waplog

AMEA Naxçıvan Bölməsinin elektron kitabxanası istifadəyə verilib


AMEA Naxçıvan Bölməsinin elektron kitabxanasının açılışı olub. AMEA-dan verilən məlumata görə, açılış mərasimində çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev bu gün Muxtar Respublikada elmin inkişafına hərtərəfli qayğı göstərildiyini, AMEA Naxçıvan Bölməsinə də bu qayğıdan pay düşdüyünü, bölmənin maddi-texniki bazasının gücləndirildiyini, əməkdaşların fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını bildirib.
 
 
Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 1972-ci ildən fəaliyyət göstərən bölmənin kitabxanasının elektron kitabxana statusu alması münasibətilə əməkdaşları təbrik edib. O, elektron kitabxanalarda müasir texniki avadanlığın quraşdırılması ilə yanaşı, onlardan səmərəli istifadənin vacibliyinə də nəzəri cəlb edib.
 
 
Muxtar Respublikanın rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirib ki, elektron kitabxananın yaradılması məqsədi ilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılıb. Kitabxana lazımi avadanlıqla təmin edilib, surətköçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün televizor və mobil elektron lövhə qoyulub.
 
 
Surətköçürmə aparatı kitabların elektron versiyalarının yaradılmasına və köhnə kitabların bərpasına imkan verir. Hazırda kitabxananın fondunda 33 minə yaxın kitab var. Kitabxanaya fiber-optik kabel çəkilib, daxili şəbəkə yaradılıb və internet səhifəsi hazırlanıb. Elektron kitabxananın resursları oxuculara lokal şəbəkə və internet vasitəsilə təqdim olunur.  Bu da fondun mühafizəsinə, oxucuların zamandan və məkandan asılı olmayaraq, istənilən vaxt kitabxananın xidmətlərindən səmərəli istifadə etmələrinə şərait yaradır.
 
 
Kitabxananın www.e-kitab.ameanb.nmr.az İnternet saytı dünyadakı istənilən elektron kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verəcək. İlkin mərhələdə kitabxanada 788 kitabın elektron kataloqu, 246 kitabın isə tam mətnli elektron versiyası hazırlanıb. Saytın "Kitabxana", "Elektron kataloq", "Bizimlə əlaqə" bölmələrində kitabxana ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, dövri mətbuatla tanış olmaq imkanı var. İnternet saytında kitablar haqqında biblioqrafik məlumat və kitabların elektron variantları, "Media" bölməsində isə audiokitablar və videofayllar yerləşdirilmişdir. "Elektron kitablar" bölməsində hər bir elm sahəsi üzrə ədəbiyyatlarla təchiz olunan ayrıca keçidlər var.
 
Bu da oxuculara kitabları həm əlifba sırası üzrə, həm də müxtəlif elm sahəsi üzrə axtarmaq imkanı verir. "Faydalı linklər" bölməsində isə digər kitabxanaların internet saytlarından istifadə etmək mümkündür.



Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL