waplog

Mobil cihazların qeydiyyatı idxalçı tərəfindən aparılmalıdır


 
"Hər kəs bilməlidir ki, dükanlarda satılan mobil telefonların "IMEI" kodları artıq qeydiyyatdan keçmiş olmalıdır. Vətəndaşlar təzə telefon aldıqdan sonra özləri qeydiyyat mərkəzlərinə müraciət etməməlidir".  Bu fikirləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə Şöbəsinin aparıcı məsləhətçisi Zakir Qasımov

 "ICTnews.az" elektron xəbər xidmətinə verdiyi açıqlamasında söyləyib. Z.Qasımov qeyd edib ki, mağaza sahibləri mobil telefonları toplu şəkildə ölkəyə idxal edir və bundan sonra mobil cihaz qeydiyyat mərkəzinə müvafiq sənədlərlə müraciət edirlər. Sahibkarlar mobil telefonları toplu şəkildə qeydiyyatdan keçirdikdən sonra satış üçün dükanlara paylayırlar.
 
Alıcı mobil cihazların qeydiyyatını kimdən tələb etməlidir?
 
"Abunəçi təzə telefon aldığı zaman ona qeydiyyatdan keçmə ilə bağlı sms gəlirsə, bu halda vətəndaş hansı addımı atmalıdır" sualını cavablandıran Z.Qasımov bildirib ki, əgər mağazalardakı mobil cihazların qeydiyyatdan keçirilməməsi aşkarlanarsa, deməli, burada qeyri-qanuni proseslər baş verib:

"Vətəndaş dükandan təzə mobil telefon aldığı zaman ona qeydiyyatdan keçmə ilə bağlı sms gəlirsə, deməli, burda qeyri-qanuni proseslər baş verib. Ona görə də dükanla olan münasibətləri həll etməlidir. Ya aldığı mobil telefonu geri qaytarmalı, ya da telefonun "IMEI" kodunun qeydiyyatının aparılmasını dükandan tələb etməlidir. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulan orqanlara da müraciət edə bilər. Bu halda vətəndaşın dükanla özü arasındakı münasibətləri tənzimləməsi olduqca vacibdir. Çünki şəxsin aldığı cihaz ölkəyə ya qeyri-qanuni şəkildə gətirilib, vergidən yayındırılıb, ya da telefonun keyfiyyət göstəricisi tələb olan standartlara uyğun deyildir.  Ona görə də vətəndaşlar mobil telefon alarkən diqqətli olmalıdırlar və onları rəsmi distribüterlərdən almalıdırlar. Çünki distribüterlərin satışa çıxardıqları cihazlar  həm zəmanətlidir, həm də sertifikatlıdır".
 
Vətəndaş yalnız bu halda fərdi qaydada müraciət etməlidir
 
Məlumat üçün bildirək ki, hər bir Azərbaycan vətəndaşı fərdi qaydada mobil telefonlarının "IMEI" kodlarını qeydiyyatdan keçirə bilərlər. Bu zaman ortaya belə bir sual çıxır: "Vətəndaşlar hansı hallarda fərdi qaydada telefonlarının "IMEI" kodlarını qeydiyyatdan keçirmək üçün müraciət etməlidirlər?" Z.Qasımov xatırladır ki, qanunvericilikdə də bu məsələ açıq formada qeyd olunub. Onun sözlərinə görə, vətəndaşlar şəxsi istifadə məqsədi ilə respublika ərazisinə xaricdən gətirdikləri telefonları fərdi qaydada müraciət etməklə qeydiyyatdan keçirə bilərlər: "Yəni vətəndaş hansısa xarici ölkədə səfərdədirsə, oradan qayıdarkən özünə bir-iki ədəd telefon alıb gətirirsə, o halda müraciət edib telefonların "IMEI" kodlarını qeydiyyatdan keçirməlidir".
 
 
 
Dükan sahiblərinin mobil cihazları qeydiyyatdan keçirməməsində hansı marağı ola bilər?

 
İlk öncə bildirək ki, mobil telefonların "IMEI" kodlarının qeydiyyatı aparılarkən cihazın beynəlxalq standartlara cavab verməsi, zərərli şüalar yaymaması, oğurluq olmaması önəmlidir. Qeydiyyat zamanı bu kimi məsələlərin ortaya çıxdığını söyləyən Z.Qasımov əlavə edib ki, idxalçılar mobil telefonları qeydiyyatdan keçirməməkdə maraqlı ola bilərlər. Çünki dükan sahibləri mobil telefonları toplu halda gətirdiyi üçün qeydiyyatdan keçirdiyi zaman dövlətə vergi ödəməlidir:

"Ola bilər ki, dükan sahibi bu vergidən yayınmaq üçün mobil cihazların "IMEI" kodlarının qeydiyyatını aparmasın. Satdığı telefonun qeydiyyatını alıcının üzərinə qoysun. Ona görə də vətəndaş mağazalardan mobil telefon alarkən onun qeydiyyatdan keçib-keçməməsi ilə maraqlanmalıdır".

Qeyd edək ki, ölkəyə vətəndaşlar tərəfindən gətirilən bir-iki telefonun qeydiyyatdan keçirilməsi üçün heç bir vergi tələb olunmur. Bunlar tamamilə pulsuz şəkildə həyata keçirilir:

"Rüsum tətbiqi yalnız və yalnız ölkəyə mobil telefonların topdan idxalı zamanı olur. Bundan başqa, qanunvericiliyə görə, istənilən adam şəxsi istifadə məqsədi ilə (yəni kommersiya məqsədi daşımadan) özü üçün hər hansı bir malı gömrükdən keçirirsə və onun da dəyəri 1000 dollardan artıqdırsa, mütləq gömrükdə bəyan olunmalıdır. Yəni bu hallarda vergi ödənilir. Ona görə də bildirirəm ki, vətəndaşların gətirdikləri mobil telefonların "IMEI" kodlarının qeydiyyatı tamamilə pulsuz həyata keçirilir. Digər məsələlər isə mövcud qanunvericiliyə əsasən tənzimlənir".
 
 
Mobil cihazların qeydiyyatı bölgələrdə də mümkündür
 
 
Azərbaycanın rayonlarında yaşayan sakinlərin mobil telefonlarının "IMEI" kodlarını qeydiyyatdan keçirmək üçün paytaxta gəlməsinə ehtiyac yoxdur. Z.Qasımov bildirir ki, bölgə sakinləri istifadə etdikləri mobil operatorların müştəri xidmətlərinə müraciət etməklə bu əməliyyatları tam ödənişsiz şəkildə həyata keçirə bilərlər: "Bu zaman vətəndaş sadəcə olaraq həmin mobil cihazı və şəxsiyyət vəsiqəsini özü ilə götürməlidir".
 
Qeydiyyatdan yalnız yeni cihazlar keçirilir
 

Müsahibimiz vurğulayır ki, vətəndaşlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "qaynar xətt"i vasitəsilə tez-tez hansı mobil telefonların qeydiyyatdan keçirilməsinin vacibliyini soruşurlar. Məlumat üçün bildirək ki, mobil cihazların "IMEI" kodlarının qeydiyyatının aparılması yalnız yeni mobil telefonlara aiddir: "Bildirirəm ki, yalnız cari ilin may ayından bu yana ölkəyə gətirilən mobil telefonların qeydiyyatı aparılmalıdır. Çünki birmənalı olaraq göstərilir ki, sistem fəaliyyətə başladığı günədək fəaliyyətdə olan mobil telefonların hamısı qeydiyyata alınmış hesab olunur. Amma bir sıra çətinliklər də yaranır. Məsələn, vətəndaş telefonu alıb və uzun müddət evində saxlayıb, heç bir zaman da işlətməyib.

Bundan sonra həmin mobil telefonunu istifadə etdiyi zaman onun "IMEI" kodunun qeydiyyatı mütləq vacibdir. Çünki bu günə qədər şəbəkədə həmin cihaz görsənməyib.  Yeri gəlmişkən qeyd edim ki, RİTN bu istiqamətdə maarifləndirməyə böyük önəm verir. Çünki bəzi məsələlərdə buna ehtiyac duyulur. Hazırda yay ayları olduğu üçün bir çox vətəndaşımız xarici ölkələrə istirahətə yollanıb. Qayıdarkən özləri ilə mobil cihazlar da gətirə bilərlər. Bildiririk ki, cihazları alarkən mütləq onların zəmanətli və sertifikatlı olmasına xüsusi diqqət yetirsinlər. Əks halda standartlara uyğun olmayan, "IMEI" nömrələri beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin olunmayan cihazların şəbəkədə istifadəsinə məhdudiyyət  tətbiq olunacaq. Tövsiyə olunur ki, zəmanəti olmayan cihazları almaqdan çəkinsinlər".

Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL