İnformasiya Texnologiyaları Universitetinin tələbələrinin ilk təssüratları
Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsinin gələcək inkişafını, informasiya cəmiyyəti quruculuğu üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədilə yaradılan İnformasiya Texnologiyaları Universitetinin (İTU) tələbələri artıq bəllidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 fevral 2013-cü il tarixli Sərəncamı ilə yaradılan İTU-ya 2013 – 2014-cü tədris ili üçün 4 ixtisas üzrə - "İnformasiya təhlükəsizliyi", "Kompüter elmləri", "Kompüter mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" üzrə tələbə qəbulu aparılıb. Bu ali təhsil ocağına marağın böyük olması səbəbindən rəqabətli müsabiqə şəraiti yaranıb. Minimum 610 keçid balı toplayan abituriyentlər İKT sahəsində məhz ölkəmizdə təhsil almağı üstün tutub. Onların bəziləri ilə söhbətləşib fikirlərini və İTU-nu seçmələrinin səbəblərini öyrənməyə çalışdıq. Aldığımız cavabları oxuculara təqdim edirik:
Tamilla Umudova, 685 bal:
- Belə bir universitetdə oxumaqdan qürur hissi keçirirəm. Universitet seçimində verəcəyim qərara valideynlərimin mövqeyi də təsir edib. Lakin buna baxmayaraq mən özüm də uşaqlıqdan informasiya-kommunikasiya texnologiyaları sahəsində oxumaq və işləmək istəmişəm. Zənnimcə, İTU-ya daxil olmaq və İKT sahəsində işləmək mənə çox böyük şanslar verəcək. Gələcək karyeramda da uğurlar əldə edə biləcəm.
Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, bizim respublikada da informasiya texnologiyaları ən prioritet sahələrdən biridir. Düşünürəm ki, İKT gələcəkdə daha da nüfuzlu və populyar sahəyə çevriləcək. Burada işləmək də, əlbəttə, böyük zövq verəcək.
İTU-nu seçməyimə bir neçə səbəb var. Onlardan biri odur ki, İKT sahəsinin mütəxəssisləri yüksək maaş alırlar. Digər tərəfdən, burada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və idarələrində, ölkənin özəl sektorunda təcrübə toplamaq, eləcə də xarici ölkələrə praktikaya göndərilmək kimi imkanlar var.
Mən «Kompüter elmləri» ixtisasını seçmişəm. Düşünürəm ki, seçdiyim sahə çox genişdir. Bu ixtisası bitirdikdən sonra proqramçı, analitik və hətta müəllimə də işləyə bilərəm. Zənnimcə, elə kompüter elmlərini oxumaq və öyrənməyin özü çox maraqlı olacaq.
Bu günə qədər proqram dillərini müəyyən səviyyədə mənimsəmişəm. Lakin bunlar olduqca sadə və bəsit dillərdir. Düşünürəm ki, universitetdə biliklərimi daha da artıracam və yeni dilləri dərindən öyrənəcəyəm.
Ümid Süleymanov, 639 bal:
- Mənim əvvəlcədən, yəni I qrupa hazırlaşanda məqsədim İT üzrə təhsil almaq olub. Ona görə də Bakı Dövlət və Qafqaz universitetləri arasında seçim qarşısında qalmışdım. Amma bu il İnformasiya Texnologiyaları Universitetinin yaradıldığını gördüm və üstəlik, yeni təhsil ocağının imkanları mənə daha böyük göründü. Ona görə də qərara gəldim ki, bu elm ocağında təhsil almalıyam. Eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq «İnformasiya təhlükəsizliyi» ixtisasının bu il yaranması qərarımı daha da konkretləşdirdi.
Universitetlə bağlı yaradılan şərait və qarşımızda açılan imkanlar da qərarımda yanılmadığımı göstərdi. Bilirsiniz ki, tədrisin birinci ilində tələbələrə ingilis dilini tam şəkildə öyrədəcəklər. Bu da gələcək həyatımızda əhəmiyyətli rol oynayacaq.
Dünyanın bir çox ölkələrində İT üzrə ixtisaslaşmış təhsil ocaqları fəaliyyət göstərir. Oranı bitirən insanların karyeralarında nə qədər böyük uğurlar qazandığının şahidi olmuşuq. Azərbaycanda da belə bir universitetin yaradılması və mənim də həmin universitetin ilk tələbələrindən olmağım sevindirici və qürurverici haldır. Digər tərəfdən ölkənin İKT sektorunda kompleks şəkildə görülən işlər, əldə edilən nəticələr və obyektivlik İTU-ya olan inamımı daha da artırır.
Mən riyaziyyat elminə daha çox maraq göstərirəm. İT də riyaziyyat üzərində qurulduğuna görə və eləcə də yaxınlarımın bu istiqamətdə təhsil alması seçdiyim sahəyə marağı artırıb.
«İnformasiya təhlükəsizliyi» ixtisasını seçməyim də əbəs deyil. Düşünürəm ki, bu gün informasiya təhlükəsizliyinə böyük tələbat var. Məncə, informasiya təhlükəsizliyi sahəsilə məşğul olan mütəxəssis ilk növbədə hakerlərdən daha çox bilməlidir. Əks təqdirdə hücumların qarşısını ala, müdafiə səddi qura bilməz. Düşünürəm ki, İTU-da aldığım təhsillə nə zamansa güclü İT mütəxəssisi ola biləcəm.
Gülxarə Babayeva, 618 bal:
- Mən gələcəkdə informasiyanın güclü olacağını, informasiya-kommunikasiya texnologiyalarının daha da inkişaf edəcəyini və bu sahənin mütəxəssislərinə daha çox ehtiyac duyulacağını hesab etdiyim üçün İnformasiya Texnologiyaları Universitetini seçmişəm. Lap əvvəldən də kompüter mühəndisliyinə marağım və arzum var idi. Ona görə də tərəddüd etmədən «Kompüter mühəndisliyi» ixtisasını seçdim.
İTU-da birinci növbədə ingilis dilini yüksək səviyyədə keçmələri mənim üçün böyük şans oldu. Özüm də bunu istəyirdim. Bizim ölkədə İTU yeganə universitetlərdən biridir ki, 5 illik təhsil sistemi var.
Əvvəlcədən bəyan edilib ki, magistr təhsilini xaricdə almaq şansımız olacaq. Eyni zamanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, onun idarələrində və bir çox yerli və özəl şirkətlərdə təcrübə keçmək imkanı yaradılacaq. İşlə təmin edilmə baxımından çətinlik olmayacaq. Bütün bunlar mənim seçimimi etməyimdə bir əsas oldu.
Kompüterlərlə bağlı çox sadə biliklərə malikəm. Amma məqsədim bu sahəni dərindən öyrənməkdir.
İsa Məmmədov, 617 bal:
- İnformasiya-kommunikasiya texnologiyaları hazırda gələcəyə gedən ən doğru yoldur. Bu gün kompüter elmləri, yeni texnologiyalar, informasiya mənbələri ən prioritet sahələrdir. Mən bu sahədə biliklərimizin artırılmasında, ən çox məlumat əldə etməyimizdə, peşəkar kimi yetişməyimizdə İnformasiya Texnologiyaları Universitetinin böyük rol oynayacağını düşünürəm. Ona görə də «Kompüter elmləri» ixtisasını seçmişəm. Qərarımı ailəmlə məsləhətləşdikdən sonra verdim. Bilirsiniz ki, universitetdə 4 ixtisas üzrə təhsil verəcəklər. Mənim üçün bu ixtisaslardan ən əsası kompüter elmləri oldu. Bu ixtisası seçməyimin digər səbəbi də onunla məşğul olan insanların tez bir zamanda uğur qazanması, yaşayış səviyyəsinin yüksəlməsidir. Hazırda mənim kompüter və proqram dilləri ilə bağlı olan biliklərim azdır. Amma bu sahəni dərindən öyrənmək üçün çox həvəsliyəm.
Nərmin Səmədli, 612 bal:
- İnformasiya Texnologiyaları Universitetində yüksək bal toplayan tələbələr oxuyacaq. Onların bilik səviyyəsi yüksək olacaq. Burada zəiflər oxumayacaq. Bundan başqa, İTU-da təhsil alacaq tələbələrə yüksək şərait yaradılıb. Burada işlə təmin olunmaq məsələsi də xüsusi əhəmiyyət daşıyır. Yəni universiteti bitirdikdən sonra məzunların işlə təmin edilməsində çətinliklər yaranmayacaq. Rabitə və informasiya-kommunikasiya texnologiyaları çox perspektivli sahədir. Bütün bunlar da mənim İTU-nu seçməyimə təsir edib. Çox şadam ki, belə bir universitetdə təhsil alacam.
Hələlik mənim informasiya texnologiyaları ilə bağlı biliklərim çox azdır. Məncə, İTU-da biliklərimi daha da artıra biləcəm. Üstəlik, İnformasiya Texnologiyaları Universiteti xaricdəki təhsil ocaqlarına çıxış əldə etmək imkanı verir. Bütün bunlar da İTU-da tələbələrin bir mütəxəssis kimi yetişməsinə kömək edən başlıca amillərdəndir.
İTU-da təhsilin ilk ilində bizə ingilis dilini mükəmməl öyrədəcəklər. Şəxsən mən bu ideyanı çox müsbət qarşıladım. Çünki informasiya texnologiyaları ilə məşğul olmaq istəyən ilk növbədə ingilis dilini mükəmməl bilməlidir. İngilis dili ilə gələcəkdə görəcəyimiz işi daha yaxşı qavramaq mümkündür.
Mən «İnformasiya təhlükəsizliyi» ixtisasını seçmişəm. Çünki bu, respublikamızda yaradılan ilk belə ixtisasdır. Bu ixtisas hələ indiyə kimi Azərbaycanın heç bir universitetində tədris olunmayıb. Deməli, böyük tələbat yaranıb ki, belə bir ixtisas formalaşdırılıb. Biz dünya xəbərlərində tez-tez oxuyuruq ki, informasiya ehtiyatları dağıdılıb, müəyyən qədər ziyanlar dəyib və sairə. Ona görə də düşünürəm ki, bu ixtisas üzrə təhsil almağım mənə sözügedən sahədə geniş imkanlar açacaq. Yaxşı mütəxəssis kimi formalaşa bilsəm, çox yaxşı karyera da qura bilərəm.
Leyla Bekerova, 611bal:
- Çox sevincliyəm ki, İnformasiya Texnologiyaları Universitetində təhsil alacağam. Bu universiteti də seçməyimin bir neçə səbəbi var. Onlardan biri təhsil müddətinin 5 il olmasıdır. Digər səbəb isə bu universitetin ilk tələbələri və məzunları biz olacağıq. Ona görə də bizim işlə təmin olunmağımızda hər hansı bir çətinliyimiz olmayacaq. Üstəlik, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da informasiya-kommunikasiya texnologiyaları sahəsi daha perspektivli sahə hesab olunur. Düşündüm ki, İTU-nu seçməklə daha çox perspektiv əldə edə bilərəm.
Birinci tədris ilində yalnız ingilis dilinin və onun da tam mükəmməl formada tədris edilməsi hamı kimi məni də sevindirir. Bilirsiniz ki, hazırkı dünyanın inkişafı əsasən İKT üzərində qurulub. İngilis dilini mənimsəmədən bu inkişafın tərkib hissəsi olmaq çox çətindir.
Mənim seçdiyim «İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi» ixtisasının karyera qurmağımda başlıca rol oynayacağına inanıram. Doğrudur, hələlik seçdiyim ixtisasla bağlı məlumatım olduqca azdır. Müəyyən miqdarda proqram dillərindən və digər məsələlərdən məlumatlıyam. Ancaq bizim uğurlu gələcəyimizin İTU ilə qurulacağına, formalaşacağına böyük ümidlər bəsləyirəm.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL