waplog

Fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ötən illə müqayisədə 12,2 faiz artıb



 
Bu ilin 6 ayı ərzində Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz artıb. Belə ki, cari ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 315 512 sığortaolunana fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb.

2013-cü il iyulun 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik  sığortaolunanların sayı ümumilikdə 2 581 586 nəfər təşkil edir ki, onların 58,6 faizi kişi, 41,4  faizi qadındır.

Fonddan bildirilib ki, fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,5 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 23,3 faiz, 40-50 yaş aralığında olan sığortaolunanlar 22,8 faiz, 50-60 yaş aralığında olan sığortaolunanlar 20,5 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,8  faiz təşkil edir. 

Qeyd edək ki, 2006-cı il 01 yanvar tarixindən tətbiq olunan "Əmək pensiyaları haqqında" qanuna əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır. Eyni zamanda bu sistem pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına imkan verir. MDB məkanında ilk dəfə olaraq, artıq Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb.

Avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılacaq. Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatının avtomatlaşmış qaydada aparılması isə digər müvafiq dövlət qurumlarında qeyd olunan təyinatlarla bağlı  zəruri informasiyaları özündə əks etdirən elektron xidmətlərin yaradılmasından sonra mümkün olacaq.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL