waplog

Mobil çihazların qeydiyyatının aparılmasında bu günə qədər heç bir problem yaranmayıb



 Bu günə qədər mobil çihazların qeydiyyatının aparılmasında heç bir problem yaranmayıb. Çünki həm əhali tərəfindən telefonların “İMEİ” kodlarının qeydiyyatının aparılmasının onların özləri üçün lazımlı olduğu başa düşülür, həm də qeydiyyat prosesi kifayət qədər operativ və yüksək səviyyədə qurulduğundan əlavə suallar meydana çıxmır.

Bu barədə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparıcı məsləhətçisi Zakir Qasımov "ICTnews" elektron xəbər xidmətinə məlumat verib. O bildirib ki, mobil cihazların qeydiyyatında yaranan suallar dərhal həll olunur: «Bu günə qədər bizə ciddi problemlərlə müraciət edən olmayıb. Çünki bütün proses yüksək səviyyədə həyata keçirilir. Əgər vətəndaşı bununla bağlı hər hansı  narahat edən məsələ olsa, onu da dərhal aradan qaldırmağa hazırıq. Bizə verilən ərizələr də qanunvericiliyə uyğun olaraq 3 gün ərzində baxılır və cavablandırılır».

Qeyd edək ki, mobil cihazların qeydiyyatının aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilib. Mobil cihaz qeydiyyat sistemi müvafiq qərara əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzində (MHM) yaradılıb. Qeydiyyat sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir.

Mobil cihazların qeydiyyatı ilə texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınması, itirilən və ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılması, ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınması, telekommunikasiya bazarında istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradılması, qeyri-qanuni yollarla idxal edilən mobil cihazların və dövlət büdcəsinə ödənişlərdən yayınma hallarının qarşısının alınması təmin edilir.

Mobil cihazların qeydiyyat sistemi (MCQS) bu ilin mayın 1-dən fəaliyyətə başlayıb. Həmin tarixdən etibarən şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsilə) hər bir mobil cihazın “İMEİ” nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır. Yeri gəlmişkən qeyd edək ki, bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.

SEYMUR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL