waplog

AMEA ilə Almaniya arasında innovativ təfəkkürlü gənc alim və mütəxəssis hazırlığı siyasəti genişlənir


Müasir dövrdə biliklər iqtisadiyyatına inteqrasiya proseslərinin vüsət alması innovativ təfəkkürlü gənc alim və mütəxəssislərin hazırlığı siyasətinin yüksək səviyyədə həyata keçirilməsini tələb edir.
 
Bu gün elmi-texniki biliklərə dərindən yiyələnən mütəxəssislərin hazırlanması istənilən ölkənin inkişaf strategiyasının əsasını təşkil edir. Ölkədə elmi tədqiqatların və innovasiya siyasətinin səmərəsinin artırılması, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması kimi hədəfləri rəhbər tutan Azərbaycan Milli Elmlər Akademiyası yüksəkixtisaslı, böyük təcrübəyə malik kadrların yetişdirilməsi istiqamətində məqsədyönlü işlər aparır.
 
Hazırda AMEA ilə xarici ölkələrin qabaqcıl institut və elmi mərkəzləri arasında davamlı əməkdaşlıq əlaqələrinin inkişafı, gənc elmi kadrların yüksək bilik və təcrübə toplaması məqsədilə tədbirlərin yüksək səviyyədə təşkili prioritet məsələlərdəndir. Hər il AMEA-nın xətti ilə dünyanın nüfuzli elmi-tədqiqat institutları və elmi mərkəzlərinə ixtisas artımı, mühüm elmi araşdırmaların aparılması, təcrübə toplanılması məqsədilə onlarla gənc alim və mütəxəssis ezam olunur.
 
AMEA-dan verilən məlumata görə, cari ilin oktyabr ayında AMEA Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşı ixtisas artımı məqsədilə Almaniyaya ezam olunacaq: “Almaniyanın Rostok və Münhen Universitetlərinə bir il müddətinə ezam olunacaq institutun 6 əməkdaşından 2 gənc elmi işçi və mütəxəssis Münhen Universitetində çoxistiqamətli molekulyar analitika qrupunda elmi araşdırma aparacaq.
 
 Digər bir qrup isə Rostok Universitetində neft məhsullarının və yanacaqlarının istilik-fiziki xassələri, seçilmiş mineral yağ fraksiyalarının yanacaqlara uyğun xassələrinin araşdırılması və s. proseslərin tədqiqi ilə məşğul olacaq”.


 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL