waplog

Elektron audit vergi məsuliyyətini gücləndirəcək



 
 "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi üzrə Tədbirlər Planının mühüm bəndlərindən birini də ölkədə il ərzində elektron səhiyyə, elektron təhsil, elektron satınalma, elektron tu­rizm, elektron notariat, elektron mədəniyyət, elektron arxiv, elektron məhkəmə, elektron ticarət, elektron ödəmə həllərinin tətbiqinin genişləndirilməsi təşkil edir. Bu istiqamətlərlə yanaşı, bu gün əsas məsələlərdən biri də elektron auditin tətbiqinə nail olmaqdır.
 
Texnologiyalar vergi sistemində
 
Məhz bu sahənin də inkişafına yönələn "Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" "Tvinninq" layihəsi may ayında yekunlaşıb. Bununla bağlı fikirlərini "Rabitə dünyası" ilə paylaşan Elektron audit, insan resursları və informasiya texnologiyaları sahələrinin modernizasiyası məsələləri üzrə vergilər nazirinin müşaviri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Asəf Əsədov qeyd edib ki, vergi xidməti öz fəaliyyətində müasir informasiya texnologiyalarından geniş istifadə edir.

Son illər bu məqsədlə bir sıra iri layihələr həyata keçirilib. Bunların sırasında Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi, "Elektron bəyannamə", "İnternet Vergi İdarəsi", "Bir pəncərə", "ƏDV depozit hesabı", "Elektron vergi hesab fakturası", "Dövlət qurumları və banklarla inteqrasiya məlumat mübadiləsi sistemi" kimi iri layihələrin adını çəkmək olar.

Ölkəmizin vergi sisteminin inkişafına öz töhfəsini verən "Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" "Tvinninq" layihəsi də Azərbaycanın vergi sisteminin inkişafı üçün ən mühüm layihələrdən biridir.
 
E-audtit üzrə biliklər Azərbaycan şəraitinə uyğun və səmərəli tətbiq edilməlidir
 
Müşavirin sözlərinə görə, "E-audit Tvinninq" layihəsinin tərəfdaşı kimi Niderland Krallığının Vergi Administrasiyası seçilib və 2011-ci ilin mart ayından layihənin icrasına başlanılıb: "Layihənin icrası bu ilin mayın sonunda uğurla başa çatdırılıb.

Amma qeyd etməliyik ki, bu sistemə keçid düzgün metodologiyaların və təlim strategiyasının seçilməsini, onların inkişaf etdirilməsini, auditorlar tərəfindən yeni nəzəri və praktiki biliklərin əldə edilməsini, eləcə də bütün bu biliklərin Azərbaycan şəraitinə uyğun və səmərəli tətbiqini tələb edir. Məhz bu səbəbdən dünyada analoji audit platformasında tam şəkildə işləyən vergi orqanlarının sayı 10-dan çox deyil. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyəti bu sistemin tətbiqi istiqamətində işlər aparır".
 
 
E-auditin xidmət etdiyi çoxsaylı məqsədlər
Asəf Əsədov qeyd edib ki, e-auditin həyata keçirilməsi çoxşaxəli məqsədlərə xidmət edir. Bu proses ilk növbədə vergi intizamının artmasına gətirəcək: "Vergidən yayınan vergi ödəyicilərinə qarşı güclü baryerlər qoyulacaq. Digər tərəfdən, elektron əməliyyatların mürəkkəbliyindən və həcmindən asılı olmadan vergidən yayınma hallarının tam aşkar olunması üçün vergi orqanları üçün müvafiq şərait yaradacaq.

"Tvinninq" layihəsi ölkəmizdə e-auditin yaradılması, bu sahədə hüquqi, texniki və insan resursları bazasının formalaşdırılması istiqamətində ilkin prosesi başlamağa şərait yaradıb. "Tvinninq" layihəsi üzrə aparılan işlərə yekun vursaq, əminliklə demək olar ki, əldə olunan nəticələr vergi orqanları tərəfindən e-audit sahəsində texnoloji və insan potensialının əldə olunmasını nümayiş etdirmiş və bu potensialın yaxın gələcəkdə artırılması planlaşdırılır".
 
Elektron audit proseslərinin hüquqi əsaslarını tənzimləyən 13 yeni maddə zərurəti
 
Elektron auditin tətbiqi üçün müvafiq hüquqi bazanın yaradılması sözügedən layihədə əsas komponentlərdən olub. Bu məqsədlə VN Niderland, Avstriya və Almaniyanın qanunvericiliyini hərtərəfli öyrənərək təhlil edib. Bu sahədə aparılmış işlərin nəticəsi olaraq, cari ilin 1 yanvarından Vergi Məcəlləsinə elektron audit proseslərinin hüquqi əsaslarını tənzimləyən 13 yeni maddə daxil edilib. Müşavir qeyd edib ki, bu dəyişikliklərə əsasən, e-audit mühasibat işləri vergi ödəyicilərində elektron formatda aparıldıqda həyata keçirilir:

"Nəzərdə tutulub ki, e-audit, ilk növbədə, neft sektorunda fəaliyyət göstərən beynəlxalq şirkətlər, müxtəlif ölkələrdə çoxsaylı filialları və əməliyyatları olan holdinq tipli yerli müəssisə və şirkətlər, e-kassa aparatları və POS-terminallar vasitəsilə çoxlu sayda e-əməliyyatlar aparan iri və orta ticarət və xidmət obyektlərində aparılacaq. Bundan başqa, e-auditin bank, sığorta, lizinq, telekommunikasiya, e-ticarət üzrə ixtisaslaşmış şirkətlərdə, prosessinq mərkəzlərində və kommunal xidmətlər göstərən müəssisələrdə də aparılması nəzərdə tutulur".
 
Məcəllədə dəyişikliklər Azərbaycanda e-auditin hüquqi əsaslarını yaradıb
 
Nazirlik rəsmisinin fikrinə görə,  e-auditin hüquqi bazasının yaradılması ölkəmizdə fəaliyyət göstərən müəssisələrin sahə spesifikliyini nəzərə almaqla müvafiq e-audit metodologiyalarının hazırlanmasını tələb edib: "Bu sahədə Vergilər Nazirliyinin əməkdaşları tərəfindən bir sıra işlər həyata keçirilib, sahələr üzrə audit testləri və e-auditin tətbiqi üçün metodik tövsiyələr hazırlanıb tətbiq edilib. Məcəllədə dəyişikliklərin edilməsi Azərbaycanda e-auditin hüquqi əsaslarını yaradıb.


Layihə üzrə digər komponent Avropa İttifaqının standartlarına cavab verən müvafiq e-audit sisteminin müəyyənləşdirilməsi və bu sistemin ölkəmizdə tətbiqinin təmin olunmasıdır. Bu komponent proqram təminatı və metodologiya ilə birbaşa bağlıdır. E-məlumatların tamlığı və düzgünlüyü audit testləri əsasında avtomatlaşdırılmış qaydada xüsusi kompüter proqram təminatı vasitəsilə yoxlanılır və kənarlaşma hesabatları formalaşdırılır".
 
Elektron audit texnologiyasının tətbiqi vergidən yayınma risklərinin 90-95 faiz aşkarlanmasına imkan verir
 
 
Bu istiqamətdə də beynəlxalq təcrübəyə əsaslanan nazirlik e-auditin tətbiqi üçün inkişaf edən ölkələrdə geniş istifadə olunan ACL adlı kompüter proqram təminatı üzrə çoxlu sayda lisenziyalar və onların istifadəsi üçün kompüterlər alınıb. Bu proqram təminatından istifadə etməklə nazirliyin e-audit qrupu tərəfindən neft, bank və ticarət sahələri üçün hazırlanmış e-audit metodologiyaları əsasında çox qısa müddətdə vergi ödəyicisinin elektron əməliyyatlarında hansı tarixlərdə hansı əməliyyatlar üzrə kənarlaşmalar baş verdiyini aşkar etmək mümkündür.

Ümumiyyətlə, e-audit texnologiyasının tətbiqi vergidən yayınma risklərinin çox az vaxt sərf etməklə 90-95 faiz ehtimalla aşkarlanmasına imkan verir.
 
Elektron audit yoxlamaya sərf olunan vaxtı da minimuma endirib
 
Elektron auditin tətbiqi üzrə ilk addımların atıldığını da deyən A.Əsədovun sözlərinə görə, bu sahədə artıq ilkin nəticələr əldə edilib: "Neft, bank və ticarət sektorlarında e-auditin tətbiqi göstərir ki, vergi orqanları məlumatları müəssisələrdən e-formatda alaraq və vergidənyayınma risklərinin təhlilini avtomatlaşdırılmış qaydada aparmaqla, bir yoxlamaya sərf olunan vaxt və insan resurslarını təxminən 1,5 dəfə azaltmağa nail ola biliblər.

Vergidənyayınma risklərinin təhlilinin avtomatlaşdırılmış qaydada aparılması ilə 5 müəssisədə keçirilmiş sınaq-vergi yoxlamalarında hesablanmış verginin yoxlanılmış dövriyyədə xüsusi çəkisi əvvəlki yoxlamalara nisbətən nəzərəçarpacaq dərəcədə artıb. Eyni zamanda bankların e-auditi üzrə mükəmməl metodologiya hazırlanıb, bütün bank əməliyyatlarını əhatə edən 20-dən çox audit testləri tətbiq edilib. Bu da ilkin sınaq tədbirləri ilə bank sektorunda məsafədən avtomatlaşdırılmış vergi auditinin aparılması üçün imkanlar yaradıb".
 
Distant e-audit vasitəsilə çoxsaylı ödəyiciləri eyni zamanda yoxlamaq da mümkündür
 
Ümumilikdə isə sözügedən sistemin tətbiqi bir çox üstünlükləri ilə seçilir. Belə ki, vergi idarəetmə sistemi ilə vergi ödəyiciləri arasında birbaşa ünsiyyət minimuma endirilir, təqdim edilən xidmətlərin əksəriyyəti elektron formada keçirilir. Bundan başqa, sistem hər iki tərəf üçün səyyar vergi yoxlamaları ilə bağlı vaxt sərfiyyatını dəfələrlə azaltmaqla yanaşı, bu prosesin daha şəffaf keçirilməsini təmin edir.

Elektron auditin tətbiqi vergi orqanlarına distant e-audit vasitəsilə çoxsaylı vergi ödəyicilərini eyni vaxtda yoxlamaq imkanı da verir. Ümumiyyətlə, e-audit texnologiyalarını tətbiq edən ölkələrin də təcrübəsi göstərir ki, proses ümumilikdə vergidən yayınanların daha qısa zaman ərzində aşkarlanmasına və onlara qarşı müvafiq tədbirlərin görülməsinə imkan verməklə yanaşı, ölkədə vergi intizamını artıraraq, bu sahədə könüllülük prinsipinin  təmin olunmasına şərait yaradır. Nəticədə isə ölkədə büdcə daxilolmaları artır.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL