BMT-nin Baş Assambleyası Avrasiya Rabitə Alyansının yaradılması ilə bağlı qətnamə qəbul edib
BMT Baş Assambleyasının 67-ci sessiyasının 98-ci plenar iclasında Azərbaycan Respublikasının təşəbbüsü ilə Avrasiya Rabitə Alyansının (Eurasian Connectivity Alliance - EuraCA) yaradılmasına dair müzakirələrin başlanılmasına dair qətnamə yekdilliklə qəbul olunub.
Bu qətnamə "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)"nın tikintisinin dəstəklənməsini nəzərdə tutur. Azərbaycan "EuraCA"-nı yaratmaq təşəbbüsünü bu ilin avqust ayında irəli sürüb və bu alyansın əsas məqsədi "TASİM" layihəsinin həyata keçirilməsi prosesini sürətləndirməkdir.
Qətnaməyə Azərbaycan ilə yanaşı, Belarus, Əfqanıstan, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Şri-Lanka, Türkiyə və Yeni Zelandiya həmmüəllif kimi qoşulublar.
Qətnamə layihəsini təqdim edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev ilk dəfə ölkəmizin təşəbbüsü əsasında 2012-ci ilin dekabrında Baş Assambleya tərəfindən qəbul edilmiş 67/194 saylı qətnamədə əks olunmuş Alyansın yaradılmasına diqqətin artırılmasının vacibliyini vurğulayıb.
Bildirilmişdir ki, sözügedən təşəbbüs informasiya və kommunikasiya texnologiyaları sahəsində trans-regional əməkdaşlığın genişləndirilməsi, bu sektorda mövcud olan ehtiyacların təmin edilməsi və problemlərin həllində hökumətlərə yardımın göstərilməsi, özəl sektorun marağının cəlb olunması və müvafiq sahədə bilik mübadiləsi üçün regional bir platformanın yaradılması məqsədini daşıyır.
Qətnamənin qəbulundan sonra Azərbaycanın təşəbbüsü əsasında Avrasiyada rabitənin təkmilləşdirilməsi mövzusunda panel müzakirələr keçirilmişdir. Müzakirələrdən əvvəl, Baş Assambleyanın 67-ci sessiyasının prezidenti Vuk Yeremiç, BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo və Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış ediblər.
Daha sonra Macarıstanın Milli İnkişaf Nazirliyinin dövlət katibi V.Valyi-Nagi, Dünya İqtisadi Forumunun informasiya texnologiyaları və telekommunikasiya sənayesi bölməsinin direktoru D.Kerimi, Orbit Elmləri Korporasiyasının böyük vitse-prezidenti K.Riçmond və "Turk Telekom İnternational" şirkətinin baş icraçı direktoru Ç.Öztelcan təqdimatlarla çıxış edib və müvafiq sahədə mövcud əməkdaşlıq imkanları haqda fikir mübadiləsi aparılıb.
Tədbirdə iştirak edən üzv dövlətlər regionda İKT infrastrukturunun inkişafı sahəsində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirmiş və gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.
"TASİM" layihəsi Azərbaycanın, 2008-ci ilin noyabrında telekommunikasiya və informasiya texnologiyaları üzrə "Bakutel-2008" beynəlxalq sərgi- konfransı çərçivəsində, çıxış etdiyi əhəmiyyətli regional təşəbbüslərdən biridir.
Layihənin yaradılması ilə bağlı "Bakutel -2008" sərgi-konfransı çərçivəsində xüsusi bəyannamə qəbul edilib.
Layihənin məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Almaniyanın Frankfurt şəhərindən Çinin Honkonq şəhərinədək istiqamətlənən Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçən tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Layihənin ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.
Xatırladaq ki, 2009-cu il dekabrın 21-də BMT Baş Assambleyasının 64-cü sessiyasında "TASİM" layihəsinə dair qətnamə qəbul edilib. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və birlikdə qəbul edilən qətnamədə "TASİM"-in əlaqələndirilməsində Azərbaycanın xüsusi rolu qeyd olunub. 2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında "TASİM" layihəsi üzrə növbəti qətnamə yekdilliklə qəbul edilib.
Layihənin reallaşdırılmasına dəstək vermək məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə geniş Avrasiya regionunda "rəqəmsal fərq"in aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini və özəl və dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.
2010-cu ilin aprelindən etibarən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "TASİM" layihəsinin İdarəetmə Qrupunu yaradıb və maliyyələşdirir.
2011-ci ilin iyulunda Qəbələdə Çin (Chinatelecom), Qazaxıstan (Kaztranscom), Rusiya (Rostelecom), Türkiyə (Turktelekom) və Avropa İttifaqının (Pantel) iştirakı ilə "TASİM" üzrə 1-ci Beynəlxalq seminar çərçivəsində layihənin Katibliyi yaradılıb və operatorlar "TASİM" konsorsiumunun yaradılmasına dair detallaşdırılmış Anlaşma Memorandumu üzərində işləməyə başlayıblar, bu ilin sentyabr ayında isə layihə çərçivəsində alyansın yaradılması gözlənilir.
"TASİM" Katibliyi tərəfindən Avropa İttifaqı, Türkiyə, Rusiya, Ukrayna, habelə BMT Katibliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) və Mərkəzi Asiya və Azərbaycan üzrə xüsusi Proqram (SPECA) qurumları ilə əlaqələr qurulub və müvafiq sənədlərdə bu əks etdirilib.
"TASİM" uzunmüddətli təşəbbüsdür və onun reallaşması iki mərhələdən ibarət olacaq. Bu ilin sonunda başa çatdırılması nəzərdə tutulan birinci mərhələdə, aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit infrastrukturunu yaradacaqlar. İkinci mərhələdə "TASİM" qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətli bağlantı ilə təmin edəcək. Milli telekom infrastrukturunun inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımdan təkmilləşdiriləcək və "TASİM" şəbəkəsinə birləşdiriləcək. İkinci mərhələdə "TASİM" layihəsi BMT mandatına uyğun olaraq həyata keçiriləcək.
"TASİM" layihəsi regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, bağlantının sürətləndirilməsinə və internet xidmətlərinin inkişafına kömək edəcək və iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına və rəqabətin artırılmasına xidmət edəcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL