"Bakcell" rəsmisi söz verdi…
«Biz informasiya-kommunikasiya texnologiyaları sahəsində yeniliklərin yaranmasında çox maraqlıyıq. Azərbaycanda gənc nəslin marağının bu istiqamətdə artırılması çox sevindiricidir».
Bu fikirləri "Bakcell" şirkətinin Biznes strategiyası şöbəsinin müdiri Mark Zirko «ICTnews» xəbər xidmətinə verdiyi eksklüziv müsahibəsində söyləyib. O bildirib ki, ötən il «Bakcell» şirkəti «Mobile monday» layihəsinin tərəfdaşlarından biri olub. «Cari ildə də bu sahədəki işlərimizi «Startup Azərbaycan» layihəsi ilə bir yerdə davam etdiririk» - deyən M.Zirko bundan başqa, fərdi olaraq gənc proqramçılar, İKT üzrə yeni ideyaları olan insanlar və sairə ilə mütəmadi şəkildə görüşlər, müzakirələr keçirdiklərini vurğulayıb.
«Hazırda Azərbaycanda mobil telefondan internetə daxil olanların sayı getdikcə artmaqdadır. Bu istiqamətdə şirkətiniz tərəfindən hansısa yeniliklər, güzəştlər nəzərdə tutulurmu» sualına isə M.Zirko belə cavab verib:
- Əlbəttə, müəyyən fikirlərimiz var. Biz bu məsələdə çox maraqlıyıq. Mobil internetdən istifadəni stimullaşdırmaq üçün 2 vasitədən istifadə edirik. Bunlardan birincisi, xidmətlərin və şəbəkənin gücləndirilməsidir. İkinci məsələ isə, tariflərlə bağlıdır. Yəni biz abunəçilərimizə daha sərfəli tariflər təqdim edirik və onların çoxalması üzərində daim işləyirik. İndiki halda bu istiqamətdə apardığımız işlər konfidensial olduğu üçün tam açıqlaya bilmərəm.
M.Zirko danışıq tariflərinin endirilməsi məsələsinə də toxunub. O bildirib ki, "Bakcell" şirkəti hər zaman öz abunəçilərinə aşağı tariflərlə danışmaq imkanı yaradıb. M.Zirko qeyd edib ki, tariflərlə bağlı bu siyasət davam etdiriləcək: «Biz hər zaman abunəçilərimizə çox böyük dəyər veririk və daha dəyərli, ucuz xidmətlər təklif edirik. Bunun özünə də tariflərin azaldılması kimi baxıla bilər. Yəni bu addımlar müxtəlif cür izah oluna bilər. Amma məsələ bundadır ki, biz daha yaxşı və daha cəlbedici xidmət təklif etməyi planlaşdırırıq».
Mobil nömrələrin daşınması üçün "Bakcell" şirkəti tərəfindən bir sıra addımların atıldığını vurğulayan M.Zirko artıq avqustun birinə kimi prosesə başlayacaqlarını qeyd edib: «Bizə məlum olub ki, mobil nömrələrin daşınması avqust ayının 1-dən etibarən işə başlayacaq. Qeyd edim ki, biz bir neçə həftə əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini məlumatlandırmışdıq ki, əsas addımları atmışıq. Proses başlanmazdan əvvəl bizə iki həftə vaxt lazımdır ki, hazırlıq işlərini tam başa vuraq. Bu gün də elan olundu ki, sistem avqustun 1-dən işə düşəcək. Ona qədər də bizim kifayət qədər vaxtımız var. Söz veririk ki, gələn aydan etibarən biz tam hazır olacağıq və avqustun 1-dən hər kəs mobil nömrələrini daşıya biləcək».
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL