Azərbaycan alimlərinin dünyanın ən qabaqcıl, elektron informasiya bazalarının resurslarına çıxış imkanlarının artırılması üzrə işlər aparılır
Azərbaycan alimlərinin dünyanın ən qabaqcıl, elektron informasiya bazalarının resurslarına çıxış imkanlarının artırılması istiqamətində təbdirlər aparılır. Mütəxəssislərin fikrinə görə, alimlərimiz tərəfindən aparılan araşdırmaların keyfiyyətinin yüksəldilməsi, həmçinin yüksəkixtisaslı kadr hazırlığı sahəsində beynəlxalq standartların tətbiqi elmin yüksəksəviyyəli informasiya ilə təmin olunmasından bilavasitə asılıdır.
Bu istiqamətdəki işləri Azərbaycan elminin uğurlarından hesab etmək olar
Müasir elmin ən son nailiyyətləri və təhsil sahəsində yeni innovativ texnologiyalar haqqında zəngin informasiyaların bir sıra nüfuzlu beynəlxalq elmi bazalarda cəmləşdiyini deyən AMEA-nın prezidenti Akif Əlizadənin fikrincə, bu baxımdan, hazırda dünya səviyyəsində böyük nüfuza malik olan "Tomson", "Şpringer", "Elsevier" və s. kimi beynəlxalq elmi bazaların resurslarına çıxış çox mühüm məsələlərdəndir: "Hazırda Azərbaycan "Şpringer" informasiya bazasının resurslarından istifadə edir, digər bazalara çıxış üçün də müvafiq dövlət qurumları bu istiqamətdə iş aparır. Bu istiqamətdəki işləri də Azərbaycan elminin uğurlarından hesab etmək olar".
"Springer"in elektron elmi bazasında 7 milyondan çox elmi mənbə mövcuddur
Qeyd edək ki, "Springer" beynəlxalq elmi bazası ilə əməkdaşlıq çərçivəsində AMEA tərəfindən artıq bazanın bütün elektron resurslarına çıxış əldə edilib. Aparıcı elmi nəşriyyat kimi tanınan "Springer" akademiya, korporativ R & D (Research and Development Departments – Tədqiqat və İnkişaf Bölmələri) və elmi-tədqiqat institutlarını keyfiyyətli innovativ informasiya məhsulları və xidmətləri ilə təmin edir. Springer" hazırda dünya üzrə elm, texnologiya və tibb sahəsində ən çox kitab yayımlayan nəşriyyat evi hesab edilir. Şirkət hər il 12 müxtəlif elmi istiqamətdə 1 900-dən çox jurnal və 3 500-dən çox kitab nəşr edir. Hazırda "Springer"in elektron elmi bazasında 7 milyondan çox elmi mənbə mövcuddur.
30 milyona yaxın istifadəçisi olan nəhəng nəşriyyatla əməkdaşlığa doğru
"Science Direct" və "Scopus" kimi mükəmməl elektron xidmətləri və 30 milyona yaxın istifadəçisi olan, dünyanın ən iri nəşriyyatlarından biri - "Elsevier"ə giriş imkanlarının əldə edilməsi Azərbaycan elmi üçün mühüm əməkdaşlıq istiqamətlərindəndir. Bu baxımdan, ötən ay Prezident yanında Elmin İnkişafı Fondunda (EİF) keçirilən görüşdə "Elsevier" tərəfindən müntəzəm olaraq Azərbaycan alimləri üçün öyrədici seminar və treninqlərin keçirilməsinə EİF-in dəstək verəcəyi razılaşdırılıb. Azərbaycan alimlərinin Qərbdə nəşr olunan elmi jurnallara göndərilmək üçün hazırladığı məqalələrin tərtibatına kömək məsələsi də müzakirə edilib, həmçinin Fond və "Elsevier" nümayəndələri nəşriyyatın məlumat bazası əsasında Azərbaycan alimlərinin elmi göstəricilərini müqayisəli şəkildə əks etdirəcək ətraflı hesabat hazırlayacaqlarını razılaşdırıblar.
"Elsevier" dünya üzrə elmi jurnallarda nəşr olunan məqalələrin 25 faizini çap edir
Nəhəng informasiya mənbəyi olan "Elsevier"in imkan və üstünlüklərinə gəlincə, 1880-ci ildə Hollandiyada əsası qoyulmuş və hazırda dünyanın ən qabaqcıl nəşriyyat evlərindən biri olan "Elsevier" dünya üzrə elmi jurnallarda nəşr olunan məqalələrin təqribən 25 faizini çap edir. Aparıcı elmi-texniki informasiya nəşriyyatı olan "Elsevier" 2000-dən çox elmi jurnal buraxır və öz elektron internet portalında 11 milyondan çox elmi məqalə ilə tanış olmaq imkanı yaradır. Nəşriyyat dünyanın 180 ölkəsindən olan 4500-dən yuxarı qurumlara (akademiyalar, elmi-tədqiqat müəssisələri, universitetlər, kitabxanalar və s.) xidmət göstərir.
Azərbaycan alimləri üçün daha bir vacib elektron baza – "IEEE Xplore" Rəqəmsal Kitabxanası
Azərbaycan alimləri üçün daha bir vacib elektron baza "IEEE Xplore" Rəqəmsal Kitabxanasıdır. Azərbaycanın akademik, dövlət və elmi-tədqiqat institutları və universitetlərinin bu kitabxanadan istifadə etməsi üçün "IEEE (Institute of Electrical and Electronics Engineers)" 170 dövlətdən 400.000-dən çox üzvü olan, ABŞ-da fəaliyyət göstərən, 125 illik keçmişə sahib olan nüfuzlu Elektrik və Elektronik Mühəndislər İnstitutu (http://www.ieee.org) və "IEEE" Azərbaycan şöbəsi tərəfindən aprelin 22-dən sınaq abunə müddəti təyin edilmişdi. Sınaq abunə dövrü yerli mütəxəssislərə bütün "IEEE" jurnallarından, dövri nəşrlərindən, "IEEE" konfranslarının materialları və aktiv standartlarından məhdudiyyətsiz istifadə imkanı yaradıb, xüsusi sınaq istifadəsi "IEEE" jurnallarında, konfrans və standartlarda 3 milyondan artıq tam-mətn sənədlərə əlçatanlığı təmin edib.
"IEEE" - texnologiya standartlarının nəşri sahəsində liderdir
Buraya 160-dan artıq dünyanın ən yüksək təsir faktoruna (Impact Factor) malik "IEEE" jurnalları, 26 "IET" jurnalları və bundan başqa 20-dən artıq "IET" konfrans başlıqları, 1,200-dən artıq "IEEE" konfrans materialları, 2,400-dən artıq təsdiqlənmiş və nəşr edilmiş "IEEE" standartları daxildir. "IEEE" texnologiyanın inkişafı üçün dünyanın ən böyük professional birliyi sitat jurnallar, konfrans materialları, elektrik mühəndisliyi, güc və enerji, dayanıqlı enerji, yüksək gərginlik şəbəkəsi və bir çox əlaqəli texnologiyaların standartlarının nəşri sahəsində liderdir.
Veb-bilik verilənlər bazası elmi biliklərin təbliği üçün mükəmməl vasitədir
AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri də hesab edirlər ki, veb-bilik verilənlər bazası elmi biliklərin təbliği üçün mükəmməl vasitədir: "Web of Knowledge – patentlərin və elmi jurnallarda nəşrlərin referat məlumat bazaları, həmçinin nəşrlərin qarşılıqlı istinadını nəzərə alan bazaları birləşdirən, "Thomson Reuters" şirkəti tərəfindən işlənib hazırlanan axtarış platformasıdır.
Bu axtarış platforması təbiət, texniki, bioloji, ictimai, humanitar elmlər və incəsənət üzrə materialları əhatə edir, axtarış, analiz və biblioqrafik informasiya idarəetmə kimi daxili imkanlara malikdir. Sözügedən platformada, həmçinin istinad indeksinin reyestri yaradılmışdır".
"Web of Knowledge" son 100 il ərzində arxivlər, 40 milyondan çox mənbə və 700 milyon istinadı təqdim edir
Mənbənin məlumatına görə, "Web of Knowledge" daha çox tibb, biologiya, psixologiya, iqtisadiyyat, fizika, astronomiya, daha az isə riyaziyyat və kompüter elmləri üzrə işləri təqdim edir. "Web of Knowledge"-in məlumat bazası 23 min elmi jurnal (Web of ScienceSM-in 11 mindən çox unikal başlığını daxil edərək), 23 milyon patent, 110 min elmi konfrans materialları, 250-dən çox məhsulların kateqoriyası, son 100 il ərzində arxivlər və 40 milyondan çox mənbə və 700 milyon istinadı təqdim edir. Bu axtarış platformasında yeni məlumat bazaları, daim indeksləşdirilən məlumatlar, dünyanın aparıcı referat bazaları, dəqiq və tam axtarış daxil olmaqla bütün kontent üzrə quraşdırılmış kompleks axtarış mövcuddur".
MDB-yə üzv dövlətlər üçün əlçatan məlumat bazaları
Bəzi MDB-yə üzv dövlətlər sadalanan məlumat bazaları ilə işləyirlər. Xüsusilə, Qazaxıstan Respublikasında "Milli Elmi-Texniki İnformasiya Mərkəzi" "Thomson Reuters"lə milli lisenziya razılaşması əldə edib. Bu beynəlxalq informasiya agentliyinin resursları elm və texnika, təhsil, səhiyyə, incəsənət və mədəniyyətin müxtəlif sferalarında Qazaxıstan alimləri üçün informasiya təqdim etməyə imkan yaradır. Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi və Milli Elmi-Texniki İnformasiya Mərkəzi "Thomson Reuters"in unikal resurslarına giriş əldə etməklə Qazaxıstan elminin inkişafında yeni impulsun əldə olunmasına, onun dünya elmi cəmiyyətinə inteqrasiyasna, elmin yeni müasir səviyyəyə çatmasına ümid edirlər.
Yüksək reytinqli xarici jurnallara abunənin faydası
Qazaxıstan nəşrlərinin ümumdünya axınında payı cüzidir və 0,02 faizi ötmür və dünya reytinq jurnallarının siyahısına yalnız bir Qazaxıstan jurnalı (SCOPUS məlumat bazasının məlumatlarına əsasən Avrasiya kimya-texnoloji jurnalı) daxil olur. Qazaxıstanın elmi-tədqiqat institutları və ali məktəblərinin əksəriyyəti yüksək reytinqli xarici jurnallara abunə deyillər, bu isə beynəlxalq nəşrlərin az olmasının səbəblərindən biridir. 2010-cu ildən başlayaraq, "Thomson Reuters" nümayəndəsi tərəfindən Qazaxıstan Respublikasında tanışlıq və öyrədici təlimləri, "Elmi-texniki informasiyanın xarici resurslarına giriş məsələlərinin müzakirəsi"nə həsr edilmiş nümayəndələrin də iştirak etdikləri bir sıra seminarlar keçirilib.
Bir sözlə, Qazaxıstan təcrübəsi də göstərir ki, yüksək reytinqli xarici jurnallara, elektron bazalara abunə olmamaq ölkədə elektron elmin formalaşmasında ciddi əngəldir. Elektron elmin inkişaf etdirilməsini qarşısına məqsəd qoyan Azərbaycan bu səbəbdən nəhəng məlumat bazaları ilə sıx əməkdaşlığın gücləndirilməsində maraqlıdır və bu sahədə işlərini davam etdirir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL