Azərbaycan ədəbiyyatının virtual kitabxanasına ən çox soruşulan kitabların elektron versiyasının yerləşdirilməsi davam edir
Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaradılması məqsədi ilə respublika əhəmiyyətli kitabxanalarda iş aparılaraq, onların veb-saytlarında ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatına dair ən çox soruşulan kitabların elektron versiyası yerləşdirilir.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova məlumat verib. Onun sözlərinə görə, "Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na əsasən indiyə qədər xeyli iş görülüb.
Belə ki, ötən müddətdə respublikanın şəhər, rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin müasir informasiya texnologiyaları ilə təmin edilməsi, kompüterləşdirilmiş kitabxana infrastrukturunun yaradılması, habelə "Elektron kataloq" və "Elektron kitabxana"ların yaradılması üçün şəhər (rayon) icra hakimiyyətlərinə və şəhər (rayon) mədəniyyət və turizm idarələrinə (şöbələrinə) müvafiq məktublar göndərilib, bu işin təşkili üçün regionlarda fəaliyyət göstərən kitabxanalara əməli köməklik göstərilib:
"2008-2009-cu illərdə Gözdən Əlillər üçün Respublika Kitabxanası, M.Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanası, M.Qorki adına Bakı şəhər Mərkəzi Səyyar Kitabxana Fondunun, Sabir adına Kitabxana - klub, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Sumqayıt şəhər mərkəzi və uşaq, Quba, Ağdaş, Neftçala, Şamaxı, Bərdə, Hacıqabul, Qəbələ, Zərdab, Salyan, Astara, Beyləqan, Ağstafa, Sabirabad, Gədəbəy, Tovuz, Ağsu, Kürdəmir, Qusar, İmişli, Ucar, Göyçay, Saatlı, Masallı, Balakən, Abşeron, Qazax, Füzuli, Qubadlı və Tərtər rayon mərkəzi kitabxanalarının veb-saytları yaradılıb, M.F.Axundov adına Milli Kitabxana, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının veb-saytları modernləşdirilib və oxucuların istifadəsinə verilib. Sumqayıt şəhər Mərkəzi və uşaq kitabxanaları, Gəncə, Şəki şəhər, Şamaxı, Neftçala, Ağdaş, Bərdə, Zərdab, Salyan, Qəbələ, Sabirabad, Hacıqabul, Şamaxı, Gədəbəy, Masallı, Qazax, Samux rayon mərkəzi kitabxanaları avtomatlaşdırılmış kitabxana - informasiya sistemləri ilə təchiz edilib, "Elektron kataloq", "Elektron kitabxana" yaradılması işinə başlanılıb.
Respublikanın bir çox rayonlarında kitabxanaların avtomatlaşdırılmış kitabxana - informasiya sistemləri ilə təchizatı, "Elektron kataloq", "Elektron kitabxana" yaradılması sahəsində tədbirlər həyata keçirilsə də, şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələri) bu sahədə fəaliyyətlərini intensivləşdirməsinə ciddi ehtiyac var".
Sektor müdiri qeyd edib ki, respublika kitabxanaları informasiya cəmiyyəti və vətəndaş cəmiyyəti institutları ilə də əməkdaşlıq edir: "F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Gəncə şəhər Mərkəzi Kitabxanası kitabxana-informasiya sahəsinin inkişafına dair bir sıra layihələrdə iştirak ediblər. Gəncə şəhər MKS-i kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində "Bilik" QHT ilə birgə layihə icra olunmuş, xüsusi donor təşkilatların dəstəyi ilə şəhər MKS "İRBİS-64" Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi ilə təmin edilib. Hazırda birgə layihələr davam etdirilir".
Qeyd edək ki, 2009-cu ildən etibarən L.Məmmədova Prezident yanında Qeyri-hökumət Təşkilatlarına Yardım Fondunda mədəniyyət sahəsində Fonda təqdim olunan layihələr üzrə Ekspert Komissiyasının, habelə Rusiya Federasiyasının ELNİT (Elektron Kitabxanalar və Yeni İnformasiya Texnologiyaları Beynəlxalq Assosiasiyasının) Təşkilatının İdarə heyətinin üzvüdür. Bu üzvlük Azərbaycan kitabxanalarının yeni layihələrdə iştirak, habelə kitabxanalar üçün avtomatlaşdırılmış kitabxana – informasiya sistemlərini güzəştli qiymətlə alınması, kitabxanalarda "Elektron kataloq" və "Elektron kitabxana"ların yaradılması istiqamətində yeni imkanlar yaradır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL