etmişik, hazırda digər yerli və xarici televiziya kanalları ilə “Azerspace1” üzərindən yayımının təşkili ilə bağlı danışıqlar aparırıq və yaxın zamanda bunların nəticələrini görəcəyik. Eyni zamanda, biz data məlumatların ötürülməsi xidmətlərinin göstərilməsi ilə bağlı da danışıqlar aparırıq”,- deyə o bildirib.


R. Nəbiyevin sözlərinə əsasən, milli peykin imkanlarından təhsil və səhiyyə sahəsində xidmətlərin təşkilində istifadə etmək üçün böyük imkanlar mövcuddur, lakin bu xidmətləri “Azərkosmos” birbaşa təşkil etmir, onları internet provayderlər və digər operatorlar, peykin resursları vasitəsilə göstərə bilərlər.


Beynəlxalq təcrübənin təhlili göstərir ki, bütün dünyada kontentin istehsal yerindən istehlak yerinə daşınması ən aktual məsələlərdən biridir. Misal üçün, Hindistan proqram təminatı şirkətləri real vaxt rejimində aktiv şəkildə proqram təminatlarının emalını həyata keçirirlər, rusiyalı operatorlar London, Dehli, Banqalor arasında peyk körpülərinin yaradılmasında iştirak edirlər. Yaxın Şərq istifadəçiləri Avropadan birja xəbərlərini onlayn rejimdə alırlar. Peykin əsas üstünlüyü də ondadır ki, bütöv bir yarımkürədə sürətli birbaşa məlumat mübadiləsi kanalı yaratmağa imkan verir, dövlətlərarası və korporativ məlumat mübadiləsini effektiv kommutasiya etməyə imkan verir.

Gücləndirilmiş energetikalı transponderlərə malik olan peyklər, radioyayım, mobil televiziya və yüksək dəqiqliyə malik olan televiziya sahəsində yeni növ xidmətlərin inkişaf etdirilməsi üçün nəzərdə tutulub.
Hazırda yayım xidmətləri sahəsi,  beynəlxalq peyk xidmətləri bazarında ən sürətlə artan və tələbat doğuran sahədir. Beynəlxalq ekspertlərin araşdırmaları göstərib ki, peyk kanallarının rəqəmləşdirilməsi keyfiyyəti artırır və bir peyk transporderi üzərindən bir neçə dəfə daha çox proqramın yayımına imkan yaradır. “MPEG-4”, “DVB-T” yayım formatlarına keçid çərçivəsində televiziya proqramlarının sıxlığı 20 proqramadək artacaq, bir proqramın yayım qiyməti isə üç dəfəyədək azala bilər. Nəticədə xidmətin kiçik regional, kabel və kommersiya yayımçıları üçün  əlçatımlığı artır və bazar sürətlə artmağa başlayır.

Hindistan məhz televiziya yayımı üzrə kosmik sistem yaradıb və hazırda ölkə “Edusat” peyki üzərindən bütün təhsil  proqramlarını qəbul edir.

Azərbaycanın “Azerspace-1” peyki məhz rəqəmli teleradioyayım, internetə qoşulma və məlumatların ötürülməsi, “VSAT” multiservis şəbəkələrinin yaradılması üçün nəzərdə tutulub.

Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL