Milli peykin resurslarından mobil rabitə operatorları və banklar da yararlana bilər
Azərbaycanın milli telekommunikasiya peykinin resurslarından mobil rabitə və bankçılıq sahəsində çalışan şirkətlər istifadə edə bilərlər.
Azərkosmos“dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, milli peykin resurslarından ucqar ərazilərdə bank-maliyyə xidmətləri göstərmək istəyən banklar yararlana bilər.
Misal üçün, banklar yerüstü rabitə infrastrukturu olmayan və ya olduğu halda istifadəsi baha başa gələn dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində öz bankomatlarını və ya xidmət ofislərini quraraq onları peyk rabitəsinə əsaslanan VSAT şəbəkəsi vasitəsilə baş ofislərlə əlaqələndirə bilər.
Qeyd edək ki, dünya təcrübəsində banklar peyk rabitəsi həllərinin fəal istifadəçisidirlər. Misal üçün, Cənubi Afrikanın aparıcı banklarından olan “Absa Bank” 800-ə yaxın məntəqədə özünün 1200-dək bankomatının fəaliyyətini peyk rabitəsinə əsaslanan VSAT şəbəkəsi vasitəsilə təmin edir. Hindistanda isə ölkə üzrə fəaliyyət göstərən müxtəlif bankların 30 minədək bankomatı VSAT xidmətlərindən istifadə edir”,- deyə “Azərkosmos”dan bildiriblər.
Eyni imkanlar mobil rabitə operatorları üçün də mövcuddur: operatorlar üçün şəbəkənin zəif tutduğu və ya tutmadığı məntəqələrdə əlavə tikiləcək yeni qüllələr üçün fiber-optik xətlər çəkməyə və ya çoxsaylı ara qüllələr tikməyə ehtiyac qalmır. Bunun əvəzində mobil operatorlar son təyinat nöqtəsində sadəcə bir qüllə inşa edərək və orada VSAT peyk antenası quraşdıraraq mərkəzi ATS-lə peyk üzərindən rabitə yaradıb nəticədə keyfiyyətli və kəsintisiz əhatə dairəsini təmin edə bilərlər. Bu zaman operatorlar çoxsaylı qüllələrin tikintisinə, onların yerüstü elektrik və rabitə xətləri vasitəsilə əlaqələndirilməsinə və bütün bu infrastrukturun sonrakı dəstəklənməsinə çəkiləcək məsrəflərə qənaət etmiş olurlar. Göründüyü kimi, peyk rabitəsi bu sahədə yüksək rəqabətqabiliyyətli həllər təklif edir. Məhz bu səbəbdən, Afrika qitəsinin bir çox ölkələrində fəaliyyət göstərən “Vodafone”, “MTN” və “Millicom” kimi nəhəng telekommunikasiya şirkətləri mobil şəbəkəni təmin etmək məqsədilə çətinkeçilən ərazilərdə əsas rabitə kanalı kimi, digər yerlərdə isə rezerv kanal qismində peyk rabitəsindən istifadə edir.
Ümumiyyətlə, əsasən dağlıq relyefə malik olan və ya çoxsaylı adalar qrupundan təşkil olunmuş dünyanın bir sıra regionlarında (Latın Amerikası, Karib hövzəsi ölkələri, Cənub-Şərqi Asiya regionu) peyk rabitəsi mobil rabitə şəbəkəsinin təmin edilməsində aktual rol oynayır. Peyk rabitəsinin dünyada effektiv tətbiq olunduğu sahələrdən həmçinin neft-qaz sənayesini, səhiyyəni (teletibb xidmətləri), təhsil sahəsini qeyd etmək mümkündür.
“Azərkosmos” peyk rabitəsindən yararlanmaq istəyən müəssisə və şirkətlər üçün müvafiq xidmətləri təmin etməyə hazırdı.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL