1-ci Milli Tərcümə Forumunda İKT-nin tərcümə sahəsində tətbiqi müzakirə ediləcək
30 sentyabr 2013-cü il tarixində “Park İnn Hotel”də (09:30-16:30). Azərbaycan Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 1-ci Milli Tərcümə Forumu keçiriləcək. Bu barədə Azərbaycan Gəncləri Tərcüməçilər Assosiasiyasından (AGTA) məlumat verilib.
AGTA-dan qeyd edilib ki, Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, qloballaşma şəraitində dilimizin zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılması, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsi və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etmək məqsədilə 9 aprel 2013-cü il tarixdə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının imzalanması dilçilik məsələlərinin aktuallığını bir daha üzə çıxarıb və bu istiqamətdə müvafiq işlərin aparılmasının əsası qoyulub. Azərbaycan dilinin saflığının qorunması və inkişafı AGTA-nın yaradıldığı andan etibarən prioritet istiqamətlərdən biri olmuşdur.
“Azərbaycanda tərcümə – dünən, bu gün və sabah: çağırışlar və perspektivlər” mövzusunda 1-ci Milli Tərcümə Forumunun keçirilməsi də bu ümumi məqsədə xidmət edir.
Qeyd edək ki, 30 oktyabr 2012-ci ildə AGTA-nın 55 ölkədən 80 mindən yuxarı tərcüməçini bir araya gətirən və bu il 60 illiyini qeyd edən Beynəlxalq Tərcüməçilər Federasiyasına qəbul edilməsi ilə Azərbaycan tamamilə yeni bir şəbəkəyə qoşulmuş oldu. Şəbəkənin fəal üzvlərindən olan AGTA bu il dünyadakı bütün tərcümə assosiasiyaları ilə paralel olaraq, ölkəmizdə Beynəlxalq Tərcümə Gününün qeyd olunması üçün silsilə tədbirlər keçirir. 30 sentyabr – Beynəlxalq Tərcümə Günündə ilk Tərcümə Forumunun keçirilməsi ölkəmizdə tərcümə sənətinin yeni bir mərhələyə keçidindən xəbər verir.
Forumun məqsədi həm də beynəlxalq tərcümə şəbəkəsinin bir hissəsi kimi Azərbaycanda Beynəlxalq Tərcümə Gününü qeyd etməkdir. 200 nəfərə yaxın tərcüməçi, dilçi, yazar və digərlərini bir araya gətirəcək forum “XXI əsrin tərcümə texnologiyaları. Tərcümə və İKT”, “Azərbaycan dili bu gün” və “Azərbaycanda tərcümə sənəti: problemlər və perspektivlər” mövzusunda sessiyalardan ibarət olacaq və müvafiq olaraq, İKT-nin tərcümə sahəsində tətbiqi, Azərbaycan dilinin cari məsələləri və tərcümə məsələləri müzakirə ediləcək.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL