waplog

MSK-nın seçicilərə göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılaraq “Elektron hökumət” portalına inteqrasiya edilib



Mərkəzi Seçki Komissiyasının (MSK) seçicilərə göstərdiyi xidmətlərin bir qrupu elektronlaşdırılaraq "Elektron hökumət" portalına inteqrasiya edilib. Bu barədə MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı müvafiq sərəncama uyğun olaraq dövlət qurumlarında elektron xidmətlərin inkişafı üzrə tədbirlər həyata keçirilir.
 
Həmçinin 2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən Tədbirlər Planı təsdiq olunub. Həmin Tədbirlər Planına uyğun olaraq, hər bir dövlət qurumuna aid müvafiq bəndlər nəzərdə tutulub. MSK-ya aid bənddə seçki prosesində müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi qeyd olunub.
 
 Bu iki mühüm sənəddən irəli gələn tədbirləri həyata keçirmək üçün müəyyən addımlar atılıb.
MSK-nın seçicilərə göstərdiyi elektron xidmətlərin sayının hazırda 6 olduğunu deyən Rüfət Gülməmmədov vurğulayıb ki, seçki günü əlavə 3-4 xidmətin də göstərilməsi nəzərdə tutulub. Diqqətə çatdırıb ki, ümumilikdə 9-10 elektron xidmət "Elektron hökumət" portalı vasitəsilə seçicilərin istifadəsinə veriləcək.


 
"Əvvəlki illərdə seçicilər seçici siyahısında adlarını axtarmaq üçün mütləq öz dairələrini bilməli idilər. Hazırda isə seçicilər "Elektron hökumət" portalına inteqrasiya olunmuş xidmət vasitəsilə adını, soyadını, atasının adını, cinsini və təvəllüdünü yazmaqla səs verəcəyi məntəqəni və həmin məntəqənin aid olduğu dairəni müəyyənləşdirə bilərlər. Seçicilər həmin dairənin və məntəqənin yerini xəritə üzərində görmək imkanı da əldə edəcəklər. Onlar, həmçinin daimi yaşadıqları ünvanın parametrlərini daxil etməklə də dairəni və məntəqəni müəyyənləşdirə bilərlər. Hər iki halda əgər seçici adını siyahıda tapa bilməsə, "Elektron hökumət" portalına daxil edilmiş müvafiq xidmət vasitəsilə məlumatlarını onlayn şəkildə MSK-ya təqdim edə bilər".
MSK katibliyinin informasiya mərkəzinin müdiri vurğulayıb ki, seçicilər istədikləri dairə və məntəqənin nömrəsini seçməklə onun ünvanını əldə edə bilərlər. Həmçinin seçicilərin MSK-ya olan müraciətlərinin məzmunu da genişləndirilib. Artıq 5 adda müraciət forması mövcuddur. Seçicilər onlayn şəkildə müraciət formasının birini seçərək müraciətlərini MSK-ya göndərə bilərlər.


 
Seçki günü 1000-ə yaxın məntəqədə veb-kameralar quraşdırılacaq. "Elektron hökumət" portalı və MSK-nın müvafiq internet səhifələri vasitəsilə həmin veb-kameralara qoşulmaqla səsvermə prosesini canlı izləmək mümkün olacaq. Seçkinin yekunları ilə bağlı ilkin məlumatlar da müvafiq xidmətdən istifadə etməklə operativ şəkildə əldə ediləcək. Bu istiqamətdə addımlar davam etdirilir. 
Kamal Hacıyev

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL