“Ən yaxşı informatika müəllimi” müsabiqəsi çərçivəsində regionlarda kompüter kursları keçirilib
2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alan əsas istiqamətlərdən biri də “Regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə əhalinin müxtəlif qrupları üçün təlim kurslarının, seminarların keçirilməsi”dir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatlarını cəlb etməklə həyata keçiriləcək bu tədbirin il ərzində reallaşması nəzərdə tutulur. Ölkədə informasiya cəmiyyəti və insan potensialının inkişafı hədəflərinə xidmət edən, bu zəmində əhalinin bütün təbəqələri üçün İKT biliklərinin əldə olunmasını nəzərdə tutan bu bənd üzrə artıq işlərə başlanılıb.
AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) bildirilib ki, AMEA-ya həvalə edilən tədbirlər üzrə Fəaliyyət Proqramı çərçivəsində AMEA İTİ-nin şöbə müdiri tex.f.d. Firudin Ağayev, böyük elmi işçi Gülarə Məmmədova və proqramçı Könül Daşdəmirova cari ilin 2-11 iyul tarixlərində Göyçay rayonuna ezam olunublar.
Belə ki, Tədbirlər Planına uyğun olaraq, “Ən yaxşı informatika müəllimi” müsabiqəsi keçirilir. İTİ-nin mütəxəssisləri tərəfindən Göyçay orta ümumtəhsil məktəblərinin informatika və fənn müəllimləri üçün “Ən yaxşı informatika müəllimi” müsabiqəsi çərçivəsində kompüter kursları keçirilib. 3 mərhələdən ibarət olan, sonda isə biliklərin xüsusi test proqramı ilə qiymətləndiriləcəyi layihənin birinci mərhələsi artıq başa çatıb.
Məqsəd Göyçay rayonunda İKT sahəsində milli kadrların hazırlanması, ümumtəhsil müəssisələrində çalışan müəllimlərin müasir elmi-texniki biliklərə yiyələnməsidir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL