Hər bir şəxs üzrə fərdi məlumatların öz sahibinə xüsusi məktublarla çatdırılması sisteminin tətbiqinə başlanıldı
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) hər bir şəxs üzrə fərdi məlumatların öz sahibinə xüsusi məktublarla çatdırılması sisteminin tətbiqi ilə bağlı təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, təqdimatı keçirilən məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda mühüm vəzifələrdən biri kimi qeyd olunub.
Ötən dövr ərzində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi və inkişafı məqsədi ilə mühüm vəzifələr yerinə yetirilib, bu sahədə normativ hüquqi baza yaradılıb, zəruri infrastruktur qurulub, 2 580 min nəfərdən çox şəxsə fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb.
Eyni zamanda sığortaolunanlara dair illik hesabatların qəbulu və müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, bu məlumatların sığortaolunanlara çatdırılması üçün mühüm işlər həyata keçirilib: “Belə ki, vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olunmasında mühüm rola malik olan "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron xidmət əhalinin istifadəsinə verilib. Hazırda bu xidmət ötən 6 ayın statistikasına əsasən, “Elektron hökumət” portalı vasitəsilə ən çox müraciət olunan elektron xidmətlər sırasındadır. Bununla yanaşı, fərdi şəxsi hesaba malik vətəndaşların heç də hamısının saytdan istifadə etmədiyini nəzərə alaraq, bu gündən fərdi məlumatların öz sahiblərinə xüsusi məktublarla çatdırılması sisteminin tətbiqinə başlayırıq”.
Tədbirdə qeyd olunub ki, bu məqsədlə fondda bir gün ərzində 38 min məktubun çap edilməsinə imkan verən xüsusi avadanlıq quraşdırılıb. Bu avadanlıq avtomatlaşdırılmış sistemdə olan hər bir sığortaolunanın fərdi hesabında müəyyən bir tarixə (məsələn, 01.01.2013-cü ilə) toplanan ümumi məbləği, həmçinin həmin məbləğin hansı sığortaedən tərəfindən göndərildiyini əks etdirən xüsusi paketlənmiş məktublar çap etmək imkanına malikdir.
S.Müslümov vurğulayıb ki, həyata keçirilən bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına gətirib çıxarmaqla yanaşı, işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə imkan verəcəkdir. Hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanı qazanacaq.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL