waplog

Azərbaycanda şagirdlər tədris üçün zəruri materialları “Təhsil buludu”ndan istifadə etməklə yükləyəcəklər


Yaxın illər ərzində Azərbaycanda da tədricən fərdi kompüterlər və ya planşetlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında “Bulud” texnologiyalara keçidi tezləşdirəcək. Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni “Təhsil Buludu”ndan istifadə etməklə fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər. Bu barədə məlumatı Təhsil Nazirliyi verib.
 
Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2004-cü il tarixli 355 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin 2005–2007-ci illər üzrə informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” çərçivəsində Azərbaycan tarixi fənni üzrə 20 adda 37900 nüsxə elektron vəsait, kimya fənni üzrə 8 adda 15160 nüsxə elektron vəsait, biologiya fənni üzrə 12 adda 22740 nüsxə elektron vəsait və fizika fənni üzrə 3 adda 10200 nüsxə elektron vəsaitləri hazırlanıb.
 
Elektron təhsil texnologiyalarının tətbiqinin artırılması üzrə fəaliyyətlər çərçivəsində elektron vəsaitlərin işlənilməsi genişlənib, elektron təhsil (e-learning) resursları bazasının əsası qoyulub. Distant təhsilin inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilib, vahid təhsil portalı yaradılıb və ölkədə interaktiv tədris imkanlarından daha geniş istifadə olunması dəstəklənib. Hazırda Milli Təhsil Portalında (www.edu.az) 8 fənn üzrə 122 resurs mövcuddur.
 
 Bunlara fizika, kimya, biologiya, ədəbiyyat, musiqi və riyaziyyat üçün hazırlanmış dərslər daxildir. Eyni zamanda portalda “Azərbaycan epistolyar irsi”, Üzeyir Hacıbəyovun “Virtual muzeyi”, “Azərbaycan tarixinin canlı səsləri”, “Language learning inserts”, “Learning English” kimi elektron resurslarda yerləşdirilib. Bu siyahıya ibtidai siniflər üçün hazırlanmış “İnfoko” resurslarını da misal göstərmək olar.
 
Elektron resursların keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron tədris resurslarının qiymətləndirilməsi Şurası yaradılıb.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL