“Bank Respublika” “Microsoft Enterprise Agreement” proqramına qoşulub
Azərbaycanın aparıcı banklarından biri olan “Bank Respublika” “Microsoft Enterprise Agreement” proqramı çərçivəsində “Microsoft” şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə müqavilə bağlayıb.
Bankdan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, müqavilə “Bank Respublika”nın bütün kompüterlərinin “Microsoft” platformasına keçirilməsini nəzərdə tutur.
Bank tərəfindən “Get Genuine Windows Agreement” proqramı çərçivəsində bütün iş stansiyalarında əvvəlcədən yüklənmiş “Windows” əməliyyat sistemini aktivləşdirmək üçün əsas lisenziyaların əldə edilməsi bu əməkdaşlıq istiqamətində mühüm addım oldu. Sifarişçi üçün əməliyyat sisteminin əsas lisenziyalarını əldə etmək vacib olduğundan və “Enterprise Agreement” kimi korporativ lisenziyalaşdırma proqramlarının yalnız “Windows Upgrade” lisenziyalarını təchiz etdiyindən, bu müqavilə çox mühüm idi. “Get Genuine Windows Agreement” - masaüstü əməliyyat sistemi üçün əsas lisenziyaların əldə edilməsi imkanını yaradır.
“GGWA” - beş və ya artıq “OC Windows” lisenziyası əldə etmək istəyən korporativ istifadəçilər üçün şəxsi kompüterlərdə əvvəlcədən yüklənmiş proqram təminatının lisenziyalaşdırılması üçün “Microsoft” tərəfindən tövsiyə edilmiş həldir.
“Enterprise Agreement” müqaviləsi “Microsoft” platformasını korporativ standart seçən 250 və ondan çox kompüteri olan şirkətlər üçün nəzərdə tutulub. Bu müqavilənin imzalanması “Bank Respublika” və “Microsoft” şirkəti arasında əməkdaşlıq üçün geniş perspektivlər açır, bank proseslərinin optimallaşdırılması və müasir texnologiyaların tətbiqinə xidmət göstərir. Layihənin operatoru “Softline International” şirkətidir.
“Bank Respublika”nın sədr müavini Aslan Abbasovun sözlərinə əsasən, müasir texnologiyaların inkişafı bankın birinci dərəcəli məqsədlərindən biridir.
“Enterprise Agreement”in imzalanması müəyyən planların həyata keçirilməsinə gətirib çıxaracaq və “Microsoft” korporasiyasının təqdim etdiyi geniş spektrli proqram təminatında istifadə imkanı yaradacaq", - deyə o bildirib.
“Microsoft Azərbaycan”ın baş meneceri Rüfət Hacıəlibəyov öz növbəsində qeyd edib ki, imzalanmış saziş “Bank Respublika” üçün gələcək əməkdaşlıq və İT infrastrukturunu standartlaşdırmaq imkanları yaradacaq.
“Enterprise Agreement” müqaviləsi bir sıra üstünlüklərə malikdir. Bunlardan ən önəmlisi “Microsoft” proqram təminatına görə ödənişləri bir dəfəyə deyil, il ərzində bir neçə ödənişlə aparmağa imkan verir. “Enterprise Agreement”, həmçinin, “Microsoft” məhsullarının ən son versiyasını istifadə etməyə imkan verir (“Software Assurance”).
“Enterprise Agreement” müqaviləsinin qüvvədə olduğu vaxt ərzində şirkət qeyd edilmiş bütün kompüterlərdə lisenziyalı məhsullardan istifadə edə bilər və müqavilə müddəti ərzində yeni kompüterləri əlavə edə bilər. Proqram təminatının satış dəyərinə tam nəzarət bir kompüter üçün nəzərdə tutulmuş lisenziyanın qiyməti müqavilənin qüvvədə olduğu vaxt ərzində sabit qalmasını təmin edir və “Software Assurance” opsiyasının əlavəsi yeni versiyaların çıxışı ilə mümkün qiymətlərin artımına qarşı sığortalayır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL