UNESKO-nun tövsiyəsi - İKT bacarıqları məktəbdən aşılanmalıdır
Ölkənin peşəkar İT kadrlarına olan qıtlığından söz düşən istənilən məkanda ümumi bir fikir səsləndirilir - İKT bacarıqları məktəb illərindən aşılanmalıdır. Düzdür, bu arqumenti əsas götürən Təhsil Nazirliyi neçə il əvvəldən İKT-nin təhsil müəssisələrində tətbiqinin mərhələli icrasına başlayıb. Təhsil müəssisələrinin İKT təminatı, məktəblərin internetə qoşulması və s. sahələrdə hələlik vəziyyət istənilən həddə çatmasa da, məqsədə doğru yönələn planlar artıq müəyyənləşib. İlk əvvəl ondan başlayaq ki, tədris-təlimlərin məktəbdən başlaması üçün pedaqoji heyətin, yalnız informatika fənni müəllimlərinin deyil, bütün fənn müəllimlərinin heç olmasa elementar səviyyədə İKT bacarıqları formalaşmalıdır. Son illərin müşahidələri də təsdiqləyir ki, çoxaspektli proses olan təhsilin informasiyalaşdırlmasında digər amillərlə yanaşı, pedaqoqlara qarşı İKT üzrə xüsusi bacarıqların tələb kimi qoyulması da əsas şərtdir. Məhz bu səbəbdən UNESKO müəllimlərin İKT üzrə bacarıqlarına qarşı tələblərin (UNESCO’s ICT Competency Framework for Teachers) Çərçivə Sənədini müəyyənləşdirib.
İKT üzrə bacarıqlar da Çərçivə Sənədi ilə müəyyənləşdirir
“CISCO”, “Intel”, “ISTE” kimi qurumların iştirakı ilə hazırlanan və daim təkmilləşdirilməyi nəzərdə tutan UNESKO tövsiyələrinə görə, müasir müəllim üçün texnoloji savada yiyələnmək və bu savadı şagirdlərin formalaşdırılmasına yönəltmək yetərli deyil. O, həmçinin şagirdlərin ən sonda şəxsiyyətyönümlü vətəndaşlar kimi yetisdirilməsini hədəf götürməli və onları bu məqsədə xidmət edən İKT bacarıqlarından düzgün istifadə, uğurlu əməkdaşlıq, qarşıya çıxan məsələlərin sərbəst analizi və həlli kimi bir çox bacarıqlara alışdırmaq qabiliyyətinə malik olmalıdır. Bunun üçün müəllimlər təhsildə İKT-nin rolu anlayışını dəqiq bilməlidirlər. Digər tələblər kurrikulum və qiymətləndirmə, pedaqoji təcrübə, İKT üçün avadanlıq və proqram təminatı, təşkilat və təhsil prosesinin idarə edilməsi, eləcə də peşəkar inkişafdır. Ümumiyyətlə, UNESKO-nun tövsiyələri məktəbin informasiyalaşdırlmasında pedaqoqların İKT bacarıqlarının zənginləşdirilməsi, bacarıqların təhsil prosesinə mərhələlərlə inteqrasiyası kimi üç yanaşmanı irəli sürür. “İKT-nin təhsilə tətbiqi” adlanan birinci yanaşma müəllimlərdən təlim prosesində şagirdlərin İKT vərdişlərinin effektivliyinin artırılmasını tələb edir. “Biliklərin mənimsənilməsi” adlı ikinci yanaşma isə müəllimlərin qarşısında şagirdlərə təlim subyektlərinin dərindən mənimsənilməsi, real aləmdə rast gəlinən məsələlərin həllində əldə olunan bu biliklərin tətbiqi kimi tələbləri qoyur. Üçüncü yanaşma isə “İnformasiya istehsalı”dır ki, burada da müəllimlər gələcək vətəndaşlar və işçilər tərəfindən cəmiyyətin ahəngdar inkişafı və çiçəklənməsi üçün zəruri olan yeni biliklərin istehsalına yardım etməlidirlər. Müəllimlərin İKT üzrə bacarıqlar strukturunu müəyyənləşdirən bu üç yanaşmanın hər biri altı moduldan ibarətdir.
İKT bacarıqları üzrə təlimatlar təhsil siyasətinin formalaşmasında istifadə edilə bilər
UNESKO tövsiyələrinə əsasən, bu gün hər müəllim inkişaf etməkdə olan cəmiyyətin tələblərinə cavab verə bilən təhsil üsulları və təşkilati formalardan istifadə etməlidir. Bunun sayəsində də şagirdlər nəinki onlara tədris olunan məzmunları mənimsəməli, özləri də sərbəst olaraq yeni informasiya istehsalına malik olmalıdırlar. Hesab olunur ki, əksər müəllimlər üçün bu yanaşma olduqca cəsarətli görünə bilər. Ona görə də müəllimlərin belə təlim bacarıqlarına yiyələnməsi, bu yanaşmaları mənimsəməsi xeyli zaman tələb edəcək. Bunun daha səmərəli və zamanında tətbiqi isə dövlət qurumlarından, kadrların inkişaf etdirilməsi və müəllim hazırlığı müəssisələrindən, eləcə də təhsil müəssisələrinin rəhbərlərindən birgə fəaliyyət, ümumi səy tələb edir. Ona görə də UNESKO təlimatları müxtəlif orqanlar tərəfindən təhsil siyasətinin formalaşmasında istifadə edilə bilər. Belə ki, bu təlimatlar peşəkar müəllim hazırlığında əsas təlim materiallarını təyin edir. Tövsiyələr sertifikatlaşdırma zamanı müəllimlərin lazımi peşəkarlıq səriştəsinin yoxlanmasına, təhsil müəssisələrində informasiyalaşdırma zamanı kadrların ixtisaslarının yüksəldilməsində təlim proqramları kimi xidmət edə bilər. Bundan başqa, mövcud sənəd xüsusilə inkişaf etməkdə olan ölkələrdə müəllimlərin hazırlığı, onların işinin daha da təkmilləşdirilməsi və bu ölkələrdə tələbələrin cəmiyyətin layiqli üzvləri kimi yetişdirilməsində yardımçı ola bilər.
İnformasiya-kommunikasiya texnologiyaları – problemlərin açarı
Ümumiyyətlə, bu gün UNESKO və BMT-nin təhsil siyasəti özündə bir çox vacib amilləri birləşdirir. Belə ki, təhsil cəmiyyətin əsas dəyərlərini təmin etməli, bu dəyərlərin transferinə, mədəni irsin, uşaq, gənclər və böyüklərin inkişafına, demokratiyaya dəstəyə, cəmiyyətin inkişafında vətəndaşların rolunun gücləndirilməsinə xidmət etməlidir. Təhsil cəmiyyətin əsas aparıcı qüvvəsi olmaqla, ölkələr, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırılmasına, münaqişələrin sülh yolu ilə həllinə, cəmiyyətin bütün üzvlərinin fiziki və mənəvi təkmilləşdirilməsinə, iqtisadi inkişafa dəstək olmaqla, yoxsulluğun azaldılması və həyat səviyyəsinin yüksəlməsinə burbaşa təsir etməlidir. Gələcək planlara və məqsədlərə nail olunmasında təhsilin əsas resurs olduğunu vurğulayan təşkilatlar İKT-ni iqtisadi inkişafın qarşısını kəsən problemlərin həllində əsas açar kimi görürlər.
UNESKO da İKT əsaslı təhsil islahatlarını iqtisadi artımla bağlayır
Bu baxımdan, UNESKO-nun hazırladığı tələblər İKT-dən istifadə vasitəsilə təhsil islahatlarını iqtisadi artımla bağlayır. Beynəlxalq təşkilatın sözügedən tövsiyələrinə görə, informasiya kommunikasiya texnologiyaları təhsilin keyfiyyətinə təsir etməklə, iqtisadi inkişafın katalizatoru ola bilərlər. Hesab edilir ki, dinindən, dilindən asılı olmadan bütün vətəndaşların təhsilə əlçatanlığı ümumi və davamlı iqtisadi inkişafa gətirib çıxara bilər. Bu səbəbdən də, “İKT-nin təhsilə tətbiqi” yanaşması daha böyük əhali qrupunun texnologiyalardan istifadəsini və onlar arasında texnoloji savadlılığın artırılmasını şərtləndirir.
Bəs Azərbaycandakı tədqiqatlar nə göstərir?
Amma bu gün dünyanın əksər ölkələrinin təhsil sistemində informasiya texnologiyalarının tətbiqi xeyli yeniliklərə yol açsa da, ölkələr məktəblərin informasiyalaşdırılmasında həlli çətin problemlərlə qarşılaşmaqda da davam edir. Bu problemlər adətən texnologiyaların sürətli inkişafı ilə ayaqlaşmamaq, yetərsiz maliyyə investisiyaları, İKT-nin təhsilə transformasiyasında müəllimlərin rolunun hiss olunmaması zamanı üzə çıxır. Bəs Azərbaycandakı tədqiqatlar nə göstərir? Təhsil Problemləri İnstitutu 2012-ci ildə Təhsil Nazirliyinin sifarişi ilə “Təlim prosesində yeni pedaqoji və İKT texnologiyalardan istifadənin elmi əsasları və təlimin keyfiyyətinə onların təsiri” mövzusunda tədqiqat aparıb. Tədqiqat respublikanın 7 bölgəsində (şimal, aran, cənub olmaqla 2 şəhər – Sumqayıt və Mingəçevir, 5 rayon – Quba, Qusar, Xaçmaz, Ucar, Cəlilabad məktəbləri) olmaqla 42 tam orta (11 şəhər, 16 rayon mərkəzində yerləşən və rayonların 15 kənd məktəbində) məktəbdə aparılıb. Tədqiqat aparılan 42 məktəb 50 kompüter kabineti, 655 kompüter dəsti ilə təchiz edilib, müxtəlif fənlər üzrə 82 dərs dinlənilib (dinlənilən dərslərdən 52-si yeni pedaqoji texnologiyaların tətbiqi ilə, 30-u isə ənənəvi metodlarla tədris edilib), 66 açıq dərsin icmalı və 24 video icmal təhlil edilib. Araşdırmalar zamanı müəyyənləşib ki, I yarım ildə 18 məktəbin keyfiyyət göstəricisi 50%-dən aşağı, 24 məktəbin keyfiyyət göstəricisi 50%-dən yuxarı olub. Beləliklə, müvəffəqiyyət 2 məktəbdə 70%-dən aşağı, 6 məktəbdə 70-90% arasında, 34 məktəbdə isə 90%-dan yuxarı olub.
İnnovativ metodlardan ən çox istifadə edən qadınlardır
Tədqiqatın maraqlı məqamı innovativ metodlarla bağlıdır. Belə ki, innovativ metodlardan ən çox istifadə edən qadınlardır, xüsusilə, ibtidai siniflərdə çalışanlar. Həmçinin, yaşı 25-55 və pedaqoji iş stajı 5-25 il olan müəllimlər yeni metod, üsul və fəaliyyət növlərindən tez-tez istifadə edirlər. Araşdırma yekunu olaraq, hər bir pedaqoji texnologiya müəyyən elmi-fəlsəfi, psixoloji, didaktik və sosial-pedaqoji konsepsiyaya əsaslanmalı, müvafiq pedaqoji proses konkret bir məqsəd əsasında elmi-metodik səviyyədə layihələşdirilməlidir. Bunun üçün müəllim və şagirdin konkret fəaliyyəti dəqiq proqnozlaşdırılmalı və texnologiyanın məzmunu ilə professional hissə bir birinə adekvat olmalıdır. Təlim texnologiyalarından istifadə onun müxtəlif növləri – problemli təlim, proqramlı təlim, işgüzar oyunlar, modul təlim, kompüter təlimi və s. bunların hamısı təlim texnologiyalarının formaları kimi təhlil edilməlidir.
İnformasiya vasitələrindən fəal istifadə edən şagird dərsdə maraqlı olanları görmək istəyir
Yeni pedaqoji texnologiyalardan istifadə edən müəllimin novatorluğu, onun yenilikçi kimi dünya təcrübəsindən istifadə edərək, yeni tədris metodları, dərs tiplərini müəyyənləşdirməsi təhsildə inkişaf üçün geniş imkanlar yarada bilər: “Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır. Fəal təlim müəyyən olunan komponentlərlə şərtlənir. Bura fəal təlimin məzmunu, metodları, öyrədici mühit, qiymətləndirmə daxildir. Bu gün məktəbdənkənar mühitdə mövcud informasiya vasitələrindən fəal istifadə edən şagird dərsdə onlar üçün maraqlı olanları görmək istəyir. Bunun üçün müəllimin İKT-dən istifadə etmək bacarığı yüksək olmalı, həm də bu texniki təminatı lazımı materiallarla zənginləşdirməyi bacarmalıdır. Müəllim mövzuya uyğun resursları seçməlidir ki, bu resursların da rəngarəngliyi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan yaradacaqdır. Belə dərslərdə həmçinin digər texniki təminatların olması dərsin səmərəliliyini artırır”.
İnnovativ bacarıqların inkişafı üçün təklif - İKT-nin tətbiqi
Tədqiqatçıların təkliflərinə görə, Azərbaycanda İKT-nin tətbiqi innovativ bacarıqların inkişaf etdirilməsi üçün metod kimi təklif edilməlidir. Tədris-təlim prosesində rəqəmli texnologiyaların geniş istifadəsinə maneçilik törədən amillərin aradan qaldırılması üçün rəqəmli şəbəkə infrastrukturunun inkişaf etdirilməsinə, təhsil müəsissələrinin ölkədaxili internet şəbəkəsi ilə əhatə olunmasına və sürətli internet əlaqəsi ilə təmin edilməsinə şərait yaradılmalıdır. Multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlənilməsi, yayılması və təhsil prosesinə tətbiq olunması sürətləndirilməli, şagirdlərin İKT-dən istifadə etmək bacarıqlarının yüksək səviyyədə olmasıı üçün texniki təminat lazımı materiallarla zənginləşdirməlidir və s. Təbii ki, təhsildə İKT-yə olan ümidlər və onunla bağlı planlar çoxdur. Gələcək illər üçün iqtisadi artımı planlaşdıran ölkəmiz bu hədəflərini “Azərbaycan -2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında da əks etdirib. Hədəflərə nail olmaq üçün isə UNESKO-nun da tövsiyə etdiyi kimi, təhsilin ilk pillələrindən başlamaq lazımdır. Təhsildə nail ola biləcəklərimizə gəlincə, qarşımızda yeni ümidlərlə dolu növbəti tədris ili başlayır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL