waplog

Dünyanın ən zəngin İT liderləri



Biz tez-tez dünyanın ən varlı şəxslərinin müxtəlif reytinq və top-onluqlarına rast gəlirik. Neft maqnatları, media şirkətlərinin sahibləri, bank sahibləri və investorların gəlirləri yüz milyardlarla ölçülür. İnformasiya texnologiyaları sənayesinin təmsilçiləri də bu siyahıda mühüm yerlərdən birini tutur.
"ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən 2013-cü ilin ən varlı 10 İT şəxsinin reytinqini təqdim edir:
 






1. Bill Qeyts





Reytinqin daimi lideri olan "Microsoft" şirkətinin banisi və Direktorlar şurasının sədri Bill Qeyts bu il də ən varlı İT şəxs olub. Onun kapitalının həcmi 67 milyard dollardır. "Forbes" jurnalının məlumatına görə, planetin ən zəngin adamları sırasında B.Qeyts 2-ci yeri tutur. O, ötən il öz birinciliyini çoxdankı rəqibi olan media maqnatı meksikalı Karlos Slimə (Carlos Slim) ötürmüşdü.




 
2. Larri Ellison





İT sahəsinin təmsilçiləri sırasında ikinci yeri "Oracle" şirkətinin banisi və rəhbəri Larri Ellison tutur. 2013-cü il üçün onun gəlirlərinin həcmi 43 milyard dollarla qiymətləndirilir. "Forbes"in reytinqində o, ötən illə müqayisədə bir pillə qalxaraq 5-ci yerə sahib olmuşdur. Qeyd edək ki, L.Ellison Bill Qeyts və Uorren Baffetlə birgə ABŞ-ın ən varlı şəxslərinin ilk üçlüyündədir.
 






3. Cef Bezos





Siyahının 3-cü pilləsində dünyanın məşhur internet-maqazini olan "Amazon.com"-un rəhbəri Cef Bezos qərarlaşıb. İnternet-sahibkarın kapitalı 25,2 milyard dollardır. Dünya üzrə ən varlı adamların siyahısında Bezos 19-cu yerdədir. Ötən il isə o, 26-cı pilləyə sahib idi.
 







4. Larri Peyc





"Google" korporasiyasının rəhbəri və yaradıcılarından biri olan Larri Peyc yüksək texnologiyalar sənayesinin ən varlı nümayəndələri sırasında 4-cü yerdədir. Onun varidatının həcmi 23 milyard dollardır. "Forbes"in reytinqində Peyc dünyanın ən zəngin 24-cü şəxsidir.



 



5. Sergey Brin





5-ci yerin sahibi, Peycin dostu və partnyoru – "Google"un digər yaradıcısı Sergey Brindir. Onun kapitalının həcmi 22,8 milyard dollardır. S.Brin planetin ən varlı 21-ci şəxsidir.



 





6. Maykl Dell



"Dell" şirkətinin rəhbəri Maykl Dell 15,3 milyard dollar gəlirlə reytinqin 6-cı pilləsindədir. Milyarderlər siyahısında isə o, 49-cu sıradadır.
 










7. Stiv Ballmer





"Microsoft" şirkətinin daha bir nümayəndəsi, şirkət rəhbəri Stiv Ballmer də ən varlı İT şəxslərin sırasındadır. 2013-cü ilin nəticələrinə görə, 15,2 milyard gəlir ilə o, 7-ci pillədə qərarlaşıb. Dünya varlılarının reytinqində isə 51-ci yeri tutur.



 




8. Pol Allen




Reytinqin növbəti pilləsi də "Microsoft" şirkətinin nümayəndələrindən birinə aiddir. 8-ci yerin sahibi olan bu şəxs Bill Qeytsin məktəb yoldaşı və şirkətin həmtəsisçisi olan Pol Allendir. Əlavə məlumat üçün bildirək ki, o, hazırda "Microsoft"da işləmir. Lakin şirkətin səhmləri və onun şəxsi investisiya fəaliyyəti 2013-cü ildə P.Allenə 15 milyard dollar gəlir gətirmişdir. "Forbes"in siyahısında isə o, 53-cü yerdədir.
 






9. Mark Zukerberq




İT sahəsinin ən gənc təmsilçisi "Facebook"un yaradıcısı və rəhbəri olan Mark Zukerberqdir. O, reytinqin 9-cu pilləsindədir. Gənc proqramçı və internet-sahibkarın şəxsi kapitalının həcmi 13,3 milyard dollar təşkil edir. 2012-ci ildə "Forbes"in təqdim etdiyi reytinqdə 35-ci yerdə olmasına baxmayaraq, bu il Zukerberq dünyanın ən varlı 66-cı şəxsidir. Ekspertlərin sözlərinə görə, 2012-ci ildə fond bazarında "Facebook"un səhmlərinin enib-qalxması və Zukerberqin xeyriyyəçilik məqsədilə böyük miqdarda ianə verməsi şirkətin geriləmə səbəblərindəndir.
 



10. Azim Premci





Reytinqin Amerika vətəndaşı olmayan yeganə və sonuncu varlı şəxsi "Wipro Limited" şirkətinin Direktorlar şurasının sədri Azim Premcidir. Onun kapitalının həcmi 11,2 milyard dollarla qiymətləndirilir. Ən varlılar sırasında isə o, 91-ci yerdədir. Premci Asiyada "ən əliaçıq adam" hesab olunur. Belə ki, 2012-ci ildə o, xeyriyyə məqsədilə 2,3 milyard dollar dəyərində ianə vermişdir.

Beləliklə, top-onluqda yer alan İT sənayesi nümayəndələrinin varidatının ümumi həcmi 251 milyard dollar təşkil edir.

Emil Hüseynov
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL