Akif Əlizadə: “Elektron bazalarda toplanan zəngin informasiyalardan istifadə etməyi bacarmalıyıq”
Azərbaycan alimlərinin dünyanın ən qabaqcıl, elektron informasiya bazalarının resurslarına çıxış imkanları artırılmalıdır. Bu fikri AMEA Rəyasət Heyətində keçirilən mətbuat konfransında akademiyanın prezidenti, akademik Akif Əlizadə bildirib. Akademik qeyd edib ki, AMEA-nin institut və elmi mərkəzlərinin beynəlxalq əlaqələri olduqca genişdir:
“Qloballaşan dünyada Azərbaycan elmi təkbaşına inkişaf edə bilməz. Məqsədimiz var ki, başqa dövlətlə müştərək şəkildə Azərbaycanda Beynəlxalq Elmi Laboratoriya yaradılsın. UNESCO-nun dəstəyi və iştirakı ilə bu məqsədə nail olmağa çalışırıq. Biz istəyirik ki, Azərbaycanın da beynəlxalq elm mərkəzləri olsun. Bu da hesab edirəm ki, beynəlxalq elm məkanına inteqrasiya məqsədini daşıyır. Bu istiqamətdə hazırda “Elektron elm” layihəsi də həyata keçirilir”.
AMEA-nın prezidentinin fikrinə görə, hazırda dünya səviyyəsində böyük nüfuza malik olan “Tomson”, “Şpringer”, “Elsevier” və s. kimi beynəlxalq elmi bazaların resurslarına çıxış çox mühüm məsələlərdəndir: “Biz bu bazalarda toplanan zəngin informasiyalardan istifadə etməyi bacarmalıyıq. Düzdür, buna vəsait lazımdır, bu məsələdə də dövlət bizi dəstəkləyir.
Azərbaycanın bütün elmi ictimaiyyəti, alimlər bu resurslardan yararlanmalıdır. Digər addımlarımız institutlarımızın reytinqini müəyyənləşdirməyə yönəlib. Məlumdur ki, institutlarımız qeyri-bərabər inkişaf edib. Reytinq AMEA institutlarının beynəlxalq baxımdan hansı səviyyəyə cavab verdiyini aydınlaşdıracaq”.
Akademik AMEA-nın institut və təşkilatlarının maddi-texniki bazasının gücləndirildiyini də deyib. Onun sözlərinə görə, akademiyanın institut və təşkilatlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə AMEA-ya dövlət tərəfindən 10 milyon manata qədər vəsait ayrılıb: “Ölkə prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində AMEA-nın maddi-texniki bazası gücləndirilir, infrastrukturu modernləşdirilir. Hazırda AMEA “Azərbaycan Milli Ensiklopediyası” və “Mərkəzi Elmi Kitabxanası”nın yeni binalarının tikintisi həyata keçirilir”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL