waplog

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “e-works” xüsusi sistemi ilə distant tədris həyata keçirilir


Respublikada internet texnologiyalarının təhsildə, elmdə, səhiyyədə, mədəniyyətdə, innovasiya fəaliyyətində geniş tətbiqi bilik iqtisadiyyatının daha yüksək səviyyədə və sürətlə formalaşmasına imkan verir.

Bununla əlaqədar elmi-texniki problemlərin araşdırılmasında, müvafiq elmi-tədqiqat və praktik xarakterli, ümumdövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində Azərbaycan alimlərinin, o cümlədən də Ə. Əliyev Adına Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun rolu böyükdür. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda distant tədris “e-works” xüsusi sistemi ilə həyata keçirilir: “Bu gün informasiyalar müdavimlərə çap materialları, elektron materiallar, elektron dərslik, televeriliş və c. formalarda təqdim olunur.

Tədrisdə son model kompüterlər, proyektorlar, audio-videovəsaitlər, multimedia texnikası və s. vəsaitlərdən istifadə edilir”. Tədris 5 kafedra (terapiya, pediatriya, ailə təbabəti, mama-ginekologiya, cərrahiyyə ixtisasları) üzrə Qəbələ, Qazax, Şirvan, Lənkəran, Bərdə, Zaqatala, Quba, Göygöl, Yevlax, Hacıqabul, Quba, Bərdə, Şəmkir, Cəlilabad, Şirvan, Şəki, Salyan, Şamaxı, və s. bölgələrdə tətbiq edilib. Bu günə kimi distant tədris vasitəsilə pediatriya ixtisası üzrə -154, terapiya - 93, ailə təbabəti - 47, mama-ginekologiya - 38, cərrahiyyə -I -15 müdavim öz iş yerlərini və yaşadığı ərazini tərk etmədən tədris almağa müvəffəq olublar Yaradılmış texniki imkanlar sayəsində həkimlərin interaktiv təhsilini həyata keçirmək, habelə respublikamızdakı müasir tibb mərkəzlərində, xarici ölkələrdə keçirilən diaqnostik müayinələri və əməliyyatları indiki zaman anında izləmək mümkündür.

Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu həm daxili və həm də müxtəlif xarici ölkələrdəki səhiyyə təşkilatları ilə əməkdaşlıq edir. Həmin təşkilatlardakı professor və müəllim heyəti ilə videoməsləhətləşmələr aparır. Bu məsləhətləşmələrdə pasient haqqında lazım olan tibbi informasiyanı həm qəbul etmək və həm də ötürmək imkanları vardır.

Planlı məsləhətləşmələr xəstə haqqında məlumatı vaxtında və qabaqcadan öyrənərək müəyyən sürətli nəticələr əldə etmək imkanı verir. Bu məsləhətləşmələrdə xəstənin qohumları da iştirak edə bilir, hansı ki, bu da məsləhətçiyə xəstənin həyat göstəriciləri haqqında daha dəqiq informasiya almaq və pasientin vəziyyəti ilə əlaqədar qəti qərara gəlmək imkanı verir.

Qeyd edək ki, distant təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən həyata keçirən təhsil formasıdır. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimdə xüsusi vasitə və texnologiyalardan istifadə və s. məsələlər aiddir. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən şəxslərə real təhsil imkanı yaradır.
 
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL