ƏMDK 2013-2017-ci illər üçün elektron xidmətlərin tətbiqi dairəsini genişləndirəcək
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 2013-2017-ci illər üçün Beşillik Strategiya Planının təqdimatını keçirib. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, Beşillik Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsində beynəlxalq məsləhətçilər tərəfindən hazırlanıb. Sənəd Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının əsas müddəaları nəzərə alınmaqla işlənib.
Strategiya Planı yaxın beş il üçün komitənin əsas fəaliyyət istiqamətləri üzrə planları və onun qurumları üçün biznes planları özündə birləşdirir. Strategiya Planının məqsədi "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının əsas müddəaları rəhbər tutulmaqla dövlət qurumu kimi Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin daha modern, şəffaf və çevik mexanizmlər əsasında qurulması, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və istifadəsi sahəsində səmərəliliyin artırılması, daşınmaz əmlak idarəçiliyinin, əmlakın qeydiyyatı və kadastr sisteminin mükəmməl vəziyyətə gətirilməsi, açıq sistemli ünvan reyestrinin yaradılmasına yönəlib.
Beşillik Strategiya Planının hazırlanmasına Niderland və Almaniyadan olan 4 beynəlxalq məsləhətçi cəlb edilib. Tədbirdə Beşillik Strategiya Planı və komitənin qurumları üçün Birillik Biznes planları barədə ictimaiyyət məlumatlandırılıb, elektron xidmətlərin tətbiqi dairəsinin genişləndirilməsi, vətəndaşların və biznes qurumlarının daha müasir xidmətlərlə təmin edilməsi barədə çıxışlar edilib.
Komitənin sədr müavini Rafiq Cəlilov "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin uğurlu icrasından danışaraq həyata keçirilən mülkiyyət islahatları və əmlak idarəçiliyi sahəsində müasir standartların tətbiqinə toxunub. Qeyd edib ki, Beşillik Strategiya Planının müvafiq sahələrdə fəaliyyətin müasirləşdirilməsinə, qabaqcıl təcrübələrin tətbiqinə və inzibatçılığın təkmilləşdirilməsinə, əsas hədəfin vətəndaşlara göstərilən xidmətlərin daha da şəffaflaşdırılmasına və sadələşdirilməsinə təkan verəcək. Sədr müavini bildirib ki, sənədlərin istinad etdiyi əsas prinsiplər isə ölkə rəhbərinin elan etdiyi və uğurla həyata keçirdiyi prinsiplərdir.
Tədbirdə Strategiya Planının hazırlanmasına rəhbərlik etmiş beynəlxalq məsləhətçi Piet Plantinga tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi üçün Beşillik Strategiya Planı və komitənin qurumları üçün Biznes planlarının təqdimatı olub. Daha sonra İT və vahid kadastr məqsədləri üzrə beynəlxalq məsləhətçi Andre Kvitovski "Beşillik Strategiya Planı və Biznes planlarının layihələrində E-hökumət prinsipləri və İKT rolu" mövzusunda çıxış edib.
ƏMDK üçün Beşillik Strategiya Planı və komitə qurumlarının Biznes planları xidmət standartlarının yüksəldilməsi, korporativ fəaliyyət idarəetməsi, insan resurslarının inkişafı, İT strategiyaları və müasir texniki planlar, məkan informasiyası üçün infrastrukturun qurulması və təkmilləşdirilməsi, səmərəli əmlak idarəçiliyi kimi sahələri əhatə edir. İcra nəticəsində daşınmaz əmlakın qeydiyyatı və vahid kadastrı sahəsində biznes planları, dövlət əmlakının özəlləşdirilməsində daha müasir qaydalar, yeni yanaşmalar tətbiq ediləcəkdir. Maliyyə, texniki və kadr potensialının səfərbər olunması, şəffaflıq və effektivliyin yüksəldilməsi istiqamətində hədəflər müəyyənləşəcək və təmin olunacaq. Müasir ünvan reyestri informasiya sisteminin, səmərəli maliyyə mexanizmlərinin, hərracların təşkili və icrası zamanı elektron idarəetmənin tam tətbiqi həyata keçiriləcək.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL