waplog

Azərbaycanda işıq texnikası sahəsində aparılan tədqiqatlar genişləndiriləcək



Azərbaycanda işıq texnikası sahəsində aparılan tədqiqatlar genişləndiriləcək. Xüsusən də effektiv luminessent materialların strukturlarının və spektral-luminessent xassələrinin tədqiq edilməsi sahənin mütəxəssisləri tərəfindən təqdirəlayiq hesab edilir. Respublikada işıq diod lüminoforlarının istehsalına diqqət artıralacaq.
 
Eyni zamanda işıq diodlarının müxtəlif sahələrdə - məişətdə, küçələrdə və digər sahələrdə geniş istifadə olunması nəzərdə tutulur. Bu məsələlərlə bağlı müvafiq qərarlar AMEA Rəyasət Heyətinin növbəti iclasında qəbul olunub. AMEA-dan bildirilib ki, iclasda akademik Arif Paşayev, AMEA-nın müxbir üzvü Bahadur Tağıyev və fizika üzrə elmlər doktoru Oqtay Tağıyevin həmmüəllifi olduqları “İşıq diod luminoforları: fizika, texnologiya və texnika” mövzusunda elmi məruzədə aparılmış tədqiqatların nəticələri haqqında məlumat verilib.
 
Məruzə ilə çıxış edən Bahadur Tağıyev müasir dövrdə işıq texnikası sahəsində aparılan tədqiqatların əhəmiyyətini qeyd edərək, bu sahədə mövcud problemlərdən bəhs edib. Məruzəçi parlaq işıq diodlarının yaradılma texnologiyasının işlənilməsi və onlar üçün effektiv luminessent materialların sintezinin mürəkkəb məsələlərdən olduğunu bildirib. Hər iki problem üzrə dünyada geniş elmi-tədqiqat işlərinin aparıldığını qeyd edən alim AMEA Fizika İnstitutu və Milli Aviasiya Akademiyasında (MAA) dünyada rəqabətədavamlı yarımkeçiricilərin sintez texnologiyasının işləndiyini bildirib:
 
“MAA-da bu sahədə tədqiqatların aparılması üçün zəruri şərait yaradılmış, yüksək temperaturlu sintez texnologiyası üçün elektron idarəedici soba alınıb”.
 
B.Tağıyevin sözlərinə görə, bu sobanın köməyilə 2000 dərəcəyə qədər sintez temperaturu olan mürəkkəb tərkibli iki, üç və daha çox komponentli ucuz başa gələn oksid yarımkeçirici luminessent materialları sintez etmək mümkündür. Alınan elmi nəticələrin yüksək impakt faktorlu xarici jurnallarda dərc olunduğunu bildirən alim Fransa, İtaliya, Rusiya və Belarusun aparıcı elmi-tədqiqat müəssisələri ilə birgə elmi-praktiki əhəmiyyətli araşdırmaların aparıldığını da diqqətə çatdırıb.
 
 
Qeyd edək ki, işıq diodları texnologiyaları işıqlandırma sistemində geniş tətbiq edilən müasir yarımkeçirici elektron cihazlardan biridir. Bu gün dünyada işıq diodları əsasında hazırlanan məhsullara olan tələbat getdikcə artmaqdadır. Elektrik enerjisinə qənaət edən, fasiləsiz işləmə rejimi, yüksək etibarlılıq və davamlılığa malik olan işıq diodları vasitəsilə işıqlandırılma təhlükəsizlik və ekoloji standartlara cavab verməsi baxımından da bir sıra üstünlükləri ilə fərqlənir.
 
 
Müasir dövrdə elektrik enerjisinə qənaət məqsədi ilə küçələrin işıqlandırılması və kommersiya işlərində yeni yarımkeçirici işıq mənbələrindən istifadə etmək daha əlverişlidir. Hazırda işıq diodları siqnal və indikator sistemlərində geniş tətbiq olunur. Yüksək parlaqlığa malik olan işıq diodları közərmə, neon lampalarını və digərlərini əvəz edir.
 
Yaxın 10 il ərzində isə işıq diodları ənənəvi işıq mənbələrini əvəz edəcək. Hazırda bu iş dünya üzrə geniş miqyasda aparılır. Bu sahənin davamlı inkişafı üçün daha geniş elmi araşdırmalar aparan alimlər bu sahədə mövcud olan bir sıra problemlərin həlli istiqamətində mühüm nəticələr əldə edirlər. Azərbaycan alimləri də hazırda sözügedən sahə üzrə tədqiqatları genişləndirirlər.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL