waplog

RİTN-də “İnformasiya müharibəsi və informasiya təhlükəsizliyi” mövzusunda “dəyirmi masa” keçiriləcək


Bu ayın 10-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "İnformasiya müharibəsi və informasiya təhlükəsizliyi" mövzusunda "dəyirmi masa" keçiriləcək. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə nazirliyin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.
 
O bildirib ki,  tədbirin keçirilməsində əsas məqsəd müasir texnologiyaların sülhün təminatında, o cümlədən mürəkkəb vəziyyətdə, müharibə təbliğatında müasir texnologiyaların rolunu, İKT-nin informasiya müharibəsində yerini, sülh, əmin-amanlıq, təhlükəsizliyin təmin edilməsi üçün  informasiya təhlükəsizliyinin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparmaqdır:
 
«Məlum olduğu kimi, 21 sentyabr tarixi dünya ölkələri tərəfindən beynəlxalq sülh günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibəti ilə müxtəlif qurumlar, təsisatlar, dövlət orqanları, ictimai təşkilatlar tədbirlər keçirir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası İnsan hüquqları üzrə vəkili - ombudsman müxtəlif dövlət  orqanlarına, təsisatlarına müraciət edib.  Müraciətdə qeyd olunur ki, əhalinin hüquq düşüncəsinin və mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyə yol verilmədiyi, sülh və dözümlülük mədəniyyətinin, mənəvi dəyərlərin təbliği məqsədi ilə maarifləndirmə tədbirləri keçirilir. Ölkəmizdə də beynəlxalq sülh günü ərəfəsində ombudsmanın təşəbbüsü ilə 21 avqust - 21 sentyabr tarixlərində sülh aylığı keçirilir. Sülh aylığı çərçivəsində də həyata keçiriləcək "dəyirmi masa"da tərəfimizdən informasiya müharibələrinin cəmiyyətdə bu və ya digər məsələlərin həllinə təsiri və cəmiyyətin qorunması üçün önəmli olan tərəfləri açıqlanacaq. Bu da bizim üçün xüsusilə önəmlidir. Çünki Azərbaycanın böyük bir ərazisi Ermənistanın işğalçı qüvvələri tərəfindən işğal edilib. Ümumilikdə 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Bütün bunlar həmçinin mövcud faktdır».
 
 
Ermənistan tərəfindən informasiya müharibəsinin aparıldığını və həqiqətlərin təhrif edildiyini önə çəkən B.Məmmədov deyib ki, virtual məkanda da ölkəmizə edilən ərazi iddiaları irəli sürülür, müxtəlif informasiya mənbələrində ərazi bütövlüyümüzü saxtalaşdırmağa səy göstərilir: «Buna misal olaraq söyləyə bilərik ki, Azərbaycanda keçirilən "Avroviziya" mahnı müsabiqəsi zamanı Ermənistanın ümumi istifadədə olan informasiya resurslarında saxtalaşdırma fəaliyyəti həyata keçirildi. Bakının planı olan yerlərdə küçələrin adları təhrif edilirdi və yaxud da ərazilərimiz erməni əraziləri kimi göstərilirdi. Bu kimi addımlar onlar tərəfindən mütəmadi atılır. Biz də bu cür halların qarşısını almaq istiqamətində fəaliyyət göstərməliyik, necə ki, edirik. İlk növbədə həqiqətlərimizi dünya ictimaiyyətinə tanıdırıq. Bizdə olan mənbələri, faktları, tarixləri virtual məkanda yerləşdirməliyik. Faktlar üzərində informasiya resurslarımızı zənginləşdirsək, bu, informasiya müharibəsində olan ən böyük mübarizə üsulu ola bilər. Yalana, saxtakarlığa qarşı həqiqəti təqdim etmək lazımdır. Hesab edirəm ki, biz hər bir zaman öz qələbəmizi təmin edəcəyik».
 
Seymur Qasımbəyli
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL