waplog

Azərbaycan-Rusiya biznes forumunda İKT sektorunun nümayəndələri də iştirak edib


İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə  Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilib.

Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, İKT, maliyyə, bank, enerji, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Bakı Biznes Mərkəzində keçirilən biznes forumda iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu, qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm müqavilə-hüquqi bazanın yaradıldığını, təkcə iqtisadi sahədə 30-dan çox ikitərəfli müqavilənin imzalandığını, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu qeyd edib.

Nazir Ş.Mustafayev Azərbaycanda 479 Rusiya kapitallı şirkətin fəaliyyət göstərdiyini, son illər Rusiya tərəfdən Azərbaycan iqtisadiyyatına 468 milyon dollar, son 10 ildə isə Azərbaycan tərəfdən Rusiya iqtisadiyyatına 563 milyon dollar investisiya qoyulduğunu vurğulayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 2011-ci ilin noyabrında Rusiya Federasiyasının Şimali Qafqaz regionunda (Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Stavropol diyarı) investisiya imkanlarının araşdırılması məqsədilə səfərdə olub. Son 3 ildə Rusiyanın subyektləri ilə 12 biznes forum, işgüzar görüş və sərgi keçirilib. Bu gün keçirilən biznes forum da Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.

Rusiya Federasiyasının İnquşetiya Respublikasının Baş naziri Musa Çiliyev Rusiya Federasiyasının digər subyektləri kimi, İnquşetiya Respublikasının da Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və İnquşetiya Respublikasına investisiya qoyuluşu imkanları barədə məlumat verib.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədovun və Rusiya Federasiyasının İnquşetiya Respublikası Baş nazirinin müavini Pavel Puşinin hər iki ölkənin iqtisadiyyatına, biznes və investisiya imkanlarına dair təqdimatları dinlənilib.

Tədbirdə İnquşetiya Respublikasının Turizm Komitəsinin rəhbəri Batır Malsaqov "İnquşetiya Respublikası: istirahət və turizm üçün yeni imkanlar" mövzusunda video təqdimatla çıxış edib.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL