waplog

Sağlamlıq imkanları məhdud olan azərbaycanlı şagird beynəlxalq seminara distant təhsillə qoşulub


“Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə bəndlərdən biri də “Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların İKT-dən is­ti­fadə imkanlarının artırılması üzrə işlərin həyata keçirilməsi”dir.
 
Eyni zamanda Tədbirlər Planında digər sahələrlə yanaşı, elektron təhsil həllərinin tətbiqinin genişləndirilməsi də nəzərdə tutulur. Sözügedən bəndləri özündə əks etdirə bilən Azərbaycanda ən uğurlu layihələrdən biri kimi isə tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması -distant təhsili qeyd etmək olar.
 
Müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradan təhsilin bu forması xüsusən də sağlamlıq imkanları məhdud olan şəxslər üçün əlverişlidir. Məhz təhsilin bu formasının yaratdığı geniş imkanlar sayəsində sağlamlıq imkanları məhdud olan azərbaycanlı şagird Ukraynanın Xerson vilayətinin Arbatskaya Strela şəhərində keçirilən “Serebral iflicin metodları: tibbin təsdiqlənmiş mövqeyi sahəsində prinsiplər” adlı beynəlxalq seminara qoşulub.
Seminarda Finlandiya, Avstraliya, ABŞ, Kanada, Hindistan, İtaliya, Şimali Koreya və bir çox dövlətlərin nevroloji reabilitasiya üzrə beynəlxalq ekspertləri iştirak edirdilər. Azərbaycanı isə tədbirdə Odlar Yurdu Universitetinin prorektoru Salam Əliyev təmsil edib. S.Əliyev internetdə də yayımlanan seminarda çıxış edərək, təqdimatında bir çox təkliflər, o cümlədən sosial modellə tibbi modelin birgə aparılması təklifini irəli sürüb.
 
Daha sonra distant təhsil üzrə təhsil alan Əsgər Mirzəyevin canlı olaraq seminara qoşulmasını məmnunluqla qarşılayan iştirakçılar bunu Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların yüksək səviyyədə sosiallaşması kimi qiymətləndiriblər.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL