Azərbaycanda su analizləri vahid sistemdə qeydiyyata alınacaq
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin laboratoriyalarında analizlər vahid sistemdə qeydiyyata alınacaq. Eyni zamanda analizlərin tam əhatəli informasiya bazası yaradılacaq. Uzaq məsafələrdə analizlər aparmaq üçün texniki imkanlar da genişləndirilib. Artıq bu məqsədlə “Azərsu” ASC-nin mərkəzi laboratoriyasının yeni inzibati binası istifadəyə verilib.
ASC-dən qeyd edilib ki, bina içməli və tullantı su bölmələrindən ibarətdir: “Bu bölmələrin hər birində mikrobioloji və fiziki-kimyəvi analiz şöbələri yerləşir. Laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərin avadanlığı quraşdırılıb. Bu avadanlığın köməyi ilə içməli və tullantı suların fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək mümkündür.
Regionun ən müasir laboratoriyasında quraşdırılmış “ICP-MS” cihazı vasitəsilə insan orqanizmi üçün olduqca təhlükəli sayılan toksik xarakterli ağır və digər metallar dəqiqliklə təyin olunur. Əgər əvvəllər içməli suyun 27, tullantı sularının 26 parametri olmaqla, ümumilikdə 53 parametr üzrə tədqiqatlar aparılırdısa, yeni laboratoriyada 138, o cümlədən içməli suyun 84, tullantı sularının 54 parametri təyin edilir”. Laboratoriyanın mikrobioloji analizlər otağında isə təhlükəli bakteriyalar təyin olunur:
“Tullantı suları bölməsində həm fiziki, həm də kimyəvi analizlər aparılır. Laboratoriya insan sağlamlığının və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Burada Abşeron yarımadasını içməli su ilə təmin edən mənbələr, sutəmizləyici qurğular, su anbarları, həmçinin təhsil, səhiyyə müəssisələri və ictimai iaşə obyektləri daxil olmaqla, 1800-dək ünvandan dövri olaraq, eləcə də istehlakçıların müraciətləri əsasında müəyyən olunmuş yerlərdən götürülmüş nümunələrin təhlil edilməsi nəzərdə tutulub”.
Yeni laboratoriya qurularkən respublikanın regionlarında istənilən ərazidə və şəraitdə analizlərin aparılması imkanları da təmin edilib: “Bu məqsədlə səyyar laboratoriya kimi fəaliyyət göstərən iki, su nümunələrinin daşınması üçün isə dörd xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb. Hazırda səyyar laboratoriyalar vasitəsilə rayon mərkəzlərində və kəndlərdə su nümunələrinin analizləri aparılır”.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL