İntiqam Babayev: “Kompüter oyunlarının Azərbaycan formatında istehsalına başlamışıq”
“İnformasiya -kommunikasiya texnologiyaları inkişaf və müasirliklə sıx vəhdətdə olan sahədir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət var. Ona görə də heç təsadüfi deyil ki, bu il bütövlükdə bu sektora həsr olunub”.
Bu fikirləri “ICTnews.az”-a verdiyi eksklüziv açıqlamasında Gənclər və idman nazirinin müavini İntiqam Babayev söyləyib.
O bildirib ki, təmsil olunduğu qurum gənclərin inkişaf etdirilməsində İKT sahəsinə böyük önəm verir: «Gənclər və İdman Nazirliyi olaraq çalışırıq ki, müxtəlif layihələr vasitəsilə gənclər arasında kompüter texnologiyalarına, yeniliyə olan marağı daha da artıraq. Bu zaman təkcə marağın artırılması deyil, eyni zamanda istifadənin səmərəliyini yüksəltmək istiqamətində addımlar atırıq. Bizim “İKT ili” çərçivəsində bir neçə tədbirlərimiz var. O cümlədən, artıq dünyada populyar olan kompüter oyunlarının Azərbaycan formatında istehsalına başlamışıq. İlin sonuna qədər 2 yeni kompüter oyununun təqdimatı olacaq. Onlardan biri Qarabağ savaşına həsr olunub. Digəri isə Azərbaycanın tarixi ilə bağlıdır. Eyni zamanda bu il Bakıda və regionlarımızda aztəminatlı ailələrdən olan gənclər üçün kompüter kursları kütləvi şəkildə təşkil olunub. Burda da minlərlə Azərbaycan gənci baza bilikləri əldə edib. Düşünürəm ki, bu biliklər də onların gələcək fəaliyyətində əhəmiyyətli rol oynayacaq”.
Bu gün Azərbaycanın təhsil sistemində kompüterləşmənin sürətlə getdiyini vurğulayan nazir müavinin sözlərinə görə, artıq ölkəmizdə “internet”, “kompüter”, “sosial şəbəkə” kimi ifadələr heç də təəccüb doğurmayan sözlərə çevrilib:
“Sadaladıqlarım artıq cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilib. Bu gün Azərbaycan gəncliyi sosial şəbəkələrdə fəal iştirak edir. Mən arzu edirəm ki, gənclər sosial şəbəkələrdə iştirak etməklə yanaşı, həm də Azərbaycan həqiqətlərini, mədəniyyətini, tarixini dünyaya təqdim etsinlər. Aydın məsələdir ki, gənclər daha çox asudə vaxtın təşkilinə fikir verirlər. Əksər hallarda tanışlıq saytlarına daxil olub ünsiyyət qurmağa, əyləncə ilə məşğul olmağa daha çox üstünlük verirlər. Bu da normaldır, gənclər bununla məşğul olmalıdırlar. Eyni zamanda, hesab edirəm ki, gənclər müəyyən vaxt ayırıb sosial şəbəkələrdə digər ölkələrdən olan həmyaşıdlarına Azərbaycan haqqında məlumat verməyə çalışmalıdırlar. Çünki bu gün biz informasiya əsrində yaşayırıq. Virtual aləmdə informasiya mübarizəmizi aparmalıyıq. Düşünürəm ki, biz bu mübarizədə mütləq qalib gəlməliyik. Çünki Azərbaycan dövləti bunun üçün bütün imkanları, şəraiti yaradıb. Gənclərimiz də bu şəraitdən istifadə etməlidir. Sosial şəbəkələrdə Azərbaycanın milli davası olan Qarabağ problemləri ilə bağlı faktların qoyulması, ölkəmizin bu günü və keçmişi ilə əlaqədar həqiqətləri əks etdirən materialların yayılması gənclər tərəfindən həyata keçirilməlidir. Bunlar yalnız hansısa ixtisaslaşmış təşkilatların, nazirliklərin və ya digər dövlət qurumlarının üzərinə düşməməlidir. Bu, eyni zamanda hər bir vətəndaşın, hər bir gəncin mənəvi borcudur ki, həyatının bir neçə saatını sosial şəbəkədə keçirdiyi zaman vaxt ayırıb ölkəsinin maraqlarını təbliğ etsin”.
Seymur Qasımbəyli
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL