waplog

“Dell” monitorlar bazarında “Samsung”u ötüb


Dünya fərdi kompüter monitorları bazarında dəyişiklik baş verib. Belə ki, 2007-ci ildən bəri ilk dəfə olaraq "Dell" şirkəti tədarük həcminə görə Koreyanın "Samsung" şirkətini üstələyərək 2013-cü ilin ikinci rübündə 5 milyondan çox bu məhsuldan tədarük edib.
 
Ümumilikdə bazarın həcmi 33,5 milyon ədəd qiymətləndirilib ki, bu da "IDC" şirkəti analitiklərinin gözlədiyi nəticədən 1,6 milyon çoxdur. Lakin ekspertlər qeyd edirlər ki, ötən rübdə monitorların tədarükü 2012-ci ilin müvafiq dövründən 6,7 faiz az olub. 
 
Elan edilmiş iri monitor istehsalçıları reytinqində 14,9 faizlik bazar payı ilə "Dell" şirkəti liderlik edir. Bir il əvvəl şirkət bazarın 13,8 faizinə nəzarət edib, monitorların tədarükü isə 4,9 milyon ədədə bərabər olub.
 
"Samsung" ikinci yerdə qərarlaşıb. Ötən rübdə Cənubi Koreya istehsalçısı 4,22 milyon monitor tədarük edib ki, bu da 2012-ci ildən 24,1 faiz aşağıdır. Bunu nəzərə almaqla şirkətin bazar payı 15,5 faizdən 12,6 faizədək azalıb, lakin mədaxil göstəricisinə görə "Samsung" ilə rəqabət apara biləcək şirkət yoxdur. Çünki şirkət monitor satışlarından 1,1 milyard dollardan çox qazanc əldə edib. Bu isə ümumdünya satış həcminin 18,5 faizi deməkdir.
 
Qlobal miqyasda "Hewlett-Packard" (HP) şirkəti üçüncü yeri (3,99 milyon monitor, bazar payı 11,9 faiz) tutsa da, Qərbi Avropa ölkələrində və Kanadada "HP" tədarük həcminə görə liderdir. 
 
Dördüncü yerdə 9,9 faizlik bazar payı ilə "LG" şirkəti yer alıb. Şirkət "TOP-5" siyahısında ən yüksək artıma nail olaraq 3,34 milyon monitor tədarük edib, halbuki ötən il bu göstərici 2,86 milyona (+16,6 faiz) bərabər olub. Beşinci yeri təxminən 3 milyon monitor (ötən ildən 9 faiz az) tədarük edən və 9,1 faizlik bazar payına sahib çıxan Çinin "Lenovo" şirkəti tutub.
 
Vəziyyəti coğrafi baxımdan təhlil edən analitiklər bildiriblər ki, ən böyük fərdi kompüter monitorları bazarı payı 29,2 faizə bərabər olan Çin olaraq qalır. İkinci yerdə 18,4 faizlə ABŞ, üçüncü yerdə 4,3 faizlik göstərici ilə Braziliyadır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL