waplog

İnformasiya texnologiyaları üzrə yeni dövlət standartları təsdiqlənib


İnformasiya texnologiyaları üzrə yeni dövlət standartları təsdiqlənib. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) AZS İSO/İEC 2382-18-2013 "İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı" və AZS İSO/İEC 2382-20-2013 "İnformasiya texnologiyaları – Sözlük – Hissə 20 – Sistemin işlənməsi" dövlət standartlarını təsdiq edib.
 
Komitədən bildirilib ki, standartların tətbiq vaxtı 1 oktyabr 2013-cü il tarixindən müəyyən edilib. Standartlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitəsi (TK 05) tərəfindən işlənilib, SMPDK-ya təqdim edilib.
 
 
AZS İSO/İEC 2382-18-2013 "İnformasiya texnologiyaları – Sözlük – Hissə 18 – Verilənlərin paylanmış emalı" dövlət standartı verilənlərin paylanmış emalı sahəsində beynəlxalq ünsiyyəti asanlaşdırmaq üçün nəzərdə tutulur. Standartda verilənlərin paylanmış emalına və xüsusən də şəbəkə elementləri və  komponentlərinə, şəbəkə topologiyasına, şəbəkə arxitekturasına, şəbəkə funksiya və tətbiqi proqramlarına aid anlayışlara tərif verilir.
 
 
AZS İSO/İEC 2382-20-2013 "İnformasiya texnologiyaları – Sözlük – Hissə 20 – Sistemin işlənməsi" dövlət standartında isə sistemin layihələndirilməsi və keyfiyyət təminatı da daxil olmaqla, sistemə olan tələblərin təhlilindən başlamış sistemin tətbiqinə qədər onun bütün həyat dövrünün əsas anlayışlarının tərifləri verilir.
 
 
Qeyd edək ki, standartların hazırlanması "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi üzrə Tədbirlər Planı"nda da yer alıb. Tədbirlər Planının "Beynəlxalq standartlar əsasında sahə üzrə standartların hazırlanması" bəndi üzrə beynəlxalq standartlar əsasında RİTN-də biometriya üzrə  3, rəqəmli TV üzrə 4, proqram məhsulları üzrə 2 və İT terminologiya üzrə 2 olmaqla, ümumilikdə 11 milli standart hazırlanıb və onların dövlət qeydiyyatına alınması üçün müvafiq işlər davam edir. 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL