waplog

Nazir MSK-da yaradılan Veb-kameralara texniki nəzarət mərkəzinin fəaliyyəti ilə tanış olub


Bu gün Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Mərkəzi Seçki Komissiyasının ( MSK) sədri Məzahir Pənahov MSK-da yaradılan Veb-kameralara texniki nəzarət mərkəzinin fəaliyyəti ilə tanış olublar. Onlara nəzarət mərkəzi haqqında ətraflı məlumat verilib.
 
Bildirilib ki, hər seçki ilində seçki proseslərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi daha da genişləndirilib. Belə ki,  1998-ci ildə prezident seçkilərində bir sıra məntəqələr rabitə ilə təmin edilib, 2003-cü ilin prezident seçkilərində isə əksər məntəqələrə telefon xətləri çəkilib, telefon xətləri çəkilməyən məntəqələrdəki məlumatlar mobil telefon vasitəsilə ötürülüb.
 
2008-ci ildə isə bütün seçki məntəqələri telefonlaşdırılıb. Bununla yanaşı, internet üzərindən görüntülü müşahidə aparmaq üçün 500 veb-kamera quraşdırılıb. Builki prezident seçkiləri üçün isə 125 dairənin hamısına optik kabel çəkilib və  keyfiyyətli görüntü əldə edilib. Üstəlik, veb-kameraların sayı 500-dən 1000-ə qədər artırılıb.
 
Qeyd edilib ki, sözügedən kameralar tam yeni  texnologiya əsasında işləyir və onların hamısı həmişəlik olaraq məntəqələrdə qalacaq. Bundan başqa, bildirilib ki, hər bir insan, eləcə də maraqlı təşkilatlar Azərbaycanda keçirilən prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə (www.msk.gov.az) daxil ola bilər. Həmçinin, seçki prosesini "Elektron hökumət" portalı (e-gov.az) vasitəsilə də izləmək mümkündür.
 
Seçki günü saytların tam fəaliyyətini təmin etmək və hər hansı bir haker hücumlarından mühafizə edilməsi üçün tədbirlər həyata keçirilib.
 
Əlavə edilib ki, dairə və məntəqələrin internetlə tam təmin olunması və hər hansı bir problemin ortaya çıxmaması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi oktyabrın 1-dən 13-nə kimi gücləndirilmiş iş rejimində işləyəcək.
 
Bununla yanaşı, TV və radionun əhəmiyyətli rolu nəzərə alınaraq RİTN tərəfindən xüsusi rejim yaradılıb. Poçt sistemi isə seçki gününün qeyri-iş günü olmasına baxmayaraq nəticələr elan olunana qədər fəaliyyətdə olacaq. Çünki ola bilər ki, hansısa məntəqənin nəticələrinin poçt vasitəsilə göndərilməsinə ehtiyac duyulsun.
 
 
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, "Ölkədə informasiya kommunikasiya texnologiyaların  inkişafına dair Tədbirlər Planı"na  uyğun olaraq, MSK-da da müasir İKT sisteminin tətbiqi genişləndirilib. Səsvermə günü seçki məntəqələrində prosesə nəzarət etmək üçün quraşdırılmış veb-kameralara nəzarət sistemi müasir texnologiyalarla təmin edilib və tam hazır vəziyyətdədir.
 
 Nazir bildirib ki, məntəqələrə quraşdırılan kameraların köməkliyi ilə seçki prosesi həm qeyd edilərək saxlanılacaq, həm də onlayn formada yayımlanacaq: «İKT-nin geniş istifadəsi seçkilərin şəffaflığını bir daha göstərir. Azərbaycanda seçki prosesi dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsində həyata keçirilir».
 
 
MSK sədri Məzahir Pənahov  deyib ki, seçki prosesində İKT-nin geniş tətbiqi istiqamətində RİTN lazımi dəstəyi göstərib.
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL