Doktorant və dissertantlar informatika fənni üzrə elektron test üsulu ilə imtahan verəcəklər
İmtahanların elektron test üsulu ilə həyata keçirilməsi elektron təhsil və tədris sisteminin başlıca tələblərindəndir. Bu gün informasiya texnologiyalarının innovativ inkişafı test sisteminin avtomatlaşdırılmış qaydada tətbiqini şərtləndirir. Bu sistem nəzəri və praktiki biliklərin operativ yoxlanılması və qiymətləndirilməsinə imkan verir. AMEA İnformasiya Texnologiyaları İnstitutunun məlumatına görə, bu gün dünyada müasir informasiya texnologiyalarının tətbiqi ilə getdikcə daha mükəmməl proqramlardan, proqram təminatlarından istifadə, habelə müxtəlif ixtisas sahələri üzrə testlərin daha da təkmilləşdirilməsi sayəsində mühüm nailiyyətlər müşahidə olunur. Burada əsas hədəf imtahan prosesinin daha şəffaf keçirilməsi, biliklərin avtomatik qiymətləndirilməsi və s. kimi keyfiyyət meyarlarına nail olmaqdır.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə namizədlik imtahanlarının ilk dəfə olaraq elektron test üsulu ilə keçirilməsi də bu məqsədi daşıyır. İyunun 24-dən başlayan imtahanlar iyul ayının 8-nə kimi davam edəcək.
Qeyd edək ki, institutda imtahanlara hazırlıq məqsədi ilə öncə doktorant və dissertantlar üçün sınaq imtahanları keçirilib. Burada elmi tədqiqatçılara ümumi qaydalar haqqında zəruri məlumatlar verilib. İmtahanın nəticələri 100 ballıq sistemlə hesablanaraq qiymətləndirilir.
Tədris proqramına uyğun olaraq hazırlanan test tapşırıqları 50 sualdan ibarətdir. Hər bir doktorant və ya dissertantın imtahan nəticələri dərhal çap edilir. Nəzəri, praktiki bilikləri əhatə edən test sualları 3 dildə (Azərbaycan, rus və ingilis) təqdim olunur. İmtahanların gedişatını institutun Tədris-İnnovasiya Mərkəzinin otaqlarında quraşdırılmış nəzarət sistemi vasitəsilə izləmək mümkündür. Bu semestr 750-800 doktorant və dissertantın imtahan verəcəyi gözlənilir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL