Firuz Süleymanov: “Milli peyk vasitəsilə yayımlanacaq kanallar çox universal olacaq”
Artıq iyulun 1-dən etibarən Azərbaycan paketinə daxil olan TV və radio kanalların öz milli peykimiz üzərindən yayımlanır. Həmin tarixdən "Türksat 3A" peyki üzərindən yayımı dayandırılan televiziya və radio kanalları "Azerspace-1∕ Africasat-1a", "460 E" peykinə (qəbul tezliyi -11169.15 MHs, H, S/R-20400 Mb/s) keçirilib. Azərbaycan üçün bu prosesin yeni olduğunu nəzərə alaraq, "Rabitə dünyası" redaksiyamıza daxil olan çoxsaylı sualları "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Satış və marketinq şöbəsinin müdiri Firuz Süleymanova ünvanlayır.
Bəs niyə milli peyk?
İndiyə qədər "Türksat"dan istifadə edənləri maraqlandıran əsas məqamlardan biri kimi söhbətə "Bəs niyə milli peyk?" sualı ətrafında başlayırıq.
Müsahibim deyir ki, Azərbaycan üçün telekommunikasiya peykinin faydası ilk növbədə televiziya yayımındadır: "Bu gün əhalimiz maraqlarına uyğun populyar xarici kanallara baxmaqdan ötrü peykdən istifadə edərək bir, hətta iki və ya üç çanaq antena quraşdırmağa məcburdur. "Azərkosmos" olaraq artıq biz yeni imkanları reallaşdırmağa başlamışıq. Əhalinin diqqətini, marağını qazanmış istər yerli, istərsə xarici kanalları hazırda bir peykdə cəmləşdiririk".
Milli peykdən yayım "uçan naməlum obyektlər"i azaldacaq
Bunun da bir çox üstünlükləri var. İlk növbədə eyvanlarda uçan naməlum obyektləri xatırladan çanaq antenalarının sayı azalacaq. Milli peykimiz hətta həmin çanaq antenasının həcminin kiçilməsinə də şərait yaradacaq. Əgər xarici peyklərin yayım siqnallarını tutmaq üçün daha böyük ölçülü antena tələb olunurdusa, milli peykimiz bu tələbi də aradan qaldırır: "Yayım şüasının ən güclü hissəsi bizə baxır. Bu isə 1 metr 20 sm deyil, ondan daha kiçik ölçülü – 80 və ya 60 sm-lik antenanın quraşdırılmasına imkan verir. Bu da xüsusən eyvanlarda quraşdırılan antenaların yer azlığından yaratdığı darısqallığı aradan qaldıracaq".
Küləklə sovrulan antenaların yaratdığı təhlükə
Düzdür, hələ ki TV kanal yayımı ilə bağlı texnologiyaların özəyində antenanın quraşdırılması yer aldığından bu gün antenalardan tam imtina etmək də mümkün deyil. Çünki peykdən gələn siqnalları tutmaq üçün antenalara hələ də ehtiyac var. Amma binaların üzərində onların sayının azalması, eyni zamanda ölçülərinin kiçilməsi bu günün imkan verdiyi əsas üstünlüklərdəndir: "Bu baxımdan, milli peykə keçid antenaların sayını maksimal dərəcədə azaldacaq".
Ümumiyyətlə, dünyada standart olaraq, peyk TV yayımını qəbul etmək üçün istifadə edilən antenalarda minimum ölçülər 60 sm-dən başlayır. Təbii ki, antena ölçülərinin dəyişməsində, xüsusən də böyük ölçülərin tələb olunmasına iqlim - yağış, qar və s. də öz təsirini göstərir. Amma bizdə bu problem olmasa da, küləyin yaratdığı başqa problem – "Küləklə sovrulanlar" problemi də mövcuddur: Küləklər şəhəri olduğundan burada antenalar eyvandan hətta "uçur".
Bir az da təhlükəsizliyimizi düşünsək...
Digər tərəfdən, bir eyvanda bir neçə antenanın, eyni zamanda da binaların damında çoxsaylı antenaların quraşdırılması təhlükəsizlik baxımından da düzgün deyil. Xüsusən yanğın halları, fövqəladə hallar baş verərsə, bu amillər yardım tədbirlərinə ciddi əngələ çevrilərlər. Hazırda son inşa edilən binalarda estetik tələblərlə yanaşı, bu tip təhlükəsizlik məsələləri də nəzərə alındığından, binanın üzərində yalnız bir antena yerləşdirilir. Sakinlərə yeganə antenadan kabellərin paylanılması ilə bina üzərində çoxsaylı antena problemi öz həlini tapmış olur: "Eyni zamanda bunu yalnız yeni binalarda deyil, istənilən binalarda da spesifik xidmət göstərən şirkətlər həyata keçirə bilərlər".
"Artıq bu oyunlar da olmayacaq"
Milli peyk üzərinə keçid prosesi təmin edildikdən sonra kanal seçimi də tamaşaçını yormayacaq: "Xarici peyklərdə 200-300 kanal təklifi olsa da, onların çoxuna qətiyyən baxılmır. Bu qədər kanal siyahısından istədiyi kanalı axtaran tamaşaçı da yorulur. Bizim hədəfimizə görə isə peykimiz vasitəsilə tamaşaçılara yalnız ən populyar, baxımlı, eyni zamanda ailə üzvlərinin hamısının maraqlarını ifadə edən kanallar təqdim olunacaq. Eyni zamanda görürsən ki, bəzən kanallar da bir peykdən digərinə keçir. Milli peyk üzərindən yayıma keçid təmin olunduqdan sonra artıq bu oyunlar da olmayacaq".
"Free to air"dən pullu paketə qədər təkliflər olacaq
Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ancaq daha çox tələb duyulan, ən yaxşı kanalları bir araya gətirir. Peykimizdə cəmləşdirilən kanallar hələlik sənaye termini "Free to air"ə uyğun olaraq pulsuzdur. Gələcəkdə pullu kanallar da təklif edilərsə, həmin kanallardan istifadəyə görə əhalidən xidmət haqqını toplayan şirkət Azərbaycanda rəsmi ofisi vasitəsilə fəaliyyət göstərməlidir. Yəni bu iş "Azərkosmos" tərəfindən həyata keçirilməyəcək: "Ancaq biz əhaliyə pullu kanal paketi təqdim edən şirkətlərlə əməkdaşlığa hazırıq. Bununla yanaşı, hesab edirik ki, pulsuz kanalların sayı da çox olmalıdır. Xüsusən Orta Asiya, Rusiya kanallarının bir çoxu əhali üçün pulsuz olacaq".
"Peykimizin keyfiyyətinə heç bir şübhə yoxdur"
"Azərkosmos" bəzi kanalların test yayımı istəyini də məmnuniyyətlə reallaşdırır: "Bizim peykimiz dünyanın ən qabaqcıl peyk istehsalçılarından biri olan ABŞ-ın "Orbital Sciences" korporasiyasının məhsuludur və onun keyfiyyətinə heç bir şübhə yoxdur. Eyni zamanda peyk dünyanın qabaqcıl şirkəti olan Fransanın "Arianespace" raketdaşıyıcı şirkəti tərəfindən orbitə buraxılıb". Bu da peykin gələcək ömrünü müəyyənləşdirən başlıca faktorlardır. Belə ki, peykin qısa yolla orbitə göndərilməsi onun ömür yolunu təyin edərək, peykin uzunömürlülüyünə zəmanətdir. Səmərəsiz trayektoriya ilə fəzaya çıxarılan peykin ömrü – istismar müddəti isə daha qısa olur.
Rusiya və Türkiyə kanalları arasında seçim "vurnuxma"sına da son
Vəziyyət indiyə qədər Rusiya və ya Türkiyə kanalları seçimi arasında qalanların da xeyrinə dəyişəcək. Çünki peykimizdə cəmləşəcək kanallar çox universal olacaq. Burada rus, türk, ərəb, fars, qazax, qırğız, Ukrayna, Belarus və s. kanalları təqdim olunacaq: "Azerspace-1"-in aprel ayında texniki təhvil-təslim dövründən başlayaraq, biz bu istiqamətdə danışıqlarımızı çox aktivləşdirmişik".
"Türksat" izləyicilərinə tövsiyələr
F.Süleymanov indiyə qədər "Türksat" izləyiciləri olanlar üçün tövsiyələrini də əsirgəmir: "Azerspace-1 ekvatorun üzərində Yerdən 36 000 km məsafədə Geostasionar orbitdə, 46° şərq uzunluğunda yerləşir. "Türksat" isə bizə yaxın məsafədə - 42°-də yerləşir. Ona görə də antenanı heç tərpətmədən, bütün sistemə əl vurmadan, sadəcə, ekranda bir neçə texniki parametri dəyişməklə, kanalları birbaşa "Azerspace-1"-ə yönləndirmək, kökləmək mümkündür. Əgər izləyici hələlik eyni anda həm milli peykdən, həm də antenadan istifadə etmək istəyərsə, o zaman antenanın başlığına ikinci əlavə başlıq da quraşdırmalıdır. "Reserver"də, yəni qəbuledicidə parametrləri daxil etməklə, həm türk peyki, həm də "Azerspace-1"-ə baxa bilirsiniz. Amma rus peykləri peykimizin əhatə dairəsindən uzaqda olduğu üçün antenaların fırlanmasına ehtiyac var".
"Azərkosmos"un hədəfində yüksək keyfiyyətlə ucuz qiymət siyasəti
Kanalların izlənilməsində milli peykdən istifadənin təmin edilməsi isə mütləq ustaya ehtiyac olması anlamına gəlməməlidir. F.Süleymanovun fikrinə görə, xüsusən də menyu ingilis dilində olduğundan bu proses gənclər üçün çətinlik törətməyəcək: "Peyk TV qəbuledicinin menyusundan, heç olmasa, bir dəfə istifadə etmiş səriştəli şəxslər özləri ustanın köməyi olmadan da parametrləri sərbəst tənzimləyə bilərlər".
Peykimizin xidmətlərindən istifadə üçün təklif edilən qiymətlər də heç bir xarici peykdən baha deyil, əksinə, ucuz və əlverişlidir. Bu da milli peykə olan marağı artıran daha bir üstünlükdür.
Ekranda qaçan sətirlərə diqqət
F.Süleymanov peyk yayımına keçidlə bağlı təbliğat-təşviqat işlərinə diqqətin daha da artırılacağını deyir: "Biz öz saytımızda yerləşdirməklə yanaşı, bütün kanallara da tezliklərin qaçan sətirlərdə göstərilməsini tövsiyə etmişik. Bu da ona imkan verəcək ki, bacaranlar ekrandan gördükləri parametrlər əsasında tənzimlənməni özləri həyata keçirəcək, bacarmayanlar da ustanın köməyindən istifadə edərək, parametrləri tənzimləyəcəklər. Bunun üçün isə, sadəcə, bir neçə dəqiqə tələb olunur".
3 sətirlik parametrlərlə efirlərimizi milli peykin himayəsinə verək
Parametrlər isə çəmi 3 sətirdir və elə 3 sətirlik parametrlərlə də efirlərimizi milli peykin himayəsinə verə bilərik. "Azerspace-1" peyk TV qəbuledici üçün texniki məlumatları belədir: 1. Tezlik (Frequency): 11169 MHz 2. Simvol sürəti (Symbol rate): 20400 3. Polarizasiya (Polarization): Üfuqi (Horizontal) 4. FEC: 5/6
Amma vaxt gələcək...
Əslində, peyk qəbuledicilərin "beynində" istismarda olan peyklər haqda məlumatlar yer alır. Sadəcə, "Azerspace-1" yeni olduğundan hələlik həmin qəbuledicilərdə onunla bağlı məlumatlara rast gəlinmir. Dünya təcrübəsində də orbitə yeni buraxılan peyklərin bu şəkildə tənzimlənməsi həyata keçirilir. Məhz bu baxımdan, Azərbaycanda da insanlar özləri bunu tənzimləməyə məcburdurlar: "Amma vaxt gələcək, çox yaxın zamanlarda satışda olan qəbuledicilərin içində bizim peyklə bağlı məlumatlar da yer alacaq. Gələcəkdə avtomatik tənzimlənmə də mümkün olacaq".
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL