waplog

Azərbaycanda “IMEI” kodlar elektron imza vasitəsilə qeydiyyata alınacaqlar



Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu ilin sentyabr ayından etibarən “IMEI” (International Mobile Equipment Identification - Mobil cihazların qeydiyyat sistemi)  kodları yeni üsulla qeydiyyatını həyata keçirəcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda nazirliyin müvafiq strukturları tərəfindən bu istiqamətdə tamamlama işləri aparılır.

“Bu üsulun yeniliyi ondan ibarət olacaq ki, artıq “IMEI” kodu qeydiyyatdan keçirmək üçün mütləq elektron imzanın istifadəsi tələb olunacaq”, - deyə nazirliyin tənzimləmə şöbəsində bildiriblər.

Xatırladaq ki, “IMEI” kodlarının qeydiyyat sistemi 2013-cü il mayın 1-dən etibarən istifadəyə verilib.
Azərbaycanda təsdiq edilmiş qaydalar uyğun şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (ölkə mobil operatorlarının SİM kartları vasitəsilə) hər bir mobil cihazın “IMEI” nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.

Bu qayda Azərbaycana gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər. “IMEI” kodu öyrənmək üçün mobil cihaz istifadəçilərinə *#06# qısa nömrəsini yığmaq və ya “www.imei.az” internet səhifəsində mövcud olan interaktiv xidmətdən istifadə etmək kifayətdir.

Mobil cihazların “IMEI” nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirmək, eləcə də əlavə məlumatlar əldə etmək mümkündür.

Qeydiyyatı əksər hallarda mobil qurğu satıcıları və mobil qurğuların idxalı ilə məşğul olan hüquqi statusundan asılı olmayaraq digər sahibkarlar həyata keçirirlər. Mobil qurğunun qeydiyyatı olmadıqda və o, qara siyahıya aid olduqda mobil operator 24 saat ərzində onun istismarını çətinləşdirməlidir. “IMEI” kodların qara zənbilindən olan qurğularına xidmət göstərən vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər isə 10 min manat cərimə ediləcəklər. Bu cür hallar təkrar aşkar edildiyi halda cərimələrin məbləği müvafiq olaraq 4 min və 20 min manatadək artır.

Mobil qurğunun “IMEI” kodunun qeydiyyat sisteminə qoşulmadığı və qurğunun sistemə uyğunlaşdırılmadığı halda vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 25 min manat cərimə ediləcəklər.

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən mobil qurğular, mobil rabitə operatorlarının fəaliyyətinə mənfi təsir göstərir, istifadəçilərin səhhətinə ziyan vurur və mobil qurğuların “IMEI” kodlarının qeydiyyat sisteminin tətbiqi bunların qarşısını almaq üçün ən effektiv tədbirlərdən biridir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL