waplog

Övladını təhsil müəssisəsinə ilk dəfə aparan valideynlər müsahibə zamanı videoçəkiliş apara biləcəklər



 
Övladını təhsil müəssisəsinə ilk dəfə aparan valideynlər onların qəbul prosesini lentə ala biləcəklər. Belə ki, Təhsil Nazirliyi valideynlərin arzusu ilə müsahibə zamanı videoçəkilişin aparılmasına icazə verir. Nazirlikdən qeyd edilib ki, “Təhsil haqqında” qanuna əsasən məktəbə qəbul 6 yaşdan başlanır.

Eyni zamanda, dərs ilinin başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı ilə seçilən uşaqlar valideynlərin arzusu ilə Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul oluna bilərlər. Bununla əlaqədar, Təhsil Nazirliyi tərəfindən yeni Qaydalar təsdiq edilib.

Qaydalara əsasən, vaxtından əvvəl I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil ediləcək. İstedadlı uşaqların seçim hüququ yerli təhsil şöbələrinə verilib və bu məqsədlə yüksəkixtisaslı və təcrübəli mütəxəssislərdən - ibtidai sinif müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət komissiyaların yaradılması tapşırılıb. Komissiyaya yerli təhsil şöbələrinin müdirləri rəhbərlik edəcəklər. Ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar müəssisə rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə müsahibəsiz qəbul olunacaqlar.

Qaydalarda uşaqla tədris alacağı dildə 15-20 dəqiqə ərzində müsahibə aparılması, zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün onlara 4 sual verilməsi, hər bir suala cavabın 5 ballıq şkala ilə qiymətləndirilməsi nəzərdə tutulur. Məktəbə qəbul olunmaq üçün uşaq ən azı 15 bal toplamalıdır. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə ərizələr  hər il iyulun 20-dən avqustun 20-dək yerli təhsil şöbələrində qeydiyyata alınacaq və onların seçimi sentyabrın 10-dək təhsil şöbəsinin müəyyən etdiyi günlərdə həyata keçiriləcək.
Təhsil Nazirliyinin tabeliyindəki istedadlı şagirdlər üçün məktəb, gimnaziya və liseylərdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu həmin müəssisələr tərəfindən, Naxçıvan Muxtar Respublikasında isə Muxtar Respublikanın Təhsil Nazirliyi tərəfindən aparılacaq.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL